Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 01:07

'Onların altı nəfəri artıq heç nə həll etmir'


MSK: "Sosial şəbəkələrdə 380-dən çox videogörüntü yayılıb"
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

MSK: "Sosial şəbəkələrdə 380-dən çox videogörüntü yayılıb" (2020)

Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin müddəti başa çatır. Qanuna görə, yeni tərkib təsdiqlənməlidir.

Seçki Məcəlləsinin 24-cü maddəsinə görə, MSK üzvlərini Milli Məclis seçir. Qurumun altı üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı (indilikdə Yeni Azərbaycan Partiyasını), altı üzvü parlamentdə təmsil olunan bitərəf deputatları, altı üzvü də Milli Məclisdə azlıqda olan partiyaları təmsil edir.

E.Nəsirov
E.Nəsirov

"Mövcud proporsiyanın olması həm də ədalətli prinsipdir"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyanın üzvü Elman Nəsirov "Turan"a bildirib ki, bu məsələlər hüquqi baxımından tənzimlənib: "Hər parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının tərkibi yenilənir və orada proporsional bölgü var. Mövcud proporsiyanın olması həm də ədalətli prinsipdir".

Hakim partiyanın nümayəndəsi qeyd edib ki, 2020-ci ildə parlament seçkiləri olub və bundan sonra MSK-nin tərkibində dəyişikliyin olması qanunvericiliyin tələbidir. "Onların səlahiyyət müddəti bitib və bu məsələlərə Milli Məclisin müvafiq plenar iclasında baxılacaq".

E.Nəsirov əlavə edib ki, ölkədə bütün sahələrdə islahatlar həyata keçirilir: "Cənab prezident 2018-ci ildə prezident seçkisindən sonra qeyd etdi ki, biz islahatların yeni mərhələsinə keçirik. Hazırda elə bir sahə yoxdur ki, onu islahatlar əhatə etməsin. Bu nöqteyi-nəzərdən, qanunvericilik orqanı da islahatlara məruz qalıb. Bu gün orada 11 siyasi partiya təmsil olunur. Eyni zamanda, parlamentin rəhbər qurumlarında böyük dəyişikliklər var. Həm vitse-spiker müxalifət nümayəndəsidir, həm də komitə sədrləri və sədr müavinləri səviyyəsində müxalifət partiyalarının nümayəndələri təmsil olunurlar. Ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşır, mövcud siyasi dialoq dərinləşməkdədir".

N.Cəfərli
N.Cəfərli

"Bu sistem özünü doğrultmur"

Parlamentdə bir deputatla təmsil olunan Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, mövcud sistem 2000-ci illərdə Venesiya Komissiyasının iştirakı ilə qəbul olunub: "Lakin bu sistem özünü doğrultmur. Seçki komissiyasının müstəqil nümayəndələri ilə YAP-ın nümayəndələri arasında elə bir ciddi fərq olmur və faktiki olaraq ilk andanca səs çoxluğu hakim partiya tərəfinə keçir. Nəticə etibarilə, hətta ehtimal etsək ki, yerdə qalan parlament təmsilçiləri ən kəskin müxalifət partiyalardır - halbuki indiki parlament tərkibi haqqında bunu demək olmur, - onların altı nəfəri artıq heç nə həll etmir".

REAL təmsilçisi hesab edir ki, gələcəkdə yeni seçki sisteminin yaradılması və proporsional seçkilərə keçiddən sonra nəticələrə hesablanmış komissiyaların formalaşdırılması daha doğru olardı: "Gələcəkdə əsas hədəflərdən biri proporsional seçki sisteminə keçid olmalıdır. O zaman "müstəqil deputatlar" anlayışı sıradan çıxacaq. Siyasətdə bitərəf olmaq mümkün deyil. Bu anlayış çıxarılsa, proporsional seçki sistemində qazanılan səslərə görə seçki komissiyalarının formalaşdırılması daha doğru yanaşma olar".

