Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

AZƏRTAC-ın keçmiş əməkdaşı məhkəmə yollarında


AZƏRTAC
AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) 21 il işləyən Aygün Əliyeva Facebook sosial şəbəkəsində yazdığı statuslarına görə işdən kənarlaşdırıldığını bildirir. Onun sözlərinə görə, problemlər bələdiyyə seçkiləri ilə bağlı tənqidi statusundan sonra başlayıb.

A.Əliyeva "Turan" agentliyinə bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı Facebook profilində bunları yazib: "Niyə səsverməyə gedim ki? Allahın bir zibil qabını qoymurlar". (Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib)

Onun əlavə etməsinə görə, həmin qeydləri ilə bağlı izahat yazmalı olub: "Dedim, hətta ölkə başçısı bələdiyyələrin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirir, burda nə var ki? Cavab verdilər ki, Prezident Administrasiyası belə istəyir".

"Məni çağırıb dedilər ki,..."

Ötən il avqustun 3-də isə A.Əliyeva işdən kənarlaşdırılıb: "Məni çağırıb dedilər ki, "biz daha səninlə işləyə bilmərik, ərizəni yaz, çıx". Bildirmələrinə görə, Prezident Administrasiyasından (İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri) Vüqar Əliyev zəng vurub deyib ki, "bu qız dövlət əleyhinə çağırışlar yazır, bələdiyyələrin fəaliyyəti haqqında status yazıb. Biz sizə yanvar ayında dedik, amma siz onu çıxarmadınız, indi isə çıxarmalısınız"".

O deyir ki, AZƏRTAC-dan ona həmçinin, başqa bir statusla bağlı da irad bildiriblər: "Elə avqustun 3-də mənə əlavə olaraq dedilər ki, "sən statusunda "mən iki uşaq doğmuşam" yazmısan, ayıb olsun. Azərbaycan qadınına, AZƏRTAC-ın işçisinə yaraşmayan ifadələr qurmusan". Mən isə buna etiraz etmişəm".

"Əgər mən savadsız müxbirəmsə,…"

A.Əliyevanın sözlərinə görə, ərizə yazmaqdan imtina edəndən sonra onu işinin öhdəsindən gələ bilməməsini əsas gətirərək işdən çıxarıblar: "Mən 3 il buraxılış redaktoru işləmişəm. Ondan əvvəl isə bölmə müdiri işləmişəm. Redaktorum xəstə olduğuna görə yarım il onu əvəzləmişəm. Mən redaktoram. İndi isə deyirlər ki, mənim materiallarımı redaktə etməkdən yorulur insanlar. Bu necə olur?! Bu çox gülünc bəhanədir. Mən 3 il prezident müxbiri olmuşam, Mehriban xanımla, Heydər Əliyev Fondu ilə, Nazirlər Kabineti ilə işləmişəm. Əgər mən savadsız müxbirəmsə, mənim orada nə işim var idi?".

O, məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə onun iddiasını təmin etməyib: "Məhkəmə iclası zamanı dedilər ki, mən dövlət əleyhinə yazılar yazıram. Digər statusumu da bəhanə gətirdilər. Onlar məhkəmədə dedilər ki, guya mən ayda cəmi 18-20 xəbər hazırlamışam. Xoşbəxtlikdən əksini sübut edən dəlillərim vardı. Amma məhkəmə AZƏRTAC lehinə qərar çıxardı. Qərardan apellyasiya şikayəti verəcəm".

"İnsan öz təqsirini boynundan atır"

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov isə A.Əliyevanın Facebook-da yazdığı yazılarına görə işdən kənarlaşdırılması ilə bağlı sözlərinin doğru olmadığını söyləyir.

O, "Turan" agentliyinə bildirib ki, A.Əliyeva AZƏRTAC-da əvvəl texniki işçi kimi çalışıb, sonra şöbə müdiri və xüsusi müxbir vəzifələrində işləyib: "İnformasiyaları həmişə gec göndərib, səhv hazırlayıb, peşəkar deyil. Bunun üstündə çoxlu mübahisələr olub, çox iclaslar keçirmişik, hətta bir dəfə cərimə də olunub. İnsan öz təqsirini boynundan atır. Facebook-da yazdığının bura nə dəxili var? Məhkəmə də məsələni obyektiv araşdırdı və qərar qəbul etdi".

D.İsmayılov əlavə edib ki, A.Əliyevanın Prezident Administrasiyasının tapşırığı ilə işdən çıxarılması ilə bağlı iddiaları əsassızdır: "Belə bir şey yoxdur və olmayıb da".

Məsələ ilə bağlı Prezident Administrasiyasından, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG