Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:47

Suriyada Türkiyə-Rusiya qarşıdurması kəskinləşir


Bab əl-Həva keçidi yaxınlığında qaçıqlara yardım daşıyan yük maşınları alovlanıb
Bab əl-Həva keçidi yaxınlığında qaçıqlara yardım daşıyan yük maşınları alovlanıb

Vaşinqton Suriya münaqişəsinin bütün tərəflərini atəşin dayandırılmasına çağırıb.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays martın 22-də deyib ki, Birləşmiş Ştatlar Suriyada Əsəd rejiminin artilleriya atəşlərini və Rusiyanın hava zərbələrini qətiyyətlə pisləyir.

Bu bombardmanın nəticəsində Hələb şəhərinin qərbində və İdlib qəzasında dinc sakinlər həlak olub.

Hələbin qərbində xəstəxananın artilleriya atəşinə tutulması nəticəsində bir uşaq da daxil bir neçə pasient həlak olub, habelə onlarca tibb işçisi xəsarət alıb.

“Amerikanın səsi” xəbər verir ki, bu xəstəxananın koordinatları BMT-nin münaqişələrin çözülməsi mexanizminə uyğun olaraq münaqişə tərəflərinə bildirilmişdi.

Bu da xəbər verilir ki, Rusiya hərbçiləri İdlib qəzasının Türkiyə ilə həmsərhəd rayonlarına aviasiya zərbələri endiriblər.

Bunun nəticəsndə bir mülki şəxs həlak olub, habelə bölgəyə humanitar yardımın gətirilməsi üçün təhlükə yaranıb.

Bu ərazidəki təhlükəsizlik dəhlizindən hər ay 2,4 milyon suriyalıya yardım gətirilir.

Qaz qurğuları, sement zavodu və xəstəxana vurulub

Dövlət Departamentinin nümayəndəsi xəbərdarlıq edib ki, mülki şəxslər, tibb heyəti və tibb müəssisələri heş vaxt hərbi əməliyyatların obyekti olmamalıdır.

Bundan əvvəl Reuters agentliyi xəbər vermişdi ki, Rusiya təyyarələri martın 21-də Surya-Türkiyə sərhədinə yaxın qaz qurğusuna, sement zavoduna və bir neçə şəhər və kəndə zərbələr endirib.

Eyni vaxtda Suriya ordusunun artilleriya atəşləri nəticəsində bu ərazidəki xəstəxanada 7 xəstə həlak olub və 14-dək tibb işçisi yaralanıb.

Bəzi mənbələr bildirirlər ki, Qah şəhəri Rusiyanın istehsalı olan yer-yer raketləri ilə atəşə tutulub, Rusiya isə Türkiyə sərhədində qaçqınların sıx yerləşdiyi düşərgəyə yaxın əraziləri bombardman edib.

Qaz qurğusu Sarmada şəhəri yaxınlığında hədəflənib və Bab əl-Həva sərhəd keçidində qaçqınlara yardım daşıyan yük maşınları od tutub.

Sakitliyi Rusiyanın hava zərbələri pozur

Qərb kəşfiyyatı mənbələri bunu da bildirirlər ki, bu ayın əvvəllərində onlarca neftayırma qurğusunda yanğına səbəb olmuş ballistik raket zərbələrinin də arxasında Rusiya olub.

Əl-Bab və Carablus şəhərlərinin yaxınlığında olan bu ərazilər Türkiyənin nəzarətindədir.

Türkiyə tərəfindən dəstəklənən üsyançı alyansı - Milli Ordu bildirib ki, Rusiya qiyamçıların nəzarətində olan sonuncu ərazidə xaos yaratmağa cəhdlər göstərir.

Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Rusiyaya atəşin dayandırılmasına dair tələbnamə göndərilib və Türkiyə ordu birləşmələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Moskva bu xəbərlərə hələki heç bir reaksiya verməyib.

Reuters yazır ki, Suriya ordusu və üsyançılar arasında döyüşlər ötən il Rusiya və Türkiyə arasında əldə edilmiş razılaşmadan sonra səngiyib, lakin sakitliyi yenə də Rusiyanın hava zərbələri pozur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG