Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:16

Minaya düşüb ölən və yaralananlar var


Qarabağda minalardan təmizlənmiş ərazi

Bugün, aprelin 26-da Ağcabədi rayonun 3 sakininin (onlardan ikisi qardaşdır) nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərərkən minaya düşdükləri bildirilir.

Partlayış nəticəsində bir nəfərin hadisə yerində öldüyü, qalan iki qardaşın isə müxtəlif dərəcəli bədən xəsarətlərilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi qeyd edilir.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin məlumatında yazılıb.

Məlumatda qeyd edilir ki, hadisə yerində prosessual istintaq-əməliyyat tədbirləri aparılıb, ekspertlərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilib:

“Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma)... və digər maddələri ilə cinayət işi başlanıb”.

Bundan əvvəl saxlanıbmış

Açıqlamaya görə, mərhum bundan əvvəl hələ bu il martın 30-da işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən saxlanıb və Ağdam Rayon Məhkəməsinin qərarı ilə 16 sutka inzibati qaydada həbs də edilib.

Hələlik, açıqlamaya, minaya düşən şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Rəsmi qurumların açıqlamasına görə, ötən ilin 10 noyabr sazişindən bəri minaya düşmə səbəbindən Azərbaycanın 20-dən çox vətəndaşı həlak olub, 90-a qədəri isə müxtəlif xəsarətlər alıb. Onların arasında hərbi qulluqçuların olduğu da vurğulanır.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibədə Azərbaycanın 2900-a qədər hərbi qulluqçusunun həlak olduğu açıqlanıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

XS
SM
MD
LG