Çexiya Respublikasının ən varlı adamı, milyarder Petr Kellner Alyaskada vertolyot qəzasında həlak olub. Məlumatı onun PPF maliyyə qrupu açıqlayıb.
“PPF böyük kədər hissiylə bildirir ki, 2021-ci il martın 27-də PPF-in majoritar səhmdarı Petr Kellner Alyaska dağlarında vertolyot qəzasına faciəvi şəkildə həlak olub”, – qrup martın 29-da qısa bəyanatda bildirir.
Beş nəfərin həlak olduğu qəzanın səbəbləri araşdırılır.
ABŞ mediasının daha öncə yazmasına görə, vertolyot dağda ekskursiya zamanı Alyaskada Knik Buzlağı yaxınlığında qəzaya düşüb.
Kellner necə sərvət sahibi oldu
56 yaşlı Kellnerlə birlikdə "Tordrillo Mountain Lodge” mərkəzinin Çexiya Respublikasından daha bir qonağı, iki bələdçisi və vertolyotun pilotu da olub.
Bir nəfərin qəzadan sağ çıxdığı, vəziyyətinin ağır sabit olduğu bildirilir.
Kellner 1990-cı illərdə investisiya fondu yaratmaqla ilk sərvətini qazanıb, ölkənin ən böyük sığorta şirkətində nəzarət paketini alıb.
“Forbes” dərgisi onun sərvətinin 17.5 milyard olduğunu bildirirdi.
2020-ci ilin oktyabrında milyarder Avropanın böyük yayın şəbəkəsi olan Mərkəzi Avropa Media Şirkətini 1.1 milyard dollara alıb. O zaman Çexiyada şəbəkənin müstəqilliyini itirə biləcəyi sarıdan narahatlıq vardı.
PPF qrupu ölkənin pandemiya ilə mübarizəsinə milyonlarla respirator və maska, test komplektləri ianə edib.
Çexiyanın Baş naziri Andrey Babiş Kellnerin ailəsinə başsağlığı verib. “İnanılmaz faciədir. Çox məyusam”, – o, Twitter-də yazıb.