Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:34

İcra başçısına sui-qəsddə suçlananlardan ikisinin aclıq etdiyi deyilir


"Gəncə işi"
"Gəncə işi"

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanaraq mühakimə olunan on nəfərdən ikisinin – Firudin ZeynalovMahir Əzizovun aclıq etdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna onların yaxınları məlumat verib: "Firudin Zeynalov aprelin 13-dən, Mahir Əzizov isə aprelin 16-dan aclıq edir. Prokurorun məhkəmədə çıxış edib Yunis Səfərova ömürlük, qalan doqquz nəfərə 18-20 il cəza istəməsindən bir gün sonra hamısı aclığa başlamışdı. Amma Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov onları fikrindən daşındırdı ki, bu, son nəticə deyil, hökmü gözləsinlər. Onlar da inandılar. Lakin sonradan Mahir Əzizovla Firudin Zeynalov aclıq qərarı verib".

Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb

Zeynalov həmçinin, yaxınları vasitəsilə ictimaiyyətə müraciət edərək günahsız həbs olunduğunu bildirib. Onun sözlərinə görə, Gəncədə icra başçısına qarşı sui-qəsd baş verəndə o, xeyli müddət idi ki, həbsdəydi. Zeynalovun fikrincə, onun da bu işə qoşulmasının səbəbi həmin olaydan öncə xalqa Ramazan bayramı təbrikində yazdıqları olub: "Yazmışdım ki, xalqa diktatura rejimi üzərində tezliklə qələbə arzulayıram...".

Məhkəmədə prokuror Əzizova 20, Zeynalova isə 19 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib. Aprelin 20-də icra başçısına sui-qəsd olayı ilə bağlı məhkəmədə vəkillər çıxış etməli, ardınca təqsirləndirilən şəxslər son sözlərini deməliydilər. Lakin məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Səbəb isə məhkəmə tərkibinə daxil olan hakimlərdən birinin koronavirusa yoluxmasıdır.

Penitensiar Xidmət bundan öncə "Gəncə işi" üzrə həbsdə olanların aclıq etməsi haqda deyilənləri təkzib etmişdi.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir. Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs olunanlar həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG