Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Hindistana süni nəfəs aparatları göndərəcəklər


Hindistanda koronavirusdan ölənlər kremasiya olunur
Hindistanda koronavirusdan ölənlər kremasiya olunur

Sosial media postlarında müalicə ala bilmədən vəfat edənlərin göz yaşı tökən yaxınları əks olunur

Britaniya, Birləşmiş Ştatlar və Almaniya gündəlik rekord yoluxmalar aşkarlanan Hindistana tibbi avadanlıq göndərməyə boyun olublar.

Aprelin 25-də ölkədə 349 min 691 yoluxma qeydə alınıb ki, bu da artıq dördüncü gündür rekord göstəricidir.

Xəstəxanalar oksigenə ehtiyacı olan xəstələri qəbul edə bilmirlər. Sosial media postlarında müalicə ala bilmədən vəfat edənlərin göz yaşı tökən yaxınları əks olunur. Məzarlıqlar, krematorilər dolub.

Britaniya, Birləşmiş Ştatlar, Almaniya və Avropa Birliyi ölkəyə süni nəfəs aparatları və oksigen balonları daxil olmaqla tibbi yardım göstərməyə boyun olub.

Həmrəylik

Britaniya Xarici İşlər Nazirliyi artıq aprelin 27-də 140-dək süni nəfəs aparatı, 500-ə yaxın oksigen balonu göndərməyi vəd edib.

“COVID-19-la mübarizəsinin bu narahatedici dönəmində dostumuz və tərəfdaşımız Hindistanın yanındayıq”, – Britaniyanın Baş naziri Boris Conson bəyanatında deyib.

Birləşmiş Ştatlar isə COVID-19 vaksinləri hazırlamaq üçün gərəkən materialları, test komplektləri, şəxsi qoruyucu ləvazimat göndərəcək, milli təhlükəsizlik müşaviri Ceyk Salivan deyib.

“Pandemiyanın erkən dönəmində Hindistan Birləşmiş Ştatlara yardım göndərdiyi kimi ABŞ da ehtiyacı olduğu vaxtda Hindistana kömək etməyə hazırdır”, – o deyib.

Almaniyanın Kansleri Angela Merkelin sözlərinə görə, “pandemiyaya qarşı mübarizə bizim ümumi savaşımızdır”. O bəyanatında qeyd edib ki, Almaniya Hindistanla həmrəydir və “təcili olaraq dəstək missiyası hazırlayır”.

Avropa Komissiyası Dehlidən rəsmi müraciət aldığını, oksigen və dərman göndərəcəyini bəyan edib. Komissiyanın başçısı Ursula von der Leyen vəziyyətdən narahat olduğunu vurğulayıb.

“Avropa Birliyi Hindistanın yardım üçün xahişinə tezliklə cavab verməkdən ötrü resurs yığır. Hindistan xalqı ilə tam həmrəyik!” – von der Leyen Twitter-də yazıb.

Avropa

Avropaya gəlincə, İtaliya aprelin 26-da qismən açılıma gedir. Barlara və restoranlara açıq havada xidmətə icazə veriləcək. Gecə saat 10-da isə komendant saatı başlanır.

Kinoteatrlar, teatrlar, konsert zalları da tutumun 50 faizi həcminə fəaliyyət göstərə biləcək. iyulun 1-dək üzgüçülük hovuzlarının, idman zallarının, parkların açılacağı gözlənir.

Region hökumətləri, küçə etirazlarına çıxanlar Baş nazir Mario Dragidən qadağaları yüngülləşdirməyi tələb edirlər. İtaliya 2-ci Dünya müharibəsindən sonra ən ağır resessiya dövrünü yaşayır.

İtaliya Avropada pandemiya başlanan ilk ölkə olub, hələ də ən böyük zərbə görənlərdəndir. Gündəlik ölüm sayı 300-dən çoxdur. Ümumilikdə isə İtaliyada koronavirusdan 119 mindən çox insan dünyasını dəyişib.

Slovakiyada oktyabrın 1-dən qüvvədə olan fövqəladə vəziyyətin uzadılacağı gözlənir. Dörd aylıq lokdaundan sonra aprelin 26-da bir çox mağaza və bizneslərə yenidən açılmağa icazə veriləcək. Maska taxmaq, müştəri və işçilərin məcburi testdən keçməsi qaydaları qüvvədə qalır.

Slovakiyada koronavirusa 380 minə yaxın yoluxma, 11 min 495 ölüm qeydə alınıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG