Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

'Ermənistanın nə ixtiyarı var ki, Azərbaycan şəhərinə yatırım etsin?'


Qarabağ erməniləri Rusiyadan humanitar yardım kimi gətirilən tikinti materialları ilə evin damını bərpa edirlər.
Qarabağ erməniləri Rusiyadan humanitar yardım kimi gətirilən tikinti materialları ilə evin damını bərpa edirlər.

Bu günlər Ermənistanın Ədliyyə naziri David Arutyunyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər edib. Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, D.Arutyunyan tanınmayan Dağlıq Qarabağ Respublikasının başçısı Arayik Arutyunyanla görüşüb.

Bununla paralel Ermənistan hökumətinin Dağlıq Qarabağa maliyyə yardımı da göstərdiyi bildirilir. Bundan əvvəl isə tanınmayan qurumun parlamenti rus dilini ikinci rəsmi dil kimi tanımışdı.

Bəzi ekspertlər bütün bu amilləri nəzərə alaraq Dağlıq Qarabağ probleminin tam həll olunmadığını düşünürlər.

Prezident nə demişdi

Hərçənd, bu il fevralın 26-da mətbuat konfransı zamanı prezident İlham Əliyev bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb: "Azərbaycan bu münaqişənin bir tərəfi idi. Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Azərbaycan bunu həll edib".

Üstəlik, Azərbaycan hakimiyyəti Ermənistan rəsmilərinin onlarla razılaşmadan Dağlıq Qarabağa səfər etmələrini sərt tonda qınayır və bunun sülh danışıqlarına mane olduğunu bildirirdilər.

A.Abbas
A.Abbas

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas "Turan" agentliyinə mövzu ilə bağlı bunları deyib: "Necə olur ki, ermənilər Yerevandan Xankəndinə rahat gedə bilir, mən isə Şuşaya Ağdamdan rahat 37 kilometrlik yolla yox, uzun bir yolla getməliyəm?".

Deputatın fikrincə, yenidən danışıqlar olacaq və problem mərhələli yolla həll olunacaq. "Ermənistan öz üzərinə götürdüyü öhdəliklərini, hələlik, yerinə yetirməyib. Ona görə də problemlər yaranıb".

"Ermənistanın nə ixtiyarı var ki..."

Komitə üzvü hesab edir ki, Azərbaycan Rusiyanın qarşısında məsələni ciddi qoymalıdır: "Ermənistanın nə ixtiyarı var ki, Azərbaycanın ərazisindəki hansısa şəhərə yatırım etsin?".

Deputatın fikrincə, Azərbaycan heç vaxt dinc əhalini bombalamayıb: "Onlar 10 min mərmini Tərtərə atıblar, biz isə Xankəndində, Ağdərədə olan yaşayış evlərinin birinə də atmamışıq. İndi Nikol Paşinyan o pulu hara göndərir, nəyi təmir edib tikəcək? Digər tərəfdən, ruslar da orada qəsəbə tikir. Bu, beynəlxalq qanunlara ziddir".

"Bu problemlər növbəti danışıqlarda həll olunmalıdır"

A.Abbas qeyd edib ki, Azərbaycan ərazisində yalnız Azərbaycan razılığı ilə nəyisə tikmək olar: "Ağdərədə elə kəndlər var ki, orada heç vaxt ermənilər yaşamayıb. İşğaldan sonra ora gəlib yaşamağa başlayıb. 10 noyabr razılaşması imzalanandan sonra onlar oradan çıxıb getmək istəyirdi, çünki hamısı azərbaycanlıların evlərində yaşayır. Onlara isə deyilib qayıdın yerinizə. Bəs ora qayıdan azərbaycanlılar harada yaşayacaq? Ona görə də bu problemlər növbəti danışıqlarda həll olunmalıdır".

E.Şahinoğlu
E.Şahinoğlu

"Dağlıq Qarabağ probleminin 80 faizi həll edilib"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Dağlıq Qarabağ probleminin 80 faizi həll edilib: "Bəli, böyük uğur qazanmışıq, Dağlıq Qarabağ ətrafdakı rayonları, Şuşanı, Xocavəndin, Ağdərənin bir hissəsini azad etmişik, amma Xocalını azad etməmişik, Şuşanın bəzi kəndləri var ki, hələ də separatçıların nəzarəti altındadır. Üstəlik də, Ermənistandan rəsmi şəxslərin gediş-gəlişi var, sərhədə tam nəzarət etmirik. Bu məsələləri biz gələcəkdə həll etmək məcburiyyətindəyik".

Politoloqun sözlərinə görə, Azərbaycan birinci növbədə Laçın dəhlizində sərhəd yaratmalıdır: "Daha sonra isə adını çəkdiyimiz kənd və qəsəbələrinin azad edilməsi istiqamətində danışıqları intensivləşdirməliyik".

E.Şahinoğlu hesab edir ki, Qarabağa maliyyə yardımı daha çox piara oxşayır: "Baş nazir Nikol Paşinyan iyun ayında seçkilərə gedir və ona səs lazımdır. Onun partiyası çox güman ki, seçkilərdən birinci partiya kimi yenə də çıxacaq. Amma səslər kifayət etməyə bilər ki, Paşinyan təkbaşına hökumət qursun. Buna nail olmaq üçün indi Paşinyan göstərir ki, Qarabağı unutmayıb, elə ona görə də nazırləri da ora göndərir".

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG