Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:51

COVID-19-la qripin fərqi


Şimali Makedoniyada vaksinasiya məntəqəsi
Şimali Makedoniyada vaksinasiya məntəqəsi

“Lancet Psychiatry” dərgisində araşdırmaya görə, COVID-19 keçirmiş xəstələr daha çox belə pozuntuyla üzləşir, nəinki qrip, yaxud digər respirator infeksiyalara yoluxanlar

Avropa Birliyinin dərmanlar üzrə tənzimləyici orqanı gələn həftədən Rusiyada Sputnik V vaksininin klinik sınaqları üzrə araşdırmaya başlayacaq. Effektlilik və təhlükəsizliyə əmin olmaq üçün keçirilən sınaqlar zamanı “yaxşı klinik təcrübə”yə nə dərəcədə əməl olunduğu öyrəniləcək. Bu haqda “Financial Times” yazıb.

Qəzet Avropa Dərman Agentliyinin (EMA) işilə tanış mənbələrə istinadən yazır ki, qurum aprelin 6-da belə bir araşdırma prosesini təsdiqləyib. Sputnik V-nin sınaqları zamanı etik məsələlərdən dolayı narahatlıq var.

Vaksinin hazırlanmasını dəstəkləmiş Rusiya Birbaşa İnvestisiya Fondunun başçısı Kiril Dimitriyev deyib ki, “test iştirakçılarına təzyiq olmayıb və Sputnik V klinik qaydaların hamısına əməl edib”.

GCP standartlarına uyğunluq

Rusiyada kilinik sınaqların GCP standartlarına uyğun gəldiyi müəyyən edilərsə, bunun vaksinin EMA tərəfindən təsdiqlənməsinə təsiri ola bilər.

Rusiya Prezidenti Vladimir Putin vaksin yarışında birinci olmağa çalışaraq ötən ilin avqustunda Sputnik V-nin ölkədə qeydiyyatdan keçirildiyini açıqladı. Amma onda vaksin hələ əsas üçüncü sınaq mərhələsindən keçməmişdi.

Hazırda bu vaksindən Rusiyada və onlarla digər ölkələrdə istifadə olunur. Fevralda “The Lancet” dərgisi Sputnik V-nin “təhlükəsiz və effektli göründüyü” haqda rəy yaydı.

Ancaq bu vaksin hələlik və ABŞ-da, nə AB-də təsdiqlənib. AB üzvləri Macarıstan və Slovakiya artıq Rusiya vaksinini alıblar.

Bu arada AstraZeneca vaksininin uşaqlar üzərində sınağına fasilə verilib. Vaksinlə böyüklərdə nadir beyin trombu arasında əlaqə araşdırılır.

EMA-nın aprelin 6-da bildirməsinə görə, hələlik, bu bağlılığa dair elə bir qənaətə gəlməyib. Qurum həftəsonuna mətbuat üçün brifinq keçirəcəyini bildirib.

“Təhlükəsizlik problemi çıxmayıb”, amma...

Vaksinin hazırlanmasında iştirak etmiş Oksford Universiteti bəyanatında bildirib ki, sınaq zamanı “təhlükəsizlik problemi” çıxmayıb, amma Britaniyada uşaqlar üzərində sınağın dayandırıldığını açıqlayıb.

AstraZeneca vaksini vurulan şəxslərdən azı 30-da qan laxtalanması aşkarlanandan sonra bir sıra ölkələr bu vaksindən istifadəni dayandırdı. Amma Dünya Səhiyyə Təşkilatının (DST) məşvərətçi qrupu böyüklərə peyvənd vurulmasını davam etdirməyi məsləhət gördü.

İspaniyanın mərkəzi regionu da aprelin 7-də AstraZeneca-nın paylanmasını dayandırdığını bəyan edib.

Britaniya hazırda vaksinasiyaya görə dünyada öndə gedən ölkələr sırasındadır, əhalinin yarısına azı bir doza vaksin vurulub.

Birləşmiş Ştatlarda günə 3 milyon doza vaksin vurulduğu açıqlanıb. Prezident Co Bayden aprelin 6-da bildirib ki, iki həftəyə Amerikada böyüklərin hamısı peyvənd oluna biləcəklər.

Rekord göstəricilər, yeni araşdırma

Bu arada Braziliya, Hindistan, Türkiyə və Cənubi Koreyada koronavirusdan rekord ölüm və yoluxma qeydə alınmaqdadır.

Braziliya 337 minə yaxın ölümlə dünyada ABŞ-dan (556 min) sonra ikinci yerdədir.

Türkiyədə aprelin 6-da 49 mindən çox yoluxma, Cənubi Koreyada isə 668 yeni yoluxma aşkarlanıb. Türkiyə üçün bu pandemiya başlanandan, Cənubi Koreya üçün yanvardan rekord göstərici sayılır.

Əsasən amerikalılar olmaqla COVID-19-dan sağ çıxan 230 mindən çox pasiyenti əhatələyən araşdırmanın nəticələri açıqlanıb. Hər üç nəfərdən biri altı ay ərzində beyin, yaxud psixiatrik pozğunluq yaşayıbmış.

“Lancet Psychiatry” dərgisində araşdırmaya görə, COVID-19 keçirmiş xəstələr daha çox belə pozuntuyla üzləşir, nəinki qrip, yaxud digər respirator infeksiyalara yoluxanlar.

Tədqiqatçıların fikrincə, bu o deməkdir ki, pandemiya dünyada pasiyentlərə zehni və nevroloji problemlər dalğası gətirə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG