Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:45

'Hökumətdən pensiya alan adamları... öldürüblər'


91-yaşlı Xumara Şabanova, 81-yaşlı Əzizəxanım Atayeva və 80-yaşlı Tamara Süleymanova Natiq Məhəmmədsoyun həbsinə etiraz edirlər
91-yaşlı Xumara Şabanova, 81-yaşlı Əzizəxanım Atayeva və 80-yaşlı Tamara Süleymanova Natiq Məhəmmədsoyun həbsinə etiraz edirlər

Türkan qəsəbəsində 81 və 91 yaşlarında iki ahıl qadın sağ olduğu halda, onları ölmüş kimi sənədləşdirib torpaq sahələrini satmaqda suçlananlardan biri – Daşqın Nəsirov həbsdən buraxılıb. Bu da zərərçəkmişlərin narazılığına səbəb olub.

Əzizəxanım Atayeva və Xumara Şabanovanın əmlakını saxta sənədlərlə satmağa görə üç nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, qəsəbə sakini Çingiz Səfərov və Daşqın Nəsirovdur. Onlara qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2-(rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Babayev və Səfərov daha öncə həbs edilib, Nəsirov isə axtarışa verilib. O, 2020-ci ilin dekabrında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

"Gedin, hara istəyirsiz, şikayət eləyin"

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Nəsirov səhhətindəki problemlər əsasıyla ev dustaqlığına buraxılıb. Amma zərərçəkmişlər bunu bəhanə sayır. Ona görə də Baş prokuror Kamran Əliyevə müraciət ediblər. Aprelin 5-də onlar Baş Prokurorluğa qəbula da gediblər. Qəbul zamanı Nəsirovun ev dustaqlığına buraxılmasına etirazla yanaşı, onlara dövlət orqanlarına şikayət etməkdə və vəkil tapmaqda yardım etmiş qəsəbə sakini Natiq Məhəmmədsoyun həbsi məsələsini də qaldırıblar.

"Prokurorluqda dedilər ki, qaldırdığımız məsələlər araşdırılacaq. Həbsdən buraxıblar, deyir ki, "gedin, hara istəyirsiz, şikayət eləyin". Anamın 91 yaşı var, getmişdik bağı sənədləşdirməyə, deyirlər ki, bağ satılıb. Sən demə, anamın 2014-cü ildən ölməsi barədə kağız düzəldiblər. Əzizəxanımın da 2016-cı ildən ölüm kağızı varmış. Belə dərəbəyilik olar? Bu adamlar hökumətdən pensiya alır, onları 2014-2016-cı illərdən öldürüblər...", – Xumara Şabanovanın oğlu Dəyanət Şabanov AzadlıqRadiosuna bildirib.

Məsələ həllini tapmasa...

Şabanov onu da əlavə edib ki, qaldırdıqları məsələlər həllini tapmasa, hər iki qadın aclıq aksiyası keçirəcək.

Nəsirov Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğludur. O da daxil, saxta sənədlərlə yaşlı qadınların əmlakını satmaqda suçlanan üç nəfərə ittiham verilmiş maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

55-yaşlı Natiq Məhəmmədsoy isə CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. O isə iddia edir ki, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silahı ora polislər özləri qoyub. Səbəb isə qəsəbə sakinləri Şabanova və Atayevaya yardım etməsidir.

Qadınlar uzun müddət müxtəlif dövlət orqanlarına şikayət etdikdən sonra cinayət işi başlanıb və üç nəfər məsuliyyətə cəlb olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG