Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:48

'11-yaşlı oğlum həkim səhvi və antisanitariyaya görə yataq xəstəsi oldu'


Əməliyyat. Foto illüstrasiya

Bakı sakini Samir Rzayev deyir ki, həkim səhvi və xəstəxanadakı antisanitariya ucbatından oğlu yataq xəstəsinə çevrilib. Onun sözlərinə görə, üç ilə yaxındır ki, bütün əmlaklarını satıb, qohum-əqrəbadan borc alıb uşağın müalicəsinə xərcləyib. Amma hələ də uşaq sağalmayıb.

"Əməliyyatın ortasında həkim bizi əməliyyatxanaya çağırıb dedi ki..."

11-yaşlı Adil 2018-ci ilin avqustunda yıxılıb, ayağı sınıb. Sabunçu rayonunda yerləşən "Stimul Hospital"da həkim İra Dalivalova Adil Rzazadəyə "qəlpəli yerdəyişməli sınıq" diaqnozu qoyub, dərhal əməliyyatın vacib olduğunu bildirib: "Məsləhət gördü ki, oğlumu Emil Kazımi adlı həkimlə birlikdə əməliyyat etsinlər, nəticə yaxşı olacaq. Mən də razılaşdım, 2500 manat ödədim. Əməliyyat olundu, uşağın ayağına mil qoydular. Üstündən dörd ay keçsə də, uşaq gəzə bilmirdi. Mütəmadi həkimlərin hər ikisi ilə əlaqə saxlayırdıq. Deyirdilər ki, əməliyyat uğurlu olub, uşaq simulyasiya edir".

Atanın sözlərinə görə, oğlunun vəziyyətinin düzəlmədiyini görüb dörd aydan sonra onu yenidən Emil Kazıminin yanına, bu dəfə "Medika Hospital"a aparıb. Həkim deyib ki, uşağın ayağına qoyulmuş milin başlığı gəzməsinə mane olur, onun çıxarılması üçün yenidən əməliyyat edilməlidir. Bu əməliyyat üçün də 1400 manat pul ödədiyini vurğulayan Rzayev deyir ki, bu prosesin gedişində daha bir problem ortaya çıxıb: "Əməliyyatın ortasında həkim bizi əməliyyatxanaya çağırıb dedi ki, oğlumun ayağında "osteomielit" aşkarlanıb, həmin mikroblar oğlumun sümüyünü 10 santimetr əridib. Bildirdi ki, bu mikroblar onun səhvinin ucbatından deyil, "Stimul Hospital"ın əməliyyatxanasındakı antisanitariya nəticəsində düşüb".

Daha bir əməliyyat icra edilməlidir

Ata deyir ki, ikinci əməliyyat da müsbət nəticə vermədiyindən məcbur olub uşağı Türkiyəyə müayinəyə aparıb.

Orada həkimlər bildirib ki, Bakıda keçirilən hər iki əməliyyat uğursuz olub, irin ayaq sümüyünü daha 5 sm (ümumilikdə 15 sm) hissədə çürüdüb. Türkiyədə Adil təkrar əməliyyat olunub, ayağına 15 sm. uzunluğunda sümük köçürülüb, plastinka qoyulub: "Təkcə Türkiyədə 45 min 800 dollar xərcim çıxdı. O vaxta qədər Bakıda da 10 min dollara qədər xərcləmişdim. İstanbuldakı əməliyyatdan sonra da müəyyən prosedurlar keçir. Hələ də bir ayaq 4 sm qısadır. 17 yaşından sonra oğlumun həmin ayağının uzadılması əməliyyatı icra edilməlidir. Ağrılara görə uşaq gecə dərmanla yata bilir, gündüzlər isə ölmək istədiyini dilə gətirir".

Rzayev baş verənlərə görə günahkar saydığı həkimlərin və klinikanın cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edib.

Sabunçu rayon Məhkəməsi "Stimul Hospital"ı İnzibati Xətalar Məcəlləsinin 218-ci (tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulması) maddəsi ilə 2000 manat cərimələyib.

"Təbii haldır"

Sabunçu rayon Prokurorluğu isə belə nəticəyə gəlib ki, Adil Rzazadənin müayinə və müalicəsində həkim səhlənkarlığı, səhvi olmayıb. Bu əsasla da cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarılıb.

Həkim Emil Kazımi prokurorluqda dindirilərkən deyib ki, birinci əməliyyatdan əvvəl uşaq müayinə edilib və onda heç bir virus aşkarlanmayıb. Travmotoloq iddia edib ki, əməliyyat zamanı infeksiyanın yara kanalına keçməsi onun həyata keçirdiyi əməliyyatla bağlı olmayıb: "Çox güman ki, infeksiya klinikanın əməliyyatxanasında olan alətlərin sterilizasiyasının zəifliyindən qaynaqlanıb. Bu da dünya səhiyyəsində qəbul olunmuş təbii haldır, istənilən klinikanın əməliyyatxanasında baş verə bilər".

XS
SM
MD
LG