Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:58

Cəbhəçi həkim: "Siyasi baxışlarıma görə işdən çıxardılar"


Elnur Yusubov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü (AXCP) Elnur Yusubov deyir ki, həkimdir, amma siyasi baxışlarına görə işdən çıxarılmışdı. Onun sözlərinə görə, indi də siyasi baxışlarına görə həbsdədir. Bu barədə o, avqustun 13-də Bakı Apellyasiya Məhkəməsində danışıb.

E.Yusubov İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə - karantin rejimi qaydalarını pozmaqda təqsirli bilinərək, 30 sutka inzibati həbs cəzası alıb. Özü isə deyir ki, bu ittiham yalandır, iyulun 26-da maşınla getdiyi zaman mülki geyimlilər qarşısını kəsib, zorla düşürüb aparıblar:

"İki gün sonra isə saxta ittihamla haqqımda həbs qərarı çıxardılar. Əslində mən Qarabağ yürüşündə iştirakıma görə həbs olunmuşam".

“Həmin axşam evdən çıxmamışam”

Onun haqqında 30 günlük inzibati həbs qərarı iyulun 28-də Xətai rayon Məhkəməsində çıxarılıb. Apellyasiya şikayətinə baxan hakim Habil Məmmədov E.Yusubovdan mitinqə niyə getdiyini soruşanda onun cavabı belə olub: "Uşaqlarımın, ölkəmin gələcəyi üçün..."

H.Məmmədov şikayəti təmin etməyib, onun haqqında 30 günlük inzibati həbs qərarını qüvvədə saxlayıb.

Qarabağ yürüşünə görə cinayət məsuliyyətinə cəlb edilən AXCP Rəyasət Heyətinin

Bəxtiyar İmanov - AXCP Rəyasət Heyətinin üzvü
Bəxtiyar İmanov - AXCP Rəyasət Heyətinin üzvü

üzvü Bəxtiyar Imanovun isə ev dustaqlığına buraxılması haqda vəsatətinə Nəsimi rayon Məhkəməsində baxılıb. B.İmanov deyib ki, həbsi qanunsuz, ona qarşı irəli sürülmüş özgə əmlakını məhv etmə, ictimai asayişin pozulması, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə ittihamları yalandır. Çünki o, Qarabağ yürüşündə ümumiyyətlə, iştirak etməyib: "Mən həmin axşam evdən çıxmamışam. Nə kimdənsə tapşırıq almışam, nə də kiməsə tapşırıq vermişəm..."

Vəkili onun günahsız olmasıyla yanaşı, ali təhsilli, vaxtilə Elmlər Akademiyasında çalışması, himayəsində azyaşlı uşaqlarının olmasını vurğulayıb və ev dustaqlığına buraxılmasını istəyib. Amma hakim Babək Həsənov "yox" deyib.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs saxlanıb. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü saxlanılıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürülərək, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib. 10 nəfər isə sərbəst buraxılıb.

Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara qarşı özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG