Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

'Həkim gəlinim özü də həkim səhlənkarlığının qurbanı oldu...'


Həkim. Foto arxiv
Həkim. Foto arxiv

Qəbələ rayon sakini Abdulqafur Qurbanov ixtisasca həkim olan gəlininin elə həkim səhlənkarlığının qurbanı olduğunu deyir. 37-yaşlı Aygün Qurbanova fevralın 19-da "Baku Medical Plaza" klinikasında üçüncü övladını dünyaya gətirərkən vəfat edib. Ailə üzvləri onun ölümünə görə klinikanın həkimi Natı Musalını suçlu sayır.

"Əməliyyat üçün artıq ödəniş edilməlidir"

Qayınatası deyir ki, yanvarın 29-da və fevralın 15-də gəlini müayinə olunub, həkim həm özünün, həm də uşağın durumuyla bağlı problem olmadığını deyib. Qurbanovun sözlərinə görə, həkim öncə doğuşu fevralın 26-na təyin etsə də, sonradan tarixi dəyişib. Səbəb isə həm o günün Xocalı faciəsinin ildönümü olması, həm də həkimin Türkiyəyə getməsi olub: "Gəlinə demişdi ki, fevralın 24-də Türkiyəyə gedəcək, o vaxta qədər gəlsin. Fevralın 18-də zəng eləyib dedi ki, sabah səhər saat 7-də klinikada olsun. Gündüz saat 4-də Aygün klinikanın telefonundan evə zəng eləyib dedi ki, dözülməz ağrıları var, həkimə deyək, uşaq əməliyyatla götürülsün. Dərhal Natı həkimə zəng eləyib dedik. O isə bildirdi ki, narahatlığa əsas yoxdur".

Qurbanov iddia edir ki, saat 19:00 radələrində gəlin bir daha evlə əlaqə saxlayıb, əməliyyat olunmasını istəyib. Ailə üzvləri də bu üzdən bir daha həkimlə danışıblar. Həkim bildirib ki, əməliyyat üçün artıq ödəniş edilməlidir: "Dedik ki, ana və uşağın salamat olması üçün nə lazımdırsa, eləməyə hazırıq. Həkim bildirdi ki, daha iki saat gözləyək, olmasa, əməliyyata götürülər. İki saat sonra zəng eləyəndə həkim kobud cavab verdi. Bir də saat 23:45-də Natı həkim bildirdi ki, Aygündə tromboemboliya var, əldən gedir, uşaqlığı götürmək üçün ərinin razılığı lazımdır. Bildirdik ki, nə lazımdırsa, eləyin...".

"Dinamik inkişafda olan ölkədə..."

Qayınatanın dediyinə görə, gecə saat 1-in yarısında həkim onlara deyib ki, əməliyyat zamanı qanaxma baş verib. O öz işini görüb, bundan sonrası reanimotoloqun işidir. Az sonra reanimasiya həkimi isə ailə üzvlərinə deyib ki, Qurbanovanın yaşamaq şansı 1 faizdir. Səhər saat 9:30-da isə ailəyə gəlinin öldüyünü xəbər veriblər: "Gəlinim Natı həkimin və digərlərinin səhlənkarlığı, səriştəsizliyi, ehtiyatsızlığı nəticəsində ölüb. Üç körpə anasız qalıb. Müasir, dinamik inkişafda olan ölkədə doğuş zamanı ana ölümlərinin çoxluğunu necə izah etmək olar? Gəlinim həkim idi, endokrinoloq, özü də həkim səhlənkarlığının qurbanı oldu".

Aygün Qurbanovanın ölümü ilə əlaqədar Xətai rayon Prokurorluğunda araşdırma aparılır. Prokurorluqdan AzadlıqRadiosuna bildirilib ki, tibbi ekspertizanın rəyini gözləyirlər, onun əsasında növbəti addımlar atılacaq.

Abdulqafur Qurbanov isə qarşı tərəfin ekspertizaya təsir göstərmək cəhdləri haqda məlumatlı olduğunu iddia edir.

Klinikanın rəyi

AzadlıqRadiosu qarşı tərəfin səsləndirdiyi ittihamlarla bağlı həkim Natı Musalının fikrini öyrənmək üçün onunla əlaqə saxlasa da, telefona özünü həkimin tibbi bacısı kimi təqdim edən şəxs cavab verib. O bildirib ki, məsələ ilə əlaqədar klinikanın rəyi var.

"Baku Medical Plaza"dan isə bildirilib ki, Aygün Qurbanovanın bundan əvvəlki iki doğuşunda da ağırlaşma halları olub. Fevralın 19-da isə o, klinikaya doğuş yox, müayinə üçün gəlmişdi. Müayinə zamanı döl qişalarının vaxtından əvvəl cırılması əlamətləri qeydə alınıb və Qurbanova dinamik nəzarət üçün klinikada saxlanılıb. Saat 23:14-də onun vəziyyəti qəflətən pisləşib: "Ananın və dölün həyati təhlükəsini nəzərə alaraq, hamiləliyin qeysəriyyə kəsiyi ilə başa çatdırılması qərara alınıb. Uşaq neonatoloqlara təhvil verilib. Anada abdominal aortada fluktuasiya edən tromb aşkarlandığı üçün dərhal trombolitik terapiya başlanıb. Davamlı trombolitik, hemotransfuzion və digər intensiv terapiya tədbirlərinin aparılmasına baxmayaraq, tənəffüs və ürək çatışmazlığı inkişaf edib və 20 fevral saat 09:10-da bioloji ölüm qeydə alınıb".

Klinikadan onu da vurğulayıblar ki, dünya statistikasında ana ölümünün əsas səbəbi məhz damarların tromboemboliyasıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG