Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:07

Dövlətə xəyanətdə suçlanan partiya sədrinə 18 il həbs tələbi


İlham Əliyev

Azərbaycan İslam Partiyasının sədr əvəzi, həbsdə olan ilahiyyatçı İlham Əliyevin 18 il azadlıqdan məhrum edilməsi istənilib. Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib. Prokuror onunla birlikdə mühakimə olunan Mehman Rzayevə isə 18 il həbs cəzası verilməsini təklif edib.

Prokuror iddia edib ki, təqsirləndirilən şəxslərə verilən dövlətə xəyanət ittihamı – onların İranın xüsusi xidmət orqanlarına casusluq etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Təqsirləndirilənlər ittihamı qəbul etmirlər

Növbəti məhkəmə iclasında vəkillər çıxış edəcək, təqsirləndirilən şəxslər son sözlərini deyəcək, ardınca da hökm oxunacaq.

Təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir, xarici ölkəyə casusluq etmələri haqda cinayət işinin materiallarında yazılanların yalan olduğunu bildirirlər.

Bu iş üzrə dindirilən 30-dan artıq şahidin əksəriyyəti İslam Partiyasının ayrı-ayrı rayon təşkilatlarının üzvləri və rəhbərləri olub. Onlar, əsasən, partiyaya ayrılan maliyyə vəsaitləri haqda sualları cavablandırıblar.

Dövlətə xəyanət ittihamı üzrə cinayət işlərində bir çox hallarda dövlət sirri sayılan məlumatlardan bəhs edildiyinə görə bu cür işlərin məhkəmə araşdırması da ya tam, ya da qismən qapalı keçirilir.

Xatırlatma

Azərbaycan İslam Partiyası 1991-ci ildə təsis edilib, bir il sonra dövlət qeydiyyatından keçib. 1995-ci ildə partiyanın sədri Əlikram Əliyev casusluqda suçlanaraq həbs edilib, Ali Məhkəmə partiyanın qeydiyyatını da ləğv edib.

Daha sonra partiyanın sədri olan Mövsüm Səmədov da 2011-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. O, 12 il azadlıqdan məhrum edilib.

Onun həbsindən sonra birinci müavin İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb. Əliyev 2020-ci il fevralın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb və barəsində həbs qərarı verilib. O, hazırda da DTX-nın istintaq təcridxanasında saxlanılır.

XS
SM
MD
LG