Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:32

Kitabdan və ekrandan oxumağın fərqi


E-book
E-book

Ekranı aşağı-yuxarı hərəkət etdirməklə oxumaq sosial mediadan istifadədə işə yaraya bilər. Uşaqlara gəldikdə isə, mütəxəssislər onların yavaş oxuduqları zaman daha yaxşı öyrəndiklərini deyirlər. Bu pandemiya ilində ekranlı cihazlar uşaqların təhsilinin bütün aspektlərinə nüfuz etdi. Artıq geriyə dönüş yoxmuş kimi görünür. Ancaq "The New York Times" qəzeti yazır ki, uşaqların oxuduğu format onların informasiyanı necə qavramasına ciddi təsir edə bilər.

Yavaş-yavaş oxumaq

Amerika Universitetinin linqvistika professoru Naomi Baron deyir ki, ekranlardan sosial və əyləncə məqsədləri ilə istifadə olunduğundan həm uşaqlar, həm də böyüklər tez oxunub bitirilmək üçün dizayn edilmiş onlayn materialı qavramağa öyrəşir. Ancaq sonradan həmin bu yanaşma daha ciddi və mürəkkəb, daha çətin qavranılan materialın öyrənilməsinə tətbiq edilir. Halbuki bu material yavaş-yavaş, dərk edilərək oxunmalıdır. Nəticədə əldəki materiala gərəkən diqqət ayrılmır.

Professor Baronun sözlərinə görə, balaca uşaqlarla imkan daxilində kağız materiallara üstünlük vermək lazımdır. O deyir ki, bu halda valideynlərlə uşaqlar dil, suallar və cavablar vasitəsilə daha rahat ünsiyyətə girə bilirlər. Buna "dialoq qiraəti" deyilir. Bundan başqa, mobil əlavələr və elektron kitablar insanın fikrini yayındırır.

Miçiqan Tibb Məktəbinin pediatriya professoru, inkişaf və davranış mütəxəssisi Cenni Radeski isə deyir ki, ibtidai siniflərdə istifadə olunan mobil əlavələr uşaqları məşğul edəcək oyun formasına salınmış materiallardır. Onlar əsas bacarıqları yaxşı öyrətsə də, distant təhsildə sinif otağı konteksti itirilir, müəllim müxtəlif komponentlər arasında əlaqə yaratmır və siz, sadəcə, bir dəstə kurrikulum materialını pis-yaxşı oxumuş olursunuz.

Az danışmaq

Digər inkişaf mütəxəssisi doktor Tiffani Müntser hesab edir ki, valideynlərin ailəvi qiraətdə iştirakı çox yaxşıdır. Ancaq Müntserin rəhbərlik etdiyi tədqiqatın nəticələrinə görə, elektron kitabdan istifadə zamanı valideynlərlə uşaqlar bir-biri ilə daha az danışırlar. Başqa bir araşdırmanın nəticələrinə görə, azyaşlı uşaqlar oxu zamanı valideynlə ünsiyyətə yox, ekrandan təkbaşına istifadəyə daha çox meylli olurlar.

Müntser "çox yaxşı dizayn olunmuş" kitablardan da danışıb. O, PBS-in istehsalı olan bir kitabı nümunə göstərib. Bu kitabda bir personaj valideynlərə hekayəni uşaqla birgə oxumaqla bağlı bələdçilik edir. Digər tərəfdənsə, bütün bu maraqlı və əyləncəli əlavələr uşaqların və valideynlərin diqqətini yayındırır, birbaşa ünsiyyəti daha da çətinləşdirir.

Onun sözlərinə görə, texnologiya məsələlərinin hamısını valideynlərdən gözləmək ədalətli olmazdı. Ünsiyyətə və nitqin inkişafına şərait yaratmaq həmin proqramları yaradan developerlərin işidir. Özü də, bu zaman onlar uşağın inkişaf səviyyəsini nəzərə almalıdırlar.

Doktor Radeski hesab edir ki, uşaqlar balaca olanda valideynlər oxunan hekayələri onlarla müzakirə etməklə, onlara suallar verməklə hekayə ilə real həyatdakı təcrübə arasında bağ qurmağa kömək edə bilərlər.

Əsl jurnallardan oxuyanlar

Doktor Radeski məktəbyaşlı uşaqlar haqda danışarkən deyib ki, distant təhsil dövründə onları YouTube-dan ayırmaq çox çətin olub. Uşaqlar dərs oxuduqları zaman darıxıb brauzerdə YouTube-u açırlar. Nəticədə onların diqqəti dağılır, üstəlik, ümumi diqqətsizlik vərdişi formalaşır.

Professor Baronun sözlərinə görə, ibtidai siniflərdə uşaqlarla medianın müxtəlif növlərinin faydaları haqda söhbət etmək imkanı var. "İstər çap məhsulları olsun, istər rəqəmsal ekran, istər audio, istərsə də video – hamısının öz faydaları var. Biz uşaqlara izah etməliyik ki, bunların hamısı bütün məqsədlər üçün yararlı deyil. Uşaqlar həm rəqəmsal, həm də çap formatında oxumağı sınaya bilərlər. Sonra onları oxuduqları və anladıqları, habelə nəyi bəyəndikləri haqda danışmağa dəvət etmək olar", – professor deyir.

Bundan başqa, mütəxəssislər aşkar ediblər ki, məqalələri ekranda oxumaq əvəzinə çap edib oxuyan şagirdlər imtahanda daha yaxşı qiymət alırlar. Məqalələri adi çap olunmuş səhifələrdən deyil, əsl jurnallardan oxuyan tələbələrin esseləri isə daha dərin və mənalı olurmuş. Məqalədə daha sonra deyilir ki, oxu materialı ekranda olmuş olsa belə, onu səhifələmək imkanı varsa, bu, uşaqlara daha yaxşı təsir edir. Sosial media lenti kimi yuxarıdan aşağıya doğru oxunan materialdan fərqli olaraq bu halda məqalə müəyyən struktura malik material kimi qavranılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG