Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:20

Rəsulzadənin rəsmini çəkən rəssamın yenə cəzalandırılması tələb olunur


Pərnisə Əsgərova
Pərnisə Əsgərova

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin portretini çəkən rəssam Pərnisə Əsgərovanın (Pəri Miniatür) cinayət məsuliyyətinə cəlb olunması üçün yenə xüsusi ittiham qaydasında iddia qaldırılıb. Bu dəfə də xüsusi ittihamçı onun dörd il rəsm müəllimi kimi çalışdığı Bakı Atatürk Liseyinin rəhbərliyidir. Liseyin direktoru Eylem Gültekin rəssamın CM-in 147.1 (böhtan) maddəsi ilə cəzalandırılmasını tələb edir.

"Heç gedib sənədlərimi də götürməmişəm..."

Bu il fevralın 26-da Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirov Gültekinin eyniməzmunlu iddiasını icraata götürüb baxmaqdan imtina etmişdi. Qərardadda da göstərilib ki, bu işə Yasamal rayon Məhkəməsində baxmaq üçün əsas yoxdur. Bundan sonra lisey rəhbərliyi Miniatürün qeydiyyatı üzrə Naxçıvan Muxtar Respublikasında xüsusi ittiham qaydasında iddia qaldırıb. Aprelin 21-də Naxçıvan MR Kəngərli rayon Məhkəməsində sözügedən iddia üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Bu işi araşdırmaq hakim Zülfüqar Əhmədova həvalə olunub.

Miniatür AzadlıqRadiosuna bildirib ki, iki gün əvvəl məhkəmədən telefon vasitəsilə bildiriş alıb və ona qarşı yenidən iddia qaldırılmasından xəbər tutub. Hazırda Bakıda olduğunu və həm özünün, həm də anasının səhhətində ciddi problemlər olduğunu deyən rəssam bu üzdən məhkəmə iclasında iştirak edib-etməyəcəyini dəqiq bilmir.

Miniatür əlavə edib ki, Bakı Atatürk Liseyi ilə üç aydır ki, yolları ayrılıb: "Fevralın 3-dən maaş almıram. Amma mən heç bir sənədə qol çəkməmişəm. Heç gedib sənədlərimi də götürməmişəm...".

Polis təqibi altında Rəsulzadənin portretini çəkəndən sonra...

İddia ərizəsində göstərilib ki, Miniatürün siyasi baxışlarına görə işlədiyi liseydə rəhbərliyin təzyiqi ilə üzləşməsi haqda müsahibələrində dedikləri, sosial mediada yazdıqları böhtandır. O bu haqda fikirləri ilə liseyin və bu quruma rəhbərlik edən şəxslərin nüfuzuna zərbə vurub.

Rəssam AzadlıqRadiosuna bildirmişdi ki, təzyiqlər 2020-ci il mayın 28-də - Respublika Günündə polis təqibi altında Rəsulzadənin portretini çəkməsi haqda videoklipin yayılmasından sonra başlanıb. Onun sözlərinə görə, təxminən bir həftə sonra lisey rəhbərliyindən siyasətdən kənar dayanmaq, hökumətə qarşı tənqidlərdən çəkinmək barədə xəbərdarlıq alıb: "Klip mayın 28-də yayıldı, məni iyunun 3-də məktəbə çağırdılar. Müdir yardımçısı Samir Turan bildirdi ki, hansısa məclisdə bizim başqana mənə görə xəbərdarlıq edilib. Belə başa düşdüm ki, kimsə yüksək vəzifəlilərdən olub. Deyilib ki, bu qadın işləyə bilməz, çıxarılsın. Düzü, istəmirdim dörd il işlədiyim yerə mənə görə problem yaradılsın. Ona görə bildirdim ki, ərizə yazıb çıxa bilərəm. Razı olmadılar. Amma dedilər ki, xəbərdarlıq edirlər, siyasətə qoşulmamalıyam, prezidentə, hökumətə qarşı heç nə yazmamalıyam".

Lisey təzyiq olmadığını deyirdi

Miniatürün sözlərinə görə, bu tələblərə boyun əymədiyi üçün təzyiqlər də kəskinləşib - maaşı 40 faiz azaldılıb, müəllim kimi fəaliyyətinə, qiymətləndirməsinə müdaxilə olunub. Onu zorla işdən çıxarmasalar da, mənəvi-psixoloji təzyiqlərlə uzaqlaşmağa məcbur ediblər.

Bakı Atatürk Liseyindən isə AzadlıqRadiosuna bu iddiaların əsassız olduğunu bildiriblər: "Bizim liseydə Rəsulzadəyə sayğı var, onun portretini çəkdiyinə görə kiməsə təzyiq edilməsi mümkün deyil...".

CM-in 147.1 maddəsində böhtana görə 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Eyni zamanda, alternativ 1500 manata qədər cərimə, 480 saata qədər ictimai işlər və ya 1 ilə qədər islah işləri də həmin maddənin sanksiyasında yer alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG