Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:34

'Anadır arzulara hər zaman Qarabağ'


V.Putin və S.Mironov
V.Putin və S.Mironov

Bu dəfə söhbət bir Azərbaycan mahnısının sözlərindən getmir...

Rusiyanın "Ədalətli Rusiya - Vətənpərvərlik" Partiyasının proqramına bu ölkənin ərazisinin Donbas (Ukrayna) və Dağlıq Qarabağ (Azərbaycan) hesabına genişləndirilməsi tezisinin daxil ediləcəyi gözlənir. Bu il martın 25-də bu barədə məlumat verən partiyanın mərkəzi aparat rəhbərinin müavini Nikolay Noviçkov bildirib ki, ötən ilin sentyabrında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ilə bağlı münaqişə başlayanda üzvləri tanınmayan respublika sakinlərinə müraciət edib:

"Başqa yol yoxdur"

"Münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Rusiya Federasiyasına qoşulmaqdır. Başqa yol yoxdur...".

Qarabağda rus sülhməramlıları: Gürcüstan və Moldova Rusiya hərbçiləri öz ərazilərindən çıxara bilmir
Gözlə

No media source currently available

0:00 0:12:31 0:00

Partiya Rusiyanın Dövlət Dumasında 38 nəfərlə təmsil olunur. Sədri isə "Ədalətli Rusiya" fraksiyasının lideri Sergey Mironovdur. Partiyanın maliyyələşməsinin 80 faizinin federal büdcənin hesabına həyata keçirildiyi bildirilir.

Yeri gəlmişkən, bu il martın 25-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində tanınmayan qurumun "parlament"i rus dilini ikinci dövlət dili kimi qəbul edib. Hərçənd, hələ ötən il dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, beynəlxalq-hüquqi nöqteyi-nəzərdən, Qarabağ, o cümlədən də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Martın 18-də isə Krımın (Ukrayna) Rusiyaya birləşdirilməsinin ildönümünə həsr olunmuş konsertin açılışında V.Putin habelə qeyd edib ki, "hələ də anlaşılmayan səbəblərə görə XX əsrin əvvəlində bolşeviklər kvazidövlətlərə böyük geosiyasi sahələrini veriblər". O əlavə edib ki, bu səbəbdən SSRİ dağılandan sonra Rusiya nəhəng ərazilərini itirib.

E.Nəsirov
E.Nəsirov

"Onlar bu ərazilərə iddiaların olduğunu belə gizlətmirlər"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan" agentliyinə bildirib ki, bu ilin payızında Rusiya parlamentinə seçkilərə qatılacaq "Ədalətli Rusiya" Partiyasının "Rusiyanın ərazisinin genişləndirilməsinə nail olaq" şüarı çox ciddi siyasi rezonansa səbəb olub. Deputat qeyd edib ki, Rusiya ərazi baxımından ən böyük dövlətdir: "Belə olan halda "Ədalətli Rusiya" Partiyası nədən bu şüarı irəli sürüb? Mironov və ona yaxın olan siyasi dairələr Cənubi Osetiya, Abxaziya, Donbas, Dnestryanı ərazini və, eyni zamanda, Dağlıq Qarabağ ərazisini özlərinin xüsusi maraq zonası kimi təqdim edirlər. Onlar perspektivdə bu ərazilərə iddiaların olduğunu belə gizlətmirlər, bunu açıq şəkildə bəyan edirlər".

"Məsuliyyətsiz davranışdır"

Komitə üzvü hesab edir ki, öz siyasi şüarının məhz bu şəkildə təqdim olunması, nəticə etibarilə, Rusiyanın beynəlxalq aləmdəki mövqelərinə çox ciddi zərbə endirə bilər: "İndiki dövrdə ayrı-ayrı ölkələrə qarşı ərazi iddiası irəli sürmək partiya rəhbərliyinə yaraşmayan hərəkətdir, məsuliyyətsiz davranışdır. Belə bir addımın atılması regionda çox qorxulu ssenarilərin baş verməsinə gətirib çıxara bilər".

Qarabağ ermənilərinə verilən pasportlarda doğum yeri Ermənistan yazılır - Yerevandan reportaj
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

E.Nəsirovun fikrincə, sözügedən şüar Rusiya siyasi hakimiyyəti üçün ciddi problem yaradır: "Beynəlxalq aləmdə Rusiyaya olan etimadsızlıq mühitinin daha da genişlənməsinə şərait yaradır".

Deputatın sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri strateji xarakter kəsb edir: "Bakı-Moskva münasibətləri dinamik inkişaf tempinə malikdir. Rusiya prezidenti Vladimir Putin dəfələrlə çıxışında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və Dağlıq Qarabağ ərazisini Azərbaycanın tərkib hissəsi kimi qəbul edirlər. Belə olan vəziyyətdə payızda keçiriləcək parlament seçkilərində Sergey Mironovun partiyasının belə bir şüarla çıxış etməsi Rusiya rəhbərliyi üçün də yaxşı heç nə vəd etmir və beynəlxalq aləmdə problemlər yaradır".

"Biz bunu gözləyirik"

Komitə üzvü əlavə edir ki, bu tipli şüarlara son qoymaq lazımdır: "Belə şüarlar regiona sülh və sabitlik gətirmir. Hesab edirəm ki, Rusiya hakimiyyəti buna reaksiya verəcək və Sergey Mironov seçkiöncəsi şüarından imtina etməyə məcbur ediləcək. Biz bunu gözləyirik".

Ə.Oruclu
Ə.Oruclu

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, 44 günlük Qarabağ müharibəsindən sonra bu məsələnin bu şəkildə gündəmə gəlməsində Rusiyanın müəyyən məqsədi var: "Rusiya Qarabağ müharibəsində başa düşdü ki, artıq onun planını pozan, onun istədiyi kimi davranmayan ölkələr var və bu, olduqca təhlükəlidir. Rusiya, demək olar ki, postsovet olan bütün qonşu ölkələrə ərazi problemi yaradıb".

"Onlar Rusiyanın daha sözəbaxan vassalı olsunlar"

Ekspert hesab edir ki, Rusiyanın iki məqsədi var: "Birinci məqsəd sözügedən ölkələri təhdid etməkdir ki, onlar Rusiyanın daha sözəbaxan vassalı olsunlar. Çünki ölkələrin özünün artıq hakim elitası formalaşıb, onlar beynəlxalq səviyyəyə çıxıblar, əlaqələr qurublar və Kremllə hesablaşmaq istəmirlər".

Ə.Oruclunun fikrincə, ikinci məqsəd Kremlin SSRİ bərpa etmək arzusudur: "Çox güman ki, bu, Avrasiya Birliyi şəklində ölkələri gömrük ittifaqına yığmaq və bununla da həm iqtisadi, həm də siyasi baxımından Rusiyanın iradəsinə tabe etmək arzusudur".

Lakin politoloq qeyd edib ki, bunlar alınmayacaq: "Çünki bu gün dünyada yeni geosiyasi konfiqurasiya formalaşıb. Əvvəlki ənənəvi iştirakçılarla, yəni Qərb və Rusiya ilə yanaşı, artıq bu prosesdə digər iştirakçılar da var. Əlbəttə, bu şəraitdə Rusiyanın bu ölkələri özünə ram etmək imkanları getdikcə məhdudlaşır".

Rus sülhməramlıları separatçılarla qucaqlaşırsa...
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG