Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:31

'Balam 50 gündür acdır, ay prezident...'


Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında aksiya. 20 aprel 2021
Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında aksiya. 20 aprel 2021

Terrora dəstək, İŞİD-ə yardım kimi əməllərdə suçlanaraq həbs olunan 11 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsində bir ilə yaxındır davam edən mühakiməsi yekunlaşmaq üzrədir. Aprelin 20-də bu iş üzrə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Aprelin 27-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror onlara cəza istəyəcək.

Amma təqsirləndirilən şəxslər də, onların vəkilləri də məhkəmə istintaqının başa çatmasından narazıdır. Hesab edirlər ki, məhkəmə formal keçirildi, həqiqətin üzə çıxarılması üçün lazım olan addımları atmadı. Məsələn, cinayət işinin materiallarında təqsirləndirilən şəxslərin əleyhinə ifadələri olan hal şahidləri var. Ötən məhkəmə iclasında vəkillər o şahidlərin məhkəməyə məcburi gətirilib dindirilməsi barədə vəsatət qaldırmışdı. Hakimlər də vəsatəti təmin etmişdi. Aprelin 20-də isə hakim Səbuhi Hüseynov bildirdi ki, nə sözügedən şahidlər gəlib, nə də onların niyə gəlməməsi haqda polis orqanlarından arayış var. Ona görə də bu şahidlərin ifadələri elan edilmiş sayılır. Vəkillər buna etiraz etsələr də, nəticəsi olmadı.

Cinayət işində Tural adlı şəxsdən bəhs olunur. İddia edilir ki, onun təqsirləndirilən şəxslərdən bir neçəsi ilə münasibəti olub və nəticədə onların İŞİD-lə əlaqələrindən xəbər tutub. Xeyli vaxtdır ki, müdafiə tərəfi Tural adlı şəxsin müəyyənləşdirilib məhkəməyə çağrılmasını tələb edir.

Məlumatın DTX-ya verilməsinə də "yox" deyilib

Vəkillər özləri onun kimliyini müəyyənləşdirib, fotosunu əldə ediblər. Məlum olub ki, o, əslində, Xaçmaz sakini İmran Vəlibəyovdur. Vəkillər onun məhkəmədə dindirilməsi haqda vəsatət qaldırsa da, Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bunu da təmin etməyib.

Cinayət işinin materiallarında iddia olunur ki, bu işin istintaqını aparmış Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Tural adlı şəxsi axtarışa verib. Bu üzdən vəkillər məsələ qaldırıb ki, onların əldə etdiyi məlumat və fotoşəkil haqda, heç olmasa, DTX-ya məlumat verilsin. Məhkəmə buna da "yox" deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında aksiya. 20 aprel 2021
Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında aksiya. 20 aprel 2021

Ardınca məhkəmə istintaqının başa çatdığı elan edilib və çıxış üçün prokurora söz verilib. Amma dövlət ittihamçısı bir həftə vaxt istəyib.

Təqsirləndirilən 11 nəfərdən üçü – Babək Məmmədli, Amin Həsənov Samir Qurbanov martın 2-dən başladıqları aclıq aksiyasını davam etdirdiklərini bildiriblər. Onların dediyinə görə, istintaq təcridxanasında mütəmadi həkim nəzarətində saxlanılırlar, vəziyyətləri pisləşəndə tibbi müdaxilə olunur: "Bu gecə də vəziyyətimiz pisləşmişdi, sistem köçürdülər, nisbətən babat olduq. Təzyiqimiz çox aşağı düşür. Hər birimiz 20 kiloqrama yaxın arıqlamışıq...".

"Məhkəmə deyil, şoudur"

Məhkəmə iclası başa çatandan sonra təqsirləndirilən şəxslərin ailə üzvləri öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında aksiya keçiriblər. Onlar əllərində təqsirləndirilən şəxslərin şəkilləri və onların 49 gündür aclıq etməsi yazılan plakatlar qaldırarkən polislər müdaxilə edib.

"Məhkəmə deyil, şoudur. Heç bir sübut olmadan balama "terrorçu", "İŞİD-çi" damğası vururlar. Balam da etiraz edir, 50 günə yaxındır aclıq edir. Bunu Allah götürməz axı. Bir vəzifədən ötrü insan necə vicdanını satar? Niyə obyektiv araşdırmırlar? Araşdırsınlar, balamın günahı olsa, demərəm ki, niyə cəzalandırıldı. Amma araşdırmırlar. Çünki bilirlər ki, quramadır", – Babək Məmmədlinin anası Esmira Məmmədova bildirib.

Daha sonra onlar Prezident Administrasiyasının qarşısına gediblər. Administrasiyanın yaxınlığında – İstiqlaliyyət küçəsində polislər onların qarşısını kəsib. Bu da valideynlərin narazılığına səbəb olub.

"Prezident, vitse-prezident vətəndaşı dinləməlidir. Mən sözümü deməyə gəlmişəm. Niyə imkan vermirsiniz? Mənim balam 50 gündür acdır, ay prezident... Sənin ədalətsiz məmurlarına, hakimlərinə görə...", - Esmira Məmmədli belə deyib.

"Bizim problemimizi həll edən olsaydı..."

Təqsirləndirilən Samir Qurbanovun həyat yoldaşı Kəmalə İbadova onların qarşısını kəsərək güc tətbiq edən polislərə etiraz edib: "Bizim problemimizi həll edən olsaydı, ədalət axtarmaq üçün bura gəlməzdik. Sizə ayıb olsun ki, ananız, bacınız yerində olan qadınlara gücünüzü göstərirsiniz...".

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslər 2019-cu ilin may-iyun aylarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunub. Təqsirləndirilən 11 nəfərdən səkkizi Tovuz rayonundandır. Onlar terrorçuluq, dini zəmində ekstremist hərəkətlər, qadağan olunmuş ədəbiyyat hazırlama, əldə etmə kimi əməllərdə suçlanır. Cinayət Məcəlləsində bu ittihamlara görə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir. İddia edirlər ki, terrorçuluğa qarşı mübarizə görüntüsü yaratmaq üçün onları qurban seçiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG