Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:58

Musiqi beyinə necə təsir göstərir


Musiqi
Musiqi

Musiqi doğrudanmı insanın sağlamlığı, öyrənmə qabiliyyəti, koqnitiv bacarıqları, həyat keyfiyyəti və xoşbəxtliyinə təsir edir? AARP-nin apardığı son araşdırma musiqinin koqnitiv və emosional sağlamlığa təsiri ilə bağlı maraqlı nəticələr ortaya qoyub. AARP yaşı 50-dən yuxarı olan insanların rifahına təsir edən amillər üzrə ixtisaslaşmış maraq qrupudur.

Nəticələr

Tədqiqatın Harvard Tibb Məktəbi tərəfindən dərc edilmiş nəticələri bunlardır:

- Musiqi dinləyənlərin mental sağlamlıq balı daha yüksək, narahatlıq və depressiya səviyyəsi isə ümumi əhalidən daha aşağı olur.

- Sorğunun respondentləri arasında hazırda musiqili konsertlərə gedənlərin 69%-i öz beyin sağlamlığını "əla", yaxud "çox yaxşı" kimi qiymətləndirib. Müqayisə üçün, keçmişdə konsertlərə gedənlər arasında bu göstərici 58%, heç konsertə getməyənlər arasında isə 52% olub.

- Uşaqlıqda tez-tez musiqi dinlədiyini deyənlərin 68%-i öyrənmə qabiliyyətlərini "əla", yaxud "çox yaxşı" kimi qiymətləndirib. Uşaqlıqda tez-tez musiqi dinləməyənlərinsə cəmi 50%-i bu cavabları verib.

- Musiqi ilə aktiv məşğul olma, o cümlədən yaşı 50-dən yuxarı olanlar arasında xoşbəxtlik və koqnitiv funksiyanın güclü olması ilə assosiasiya edilib.

- Erkən yaşlarda musiqi ilə məşğul olmayan və musiqi dinləməyən, ancaq hazırda müəyyən qədər musiqi dinləyən yetkin şəxslərin mental sağlamlığı orta səviyyədən yuxarı olub.

"Sorğu" deyib keçməyin

Ancaq Harvard Tibb Məktəbinin məlumatında deyilir ki, 20 dəqiqəlik onlayn sorğuda bəzi məhdudiyyətlər də olub. Məsələn, sorğu yaşı 18 və daha yuxarı olan 3 min 185 amerikalını əhatə edib. ABŞ əhalisinin sayının 328 milyon nəfər olduğunu nəzərə alsaq, etibarlı nəticə çıxarmaq üçün bu say çox kiçikdir. Bundan başqa, bu, sadəcə, insanların rəyini əhatələyən bir sorğudur. Yəni, insanlar öz beyin sağlamlıqlarını "əla" kimi dəyərləndirsələr də, onların beyin sağlamlığının əsl vəziyyətini müəyyən edən obyektiv addımlar atılmayıb; məsələn, MRI müayinəsi aparılmayıb, yaxud qavrama qabiliyyəti ölçülməyib.

Hətta bütün bu dəyərləndirmələr həqiqi olsa belə, alınan nəticələr səbəb-nəticə əlaqəsi kimi dəyərləndirilə bilməz. Çünki bu araşdırma insanların öyrənmə qabiliyyətinin məhz musiqi dinləmə nəticəsində yaxşılaşdığını sübut etmir. Ola bilər ki, həmin insanlar ümumən rifah halı və maddi vəziyyəti yaxşı olan ailələrdə böyüyüblər və buna görə də daha yaxşı təhsil alıblar. Bu isə onların sonradan da yeni şeylər öyrənmək qabiliyyətini gücləndirib.

Ancaq AARP-ın sorğusunun nəticələrinin doğru olduğunu fərz etsək, sual yaranır ki, musiqi insanın beyninə necə bu qədər təsir edə bilər? "Əlimizdə dəqiq cavablar olmasa da, son bir neçə ildə koqnitiv nevrologiyada əldə olunan nəticələr bəzi mümkün mexanizmlər ətrafında ehtimallar irəli sürməyə imkan verir", - yazıda deyilir.

Musiqinin beynin ən geniş və ən çoxşaxəli şəbəkələrini aktivləşdirdiyi aşkar edilib. Musiqi beynin gicgah payında qulaqlara yaxın hissədə yerləşən dinləmə korteksini (qabığını) aktivləşdirir. Bundan başqa, beyinin emosiyaları tənzimləyən hissələri emosional musiqi dinləyən zaman nəinki aktivləşir, həm də sinxronlaşır. Musiqi beynin yaddaşa cavabdeh müxtəlif hissələrini də aktivləşdirir. Maraqlıdır ki, musiqi motor sistemini də fəallaşdırır.

Kanallar nə vaxt güclənir

Beyin keçiriciliyində iştirak edən kanallar və hətta bütöv şəbəkələr müntəzəm işlədildikləri zaman güclənir, işlənməyəndə isə zəifləyir. Bu isə beyinin səmərəli çalışan bir sistem olması ilə bağlıdır. Beyin illərlə işlədilməyən bir kanalı güclü saxlamağa enerji sərf etmir və həmin kanaldakı neyronlardan başqa məqsədlər üçün yararlanır. Məhz buna görə də 20 il işlətmədiyiniz xarici dildə danışmaq çətin olur; köhnə kanalların çoxu deqradasiyaya məruz qalır, neyronların çoxu isə başqa məqsədlərə cəlb edilir.

Musiqi isə beyinin bir çox nahiyə və şəbəkələrini aktivləşdirdiyi üçün onların güclü qalmasına şərait yaradır. Bu aktivləşən mərkəzlər sağlamlıq, öyrənmə və koqnitiv funksiyalar, həyat keyfiyyəti və xoşbəxtliyi də əhatə edir.

Yazıda deyilir ki, musiqini aerobika və sosial fəaliyyətlə birləşdirsək, daha çox fayda görərik. Zumba dərsinə yazılın. Caz aerobikası ilə məşğul olun. Rəqsə gedin. Pandemiya dövründə isə bütün bunları virtual, evdən çıxmadan etmək olar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG