Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 06:53

AXCP fəalı məhkum edildi


Səid Məmmədzadə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadə 3 il 6 ay azadlıqdan məhrum edilib. Aprelin 28-də Xətai rayon Məhkəməsində onun haqqında hökm çıxarılıb. Hökmə əsasən, AXCP fəalı CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. İddia olunur ki, Məmmədzadə avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxslə mübahisə edib, ona bıçaqla xəsarət yetirib.

"Sadəcə, məni təxribata çəkə bilməyib"

Hökmdən öncə son sözünü deyən AXCP fəalı ittihamın saxta olduğunu, ona böhtan atıldığını bildirib. Onun sözlərinə görə, zərərçəkmiş qismində tanınan şəxsə nəinki bıçaqla xəsarət yetirməyib, ümumiyyətlə, ona əli dəyməyib: "Onunla uzaq məsafədən mübahisəmiz olub. Söyüş söyüb, mən də etiraz etmişəm, vəssalam. Sonradan hadisəni analiz edəndə başa düşürəm ki, ora elə mənim həbsimə nail olmaq üçün təxribat məqsədilə gəlibmiş. Sadəcə, məni təxribata çəkə bilməyib".

Məcidovu əvvəllər tanımadığını vurğulayan Məmmədzadə son sözündə sifarişlə ona qarşı ssenari hazırlandığını deyib və məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Vəkil Elçin Sadıqov hadisə vaxtı avtoyuma məntəqəsindəki kameraların görüntülərini həm istintaqa, həm də məhkəməyə təqdim edib. Vəkil müdafiə çıxışında bildirib ki, cinayət işində təsvir edilən bıçaqlanma hadisəsi, ümumiyyətlə, baş verməyib.

Prokuror AXCP fəalına 4 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif etmişdi. Zərərçəkmiş Məcidov da bu təkliflə razı olduğunu bildirmişdi.

Xatırlatma

Məmmədzadə 2020-ci ilin mayında həbs edilib, iyulda isə ev dustaqlığına buraxılmışdı. O, aprelin 28-də hökm elan ediləndə məhkəmə zalında həbs olunub.

Səid Bakuvi kimi tanınan idmançı həm də AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. O, sosial media hesablarında zaman-zaman Azərbaycan hökumətinin fəaliyyətini tənqid edən fikirlər paylaşırdı.

AXCP Məmmədzadənin həbsini partiya üzvlərinə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

Rəsmilər isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını, həbsdə olan siyasi fəalların konkret cinayət əməllərinə görə cəzalandırıldığını bəyan edir.

XS
SM
MD
LG