Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:19

Prezident və baş nazir idi, senat üzvü də seçildi


Saparmurat Niyazov və Qurbanqulu Berdiməhəmmədov
Saparmurat Niyazov və Qurbanqulu Berdiməhəmmədov

Berdiməhəmmədovun sentyabrda imzaladığı konstitusiyaya digər dəyişikliklər bəlli deyil

Türkmənistanın avtoritar lideri Qurbanqulu Berdiməhəmmədov ölkədə yeni yaradılmış senatın üzvü seçilib. Müxalifətin olmadığı səsvermə birbaşa keçirilməyib.

Sərt nəzarət altında olan bu Orta Asiya ölkəsinin dövlət mediasının yazmasına görə, Berdiməhəmmədov 29 mart seçkisində “100 faiz” səs alaraq parlamentin yuxarı palatasının üzvü seçilib.

Səkkiz üzvü Berdiməhəmmədov​ təyin edəcək

63 yaşlı Berdiməhəmmədov şəxsiyyətə pərəstiş üzərində qurulmuş ölkədə həm prezident, həm də baş nazirdir.

Dövlət mediasına görə, seçki “Türkmənistanın demokratik proqresinin aydın sübutu, milli liderimizin həyata keçirdiyi qətiyyətli islahatların zəfəridir”.

Sentyabrda konstitusiyaya dəyişikliklər nəticəsində parlament ikipalatalı edilib.

Xalq Məsləhəti adlanan yuxarı palatada 48 yerə 112 namizəd qeydə alınıb. Dövlət mediası seçkinin “ədalətli” keçdiyini, “müstəqil” yerli müşahidəçilərin monitorinq apardığını bildirir. Senatın səkkiz üzvünü Berdiməhəmmədov təyin edəcək.

Xarici müşahidəçisiz, müxalifətsiz seçki

Gizli səsvermə prosesində paytaxt Aşqabat və vilayətlərdən 231 seçici səs verib.

Xarici müşahidəçilər seçkiyə buraxılmayıb, seçki bülletenində müxalifət namizədinin adı olmayıb. Bu keçmiş sovet respublikası dünyada ən repressiv ölkələrdən hesab olunur.

Berdiməhəmmədovun sentyabrda imzaladığı konstitusiyaya digər dəyişikliklər bəlli deyil.

Tənqidçilərin fikrincə, Berdiməhəmmədov dəyişikliklər vasitəsilə özünün ömürlük prezidentliyini təmin etməyə, hakimiyyəti oğluna və nəvələrinə ötürməyə çalışır.

O, ölkədə narazıları susdurub, 2006-cı ildə avtokrat Saparmurat Niyazovun vəfatından sonra hakimiyyətə gələrək çox az dəyişikliklər həyata keçirib.

Berdiməhəmmədov da sələfi kimi hakimiyyətdə qalması üçün əsas mal və xidmətlərə subsidiyalı qiymətlərə bel bağlayıb. Amma zəngin qaz resurslarına baxmayaraq, son illər Türkmənistanda nağd pul və ərzaq qıtlığı yaranıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG