Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Uşaq ekran qarşısında həmişə eyni cür vaxt keçirmir


 Otağında televizor olan uşaqların gün ərzində normadan 31 dəqiqə daha az yatdığı bildirilir.
Otağında televizor olan uşaqların gün ərzində normadan 31 dəqiqə daha az yatdığı bildirilir.

Uşaqlar televizordan tutmuş, smartfona qədər cürbəcür ekranların qarşısında çox vaxt keçirirlər. Bu, çoxumuzu narahat edir. Özümüz də telefondan mümkün qədər az istifadə etməyə çalışsaq da, ən azı istiqamətləri tapmaq, sosial media hesabımızı yoxlamaq, bazarlıq etmək, audio kitablara qulaq asmaq, hava proqnozunu görmək üçün onun köməyinə ehtiyacımız yaranır. Uşaqlarımızın nənə-babaları uzaqda yaşayanda da onlarla yalnız cihazlar vasitəsilə ünsiyyət qura bilirik.

Ekranlar həyatımıza o qədər dərindən nüfuz edib ki, uşaqlarımız onlarla sadəcə bizi izləməklə tez, asan və intuitiv tanış olurlar. Uşaqlar danışmağı öyrənməzdən əvvəl ekranları idarə edə bilirlər.

Poeziya və dramın təsiri

Ekranların ciddi aludəçilik yaratdığı da heç kimə sirr deyil. Onlar uşaqların düşüncəsinin formalaşmasına təsir edir və biz bu təsirləri hələ tam öyrənib anlaya bilməmişik. Ekran qarşısında keçirilən vaxtın hamısı birmənalı ziyanlı ola bilməz. Ancaq hamısı faydalı da deyil. Ekranlardan daha yaxşı istifadə etməyi, nə zaman dayanmağı öyrənməksə müsbət nəticələr verə bilər.

Kənar təsirlərin uşaqların düşüncəsini formalaşdırması yeni kəşf deyil. Hətta Platon poeziya və dramın gənc beyinlərə təsirindən narahat idi. Televiziyanın insanların evlərinə daxil olmasından bəri biz bu qəbildən olan narahatlıqları haqda çox eşitmişik.

Bəli, oxumaq zehni qabiliyyətlərin inkişafı üçün çox faydalıdır. Ancaq uşaqlarımız ekranların hər yerdə olduğu dünyada böyüyürlər. Uşaqların ekranla keçirdiyi vaxtın həcmi isə həqiqətən narahatlıq doğurur. Hesablamalara görə, iki yaşına çatmamış uşaqlar ekranla orta hesabla gündə üç saatdan çox vaxt keçirirlər. Bu rəqəm son onillikdə iki dəfə artıb. Başqa bir araşdırma isə göstərib ki, ABŞ-da məktəb yaşlı uşaqların 49%-i gündə iki, 16%-i isə dörd saatdan çox vaxt keçirir.

31 dəqiqə daha az yatmaq

Ekranla keçirilən vaxt fiziki aktivliyin, havada keçirilən vaxtın azalması, artıq çəki, ailə ilə birlikdə yemək vaxtının yetərincə olmaması ilə nəticələnir. Bundan başqa, ekran qarşısında çox vaxt keçirən uşaqlar və böyüklərin daha az yatdığı bəllidir. Otağında televizor olan uşaqların gün ərzində normadan 31 dəqiqə daha az yatdığı bildirilir.

Bütün bunlar ilk baxışdan təşviş doğursa da, əslində, bəzi tədris şouları uşaqlara fayda verir. Ancaq uşaqlar belə proqramlara iki yaşdan tez baxmamalıdırlar. BBC yazır ki, yaşı ikidən az olan uşaqlara ekran qarşısında zaman keçirmək heç bir fayda vermir.

Yaxşı ki, bəzi ağıllı prodüserlər televiziyaya tədris və öyrənmə elementləri daxil ediblər. Bu qəbildən olan proqramlar arasında dünyada ən məşhur olanı yəqin ki, "Sesame Street" şousudur. Tədris proqramlarının üç-beş yaşlı uşaqların davranış, oxuyub-yazma, hesab və zehni bacarıqlarının inkişafına kömək göstərdiyi müəyyən edilib. Belə proqramlar imkanları daha məhdud uşaqlar üçün çox böyük tapıntıdır.

Oxşar şeyi digər cihazlar haqda da demək olar. Ekran qarşısında keçirilən interaktiv zaman, məsələn, qohumlarla videozənglər, məsafədən uşağa kitab oxumaq, hətta şoulara birgə baxmaq və bu zaman uşaqla ünsiyyətdə olmaq, ona nəyisə öyrətmək faydalı ola bilər. Çünki bütün bunlar interaktiv ünsiyyəti ehtiva edir.

Passiv istifadə və zehni təxəyyül

Ancaq problem ondadır ki, ekran qarşısında vaxtın çox hissəsi belə keçirilmir. 2020-ci ildə valideynlər əvvəllər görülməmiş stress növləri ilə tanış oldular. Uşaqların mediadan interaktiv deyil, passiv istifadəsi çox ciddi problemə çevrilib.

Körpə uşaqların beyni sürətlə inkişaf edir. Valideynlər və ümumiyyətlə, böyüklərlə ünsiyyət onların öyrənməsi üçün çox vacibdir. Ekran qarşısında çox vaxt keçirmək onların üçölçülü dünyanı normal qavramasını da əngəlləyə bilər. 15 aylıq uşaq tabletdən yeni sözlər öyrənsə də, onları real həyatda tətbiq etməyə çətinlik çəkə bilər.

Araşdırmalar televizora baxmaqla insanın yaradıcı təxəyyülünün azalması arasında əlaqənin olduğunu göstərir. Son tədqiqatlarsa ekran qarşısında keçirilən vaxtın məktəbyaşlı uşaqların mental təxəyyül qabiliyyətini azaltdığını aşkarlayıb. Məsələn, gözlərimizi yumub sonuncu dəfə hovuzda keçirdiyimiz vaxtı təsəvvür edəndə bədənimizə toxunan suyu, fiziki hərəkətin verdiyi əzələ yorğunluğunu, hətta xlorun qoxusunu hiss edə bilirik. Mental təxəyyül dedikdə bu nəzərdə tutulur. Ekranla çox vaxt keçirən uşaqlar bu dəyərli qabiliyyətdən məhrum olurlar. Çünki onların təxəyyülünün yerinə bütün işi ekran görür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG