Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

'Azərbaycan əhalisi sürətlə dollar almağa başlayıb'


"Vətəndaşlar banklara dollar satmırlar"
"Vətəndaşlar banklara dollar satmırlar"

Azərbaycanda dünən, martın 11-də keçirilən sonuncu valyuta hərracında 62.3 mln. dollar satılıb. Ondan iki gün əvvəl gerçəkləşən hərracda (həftədə iki dəfə keçirilir) valyuta satişi 41.9 mln. ABŞ dollar (təqribən 48 faiz az) təşkil etmişdi. Neftin son vaxtlar bahalaşdığı halda ölkədə dollara tələbatın artması nəylə bağlıdır? Bu hal davam edə bilərmi?

"İşğaldan azad olunmuş ərazilərdə müəyyən işlər başlayıb"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan" agentliyinə bildirib ki, valyuta hərracında dollara tələbatın kəskin artması manat kütləsinin həcmi ilə bağlı ola bilər: "Dollara tələbatın artımı ona görə ola bilər ki, müəyyən qədər manat kütləsi böyükdür və onu müəyyən qədər yığışdırmaq istəyirlər".

V.Əhmədov
V.Əhmədov

Deputat qeyd edib ki, bu, həm də işğaldan azad olunmuş ərazilərdə işlərin başlanması ilə də əlaqədar ola bilər: "Çünki artıq işğaldan azad olunmuş ərazilərdə müəyyən işlər başlayıb. Bu işlərdə dollardan istifadə edirlər, çünki xaricdən müəyyən materiallar alıb gətirirlər və sair".

V.Əhmədovun fikrincə, dollara tələbat həmçinin, insanların ona marağın artmasına görə arta bilər: "Ola bilsin ki, insanlar özləri də müəyyən qədər böyük vəsaitləri dollarda saxlamağa üstünlük verirlər".

"İnanmıram devalvasiya olsun"

Amma komitə üzvü hesab edir ki, bu hal manatın ucuzlaşmasına səbəb olmayacaq: "Mən inanmıram devalvasiya olsun. Çünki devalvasiya üçün müəyyən şərtlər var və onlardan biri neftin qiymətidir. Hazırda neftin qiyməti 65 dollardan yuxarıdır. İkincisi isə, Azərbaycan daxilində dövriyyə vəsaitinin həcmi yüksək səviyyədədir".

Deputata görə, bu il devalvasiya olmayacağının digər səbəbləri də mövcuddur: "Bizim şəhid ailələrimiz, qazilərimiz var və dövlət onlara vəsait ayırır. Devalvasiya olsa, bu vəsait dəyərdən düşəcək. İkincisi də, xarici şirkətlər işğaldan azad olunmuş ərazilərdə tikinti işləri aparırlar və belə olan halda devalvasiyaya getmək Azərbaycan dövlətinə sərf etməyəcək".

R.Abasbəyli
R.Abasbəyli

"Dövriyyədəki nağd pulun həcmi rekord səviyyədə yüksəlib"

İqtisadçı Razi Abasbəyli isə AzadlıqRadiosuna bildirib ki, dollara tələbatın artması və böyük həcmlərdə satılması manat kütləsinin artmasına səbəb olub. Onun fikrincə, bu isə inflyasiyaya və devalvasiyaya yol aça bilər. İqtisadçının sözlərinə görə, 2006-cı ildən bəri bu il dövriyyədəki nağd pulun həcmi rekord səviyyədə yüksəlib: "Cari ilin yanvarın 1-də Azərbaycanda ümumi nağd pul tədavülü 11 milyard 828 milyon manat təşkil edib. Mərkəzi Bankın açıqlamasına əsasən, tədavüldə olan nağd pulların 11 milyard 745 milyon manatı kağız, 83 milyon manatı isə metal pul nişanlarıdır".

O qeyd edib ki, dövriyyədə olan nağd pul kütləsinin artması Azərbaycan əhalisinin kütləvi şəkildə dollar alması ilə bağlıdır: "Kiçik bir araşdırma nəticəsində dövriyyədə olan nağd manatların həcminin artması tendensiyasının səbəblərini görmək olur. 2021-ci ilin yanvar ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 325 milyon 402 min təşkil edib. Bu, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 36 faiz artım deməkdir".

"Vətəndaşlar banklara dollar satmırlar"

R.Abasbəyli deyir ki, banklara satılan dolların həcmi də fantastik səviyyədə azalıb: "Vətəndaşlar banklara dollar satmırlar. Statistikaya əsasən, cari ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 67 milyon 729 min dollar təşkil edib. Bu da aylıq 30.6 faiz, illik müqayisədə isə 47.6 faiz azalma deməkdir. Yəni, banklar dollar yığa bilmir. Əvəzində Neft Fondundan hərraca çıxarılaraq banklar vasitəsilə satılan dollarlar manatla alınır və dövriyyədən çıxır".

İqtisadçılar gələn il devalvasiya olacağını deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

"Satışı kəskin artan dollarları kim alır?"

İqtisadçı qeyd edib ki, əhalinin ərzağa xərclədiyi pulun həcmi 2 milyard manat civarında qalıb: "Başqa istiqamətlər üzrə, məişət ehtiyacları, geyim, mebel, istirahət və əyləncə xərcləri kəskin azalmaqda davam edir. Təhsil və səhiyyə xərcləri də aşağı həddədir. Yəni, vətəndaşlar yalnız yemək və qidalanmaya pul xərcləyirlər. O zaman satışı kəskin şəkildə artan dollarları kim alır?".

R.Abasbəyli vurğulayıb ki, rəsmi məlumatlara görə, ölkədən dolların çıxarılmasında artım müşahidə olunmur: "Rəsmi olaraq Azərbaycandan çıxarılan dolların həcmində heç bir artım yoxdur. 2020-ci ildə də göstərici 2019-cu ildən aşağı olub. O zaman yalnız bir məntiq qalır-Azərbaycan əhalisi sürətlə dollar almağa başlayıb. Nəticə etibarilə də dollar satışı kəskin artır, dövriyyədəki nağd manat kütləsi çoxalır. Bu gedişlə ölkədə ilin ortalarında inflyasiyanın həddinin yüksəlməsi və dolların bahalaşması tendensiyası qaçılmaz olacaq".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG