Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:00

Musiqi qrupları niyə yoxa çıxır?


"Scorpions" rok-qrupunun Moskva konserti. 1989

"Maroon 5"ın solisti Adam Levin bir dəfə "daha qruplar yoxdur" dediyinə görə məsxərəyə qoyulub. Ancaq rəqəmlərə baxsaq, onun haqlı olduğunu görərik.

Solo ifaçılıq

"Qəribədir, 2002-ci ildə "Maroon 5"ın ilk albomu çıxanda hələ başqa qruplar var idi. Mənə elə gəlir ki, daha heç bir qrup yoxdur. Mənə elə gəlir, onların nəsli tükənməkdədir", – qrupun solisti Adam Levin "Apple"ın beynəlxalq radiosu olan "Apple Music"də tanınmış yeni zelandiyalı dicey Zeyn Louya müsahibəsində deyib. Levin diqqət mərkəzində olan pop-qruplarını nəzərdə tutsa da, internet əhli onun sözlərini birbaşa mənada anlayıb.

Ancaq "The Guardian" yazır ki, Levin, əsasən, haqlıdır. 2000-ci illərin lap əvvəllərində "Maroon 5" yeni tanınmağa başlayanda daim yeni qruplar yaranırdı. Çoxu da uğur qazanırdı. "X Factor" kimi şoular qörl-qruplar və boy-bendlər üçün inkubator rolunu oynayırdı. Ancaq daha biz bunu müşahidə etmirik. "Artıq pop musiqisinin qravitasiya mərkəzi solo ifaçılara tərəf dəyişib. Ən azı, söhbət ciddi kommersiya uğurundan gedirsə", – qəzet yazır.

Bu gün Britaniya çartındakı Top-100 sinqldan cəmi 9-u qrupların ifasındadır. Top-40 sinql arasında isə cəmi bir mahnı qrupa məxsusdur. "Spotify"ın dünyada ən çox çalınan Top-50 sinql siyahısında yalnız üç qrupun adı var: "BTS", "Neighbourhood" və "Internet Money" adlı bir rep kollektivi. BBC-nin "Radio 1" radiosunun ən son pleylistindəki 42 ifaçıdan yalnız biri qrupdur.

Məlumdur ki, radio və striminq xidmətlərində pop, rep və rəqs musiqisi üstünlük təşkil edir.

2016-cı ildən bu yana...

Ancaq festivalların siyahısında da qrupları çox görmürük. Albom çartlarında qrupların vaxtaşırı yüksək yerlər tutması isə hələ də onların albomlarını almağı davam etdirən sadiq pərəstişkarların xidmətidir. Ancaq onların da heç biri 2016-cı ildən bu yana iki həftə ard-arda birinci yeri saxlaya bilməyib.

Yaşadığımız dövrdə musiqi çartları striminq xidmətlərindən çox asılıdır. Hətta ən uğurlu qruplar belə Top-20-liyə çıxmağa çətinlik çəkirlər.

Bəzi müşahidəçilər hesab edirlər ki, iri leybl şirkətləri qruplarla işləməkdən çəkinir. Çünki solo ifaçılarla işləmək daha ucuz və asandır. Ancaq "Dirty Hit" leyblının sahibi Ceymi Oborn deyir ki, onun şirkəti əməkdaşlıq üçün qruplar tapmağa çalışır. "Mən inkişaf etdirə biləcəyim …gənc bir qrup tapmağa çətinlik çəkirəm", – o deyir.

Onun sözlərinə görə, texnologiyanın inkişaf səviyyəsini nəzərə alsaq, müasir dövrdə bir uşağın təklikdə musiqi yaratması ehtimalı daha çoxdur. "1975-ci ildə biz bir otaqda görüşürdük ki, bir az səs yaradaq. İndiki dövrdə isə yataq otaqlarında daha çox iş görülür, çünki orada sən təksən", - Oborn deyir.

İki yol

2001-ci ildə təsis edilmiş "Plydor Records"un həmprezidenti Ben Mortimer isə hesab edir ki, qiymət leybldan çox ifaçı üçün problemdir: "Əgər sən gəncsənsə və musiqiçi olmağa həvəsin varsa, sənin qarşında seçim var. Qrup yolu ilə getsən, eyni baxışlara malik qrup yoldaşları tapmalı, bahalı alətlər və avadanlıq almalı, sənətini itiləmək üçün yollara düşməlisən. Digər tərəfdən isə, "Ableton"u [prodakşn proqramı] yükləyib yataq otağının qapısını bağlayırsan və dərhal yaratmağa başlayırsan. Mədəniyyəti texnologiya formalaşdırır. Gənclərin çoxu ənənəvi mənada qrup musiqisini (əllərinə gitara almış bir qrup qız, ya oğlan) sevmir. Biz bunu qrupların topladığı striminq saylarından görə bilirik. Bu isə istedadlı gənclərin hansı yolu seçməsinə təsir edir".

"Yaxşı qrup bütöv bir icma yaradır. Qrupların elə bir ekosistemi olur ki, pərəstişkar olaraq o icmanın bir hissəsi olmaq istəyirsən. İndividualizm haqda deyilənlərə baxmayaraq, hələ də o kollektiv hissi üçün aclıq var", – "Wolf Alice" qrupundan gitaraçı Coff Oddi deyir.

XS
SM
MD
LG