Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:24

Sosial durum Azərbaycanda bank kartlarından istifadəni çoxaldıb


Bank kartları
Bank kartları

2020-ci ildə bank sektorunda 4 olay yadda qaldı: 4 bankın lisenziyası ləğv edildi, 2019-cu illə müqayisədə aktivlər, mənfəət, depozit və kredit portfelləri azaldıldı. Sözügedən sektorda ötən illə bağlı diqqətçəkən daha bir məqam - bank kartlarının sayında və nağdsız əməliyyatların həcmində gözəçarpan önəmli artımdır. Mərkəzi Bankın müvafiq statistikasından aydın olur ki, 2019-cu ildə ölkədə dövriyyədəki ödəniş kartlarının sayı cəmi 7.2 milyon idisə, 2020-ci il boyunca bu göstərici 2 milyon ədəd (28%) artaraq 9.2 milyona yüksəldi.

İl ərzində ödəniş kartları ilə gerçəkləşdirilən əməliyyatların dəyəri 23.2 milyard manatdan 29 milyard manata, nağdsız əməliyyatların həcmi isə 4.6 milyard manatdan 6.1 milyard manata yüksəlib. Başqa deyimlə, ödəniş kartları ilə əməliyyatların ümumi dəyəri 2019-cu illə müqayisədə 26%, nağdsız hesablaşmaların ümumi dəyəri isə 33% artıb. Nəzərə almaq lazımdır ki, bu artım pərakəndə ticarət dövriyyəsinin, əhaliyə göstərilən ödənişli xidmətlərin həcminin və əhalinin gəlirlərinin əvvəlki ilə nəzərən azaldığı şəraitdə baş verib.

Sosial durumun pisləşməsinin təsirləri

Artım həm debet, həm də kredit kartlarının sayında müşahidə edilir. Ən çox artım təqaüd, pensiya və digər sosial ödənişlərin verilməsi üçün nəzərdə tutulan sosial kartlardadır. Bu tip kartların sayı 2020-ci ildə əvvəlki illə müqayisədə 1.1 milyona yaxın artıb.

Hökumət ötən il pandemiya ucbatından işini itirən 600 min insana 190 manat məbləğində birdəfəlik ödənişi də məhz bank kartları vasitəsilə verib. Həmin ödənişlə yanaşı, 2020-ci ildə gəlirləri ehtiyac meyarından aşağı olan aztəminatlı əhaliyə nəzərdə tutulmuş ünvanlı dövlət sosial yardımını alanların da sayı çoxalıb. Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, ötən il boyunca bu yardımı əldə edən ailələrin sayı 29 min nəfər (67%) artıb. Ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayı isə 175 mindən təxminən 300 minə yüksəlib. Bu baxımdan, sosial kartların sayındakı artımı da ötən il əhalinin gəlirlərinin azalmasının və sosial vəziyyətinin pisləşməsinin göstəricisi kimi qəbul etmək olar.

Kredit kartları devalvasiyadan sonra ilk dəfə 1 milyonu keçib

Sosial və ya əməkhaqqı təyinatı olmadan istifadə edilən debet kartların sayı da təxminən 425 min ədəd artıb. Daha bir diqqətçəkən məqamsa kredit kartlarının sayı ilə bağlıdır. Çünki ölkədə kredit kartlarının sayı 2015-ci ildəki devalvasiyalardan sonra ilk dəfə 1 milyon həddini aşıb. Bu, həm də 2019-cu illə müqayisədə 300 min ədəd (38%) artım deməkdir.

Kredit kartları ilə bağlı digər bir maraqlı məqam isə odur ki, əgər 2019-cu ildə ölkədə kredit kartları ilə xərclənən hər 100 manatdan 41 manatı bankomatlar vasitəsilə nağdlaşdılmış, 30 manatı POS-terminallar vasitəsilə, 29 manatı isə elektron ticarət platformalarında xərclənmişdisə, 2020-ci ildə bu nisbət ciddi dəyişib. Ötən il Azərbaycanda kredit kartları vasitəsilə xərclənən hər 100 manatdan artıq, sadəcə, 29-u bankomatlarda nağdlaşdırılıb. Vəsaitin POS-terminallarda istifadə edilən hissəsi isə 30 manatdan 42 manata yüksəlib. Başqa deyimlə, 2019-cu ildə kredit kartları vasitəsilə xərclənən hər 100 manatdan cəmi 59-u nağdsız istifadə edilmişdisə, 2020-ci ildə bu rəqəm 70-ə yüksəlib.

Kredit kartlarındakı qədər olmasa da, debet kartlarında da bənzər meyllər gözə çarpır. Əgər 2019-cu ildə debet kartlarına daxil hər 100 manatdan 78-i nağdlaşdırılmışdısa, 2020-ci ildə bu rəqəm 76 manata enib.

Nağdsız ödənişlərdə ciddi artım

Hesabat dövründə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 55%, dəyəri 22% artıb. Beləliklə, 2020-ci ildə ölkədə elektron ticarət dövriyyəsi 3.7 milyard manata yüksəlib. POS-terminallar vasitəsilə gerçəkləşdirilən əməliyyatların sayı 90%, yəni, az qala, 2 dəfə artaraq 50 milyona yaxınlaşıb. POS-terminallardakı nağdsız dövriyyənin həcmi isə 63% artaraq təxminən 2.2 milyard manatı haqlayıb.

2021-ci ilin ilkin göstəriciləri artım tendensiyasının bu il də davam etdiyini göstərir. Mərkəzi Bankın 2021-ci ilin yanvarına olan göstəricilərində də nağdsız ödənişlərin həcmində ötən ilin eyni ayına nisbətən 40%-dən çox artım olduğu görünür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG