Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:02

İcbari tibbi sığorta bütün ölkəyə çatmalıdır


Ambulans

Bu gün, aprelin 1-dən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 min 550 sayda tibbi xidmətdən istifadə etməlidir.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bununla da aprelin 1-dən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə etməlidir.

Xidmətlər Zərfinə ilkin səhiyyə, təcili, təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator yardım, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində göstəriləcək. Həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrinə göndəriş verilə bilər.

Vətəndaşlar Xidmətlər Zərfindən yararlanmaq üçün səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək "Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası"na uyğun ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir.

2022-ci ilin 1 yanvar tarixinədək...

Ölkədə pandemiya ilə əlaqədar bəzi dövlət səhiyyə müəssisələri koronavirusla mübarizəyə ayrılıb. "Bunu nəzərə alaraq, Agentlik müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə müvafiq dövlət qurumuna müraciət edib", -məlumatda yazılıb.

Agentlik qeyd edir ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır: "Həmçinin, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır".

Əslində, tam Azərbaycan üzrə icbari tibbi sığortanın tətbiqi 2020-ci ilə planlaşdırılmışdı. Lakin "Tibbi sığorta haqqında" Qanuna dəyişikliklər ediləndən sonra sistemin tam tətbiqi 2021-ci il aprelin 1-nə qədər uzadıldı.

Xatırlatma

Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 22 il əvvəl qəbul edilib. Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam vermişdi. İ.Əliyev bir də ondan 9 il sonra -2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq etmişdi. 2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilir. 2020-ci ilin əvvəlində də prosesin mərhələli şəkildə il ərzində başa çatacağı açıqlanmışdı.

XS
SM
MD
LG