"Əsas məsələ seçki institutuna inamın olmasıdır"

Partiya təmsilçisi vurğulayıb ki, bəzi ölkələrdə seçki komissiyaları yoxdur və seçkiləri Daxili İşlər Nazirliyi keçirdir: "Əsas məsələ seçki institutuna inamın olmasıdır. Bu inamın olması, seçki prosesinə kənardan müdaxilələrin minimuma endirilməsi və nəticələrin hamı tərəfindən tanıması seçkilərin kimin tərəfindən həyata keçirilməsindən daha vacibdir".

A.Hacılı
A.Hacılı

"Seçki komissiyalarının paritet əsaslarda formalaşması..."

Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyir ki, partiya hələ uzun illər əvvəl seçki komissiyalarının paritet əsaslarda formalaşması təklifini irəli sürüb: "Bu təklif siyasi partiyalar və ictimai təşkilatlar tərəfindən ümumi mövqe kimi qəbul olundu. Sonra Venesiya Komissiyası da bu sistemi Azərbaycan hakimiyyətinə tövsiyə etdi".

Partiya sədrinin sözlərinə görə, "paritet əsaslarda" dedikdə, rəqabətdə olan tərəflərin paritet əsaslarla, eyni zamanda, namizədlərin müəyyən sayda təmsilçiliyi ilə komissiyaların formalaşdırılmasını təklif edirlər.

"...bütün saxta seçkilərdə yekdil qərar qəbul edir"

A.Hacılının fikrincə, Azərbaycan hakimiyyəti bütün məsələlərdə imitasiya ilə məşğul olduğu və demokratik seçkilərdən çəkindiyi üçün burada da gülünc sistem "kəşf" edib: "Azərbaycan parlamentində müxalifət, ümumiyyətlə, təmsil olunmur və seçki komissiyası tam şəkildə hakimiyyətin nəzarəti altında fəaliyyət göstərən bir qurumdur. Bu komissiya keçirilən bütün saxta seçkilərdə yekdil qərar qəbul edir".

Partiya rəhbəri vurğulayıb ki, hakimiyyət gerçək müxalifəti həm seçkilərdən, həm parlamentdən, həm də seçki komissiyalardan kənarda qoymaqla ölkədə saxta seçkilər keçirmək istəyir.

B.Süleymanlı
B.Süleymanlı

"Problem siyasi iradədədir"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda mövcud seçki sistemi işləmir və problem bununla bağlıdır: "Seçki komissiyaları uzun illərdir hakimiyyətin nəzarəti altında formalaşdırılır. Qanunda fərqli göstərilsə də, təəssüf ki, praktikada biz görürük ki, parlamentdə olan müxalifətin əksəriyyəti hakimiyyəti təmsil edir. Müstəqillər da həmçinin".

Ekspertin fikrincə, ona görə də həm MSK-nın, həm də alt komissiyaların fəaliyyəti həmişə qeyri-qənaətbəxş hesab olunur: "Bütün seçkilərdə onlar seçki nəticələrini dəstəkləyir, seçki zamanı baş verən pozuntular ilə bağlı təqdim olunmuş iddialar hökumətin istəyinə uyğun həll olunur".

B.Süleymanlı sual edir: "Qanunvericilik dəyişsə belə, kim təminat verə bilər ki, hakimiyyət yenə öz istəyinə uyğun komissiyaları formalaşdırmayacaq? Çünki problem siyasi iradədədir".

Amma hakimiyyət rəsmiləri və mövcud MSK rəhbərliyi tənqidləri qəbul etmirlər. Onların fikrincə, seçkilər sırf xalqın iradəsini ifadə edir və bütün şikayətlər də obyektiv araşdırılır. Komissiyalarda təmsil edilən bitərəflər də, bir qayda olaraq, vurğulayırlar ki, onlar qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərirlər.

XS
SM
MD
LG