Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:47

'Günəşin uşaqları' Oskara namizəddir


 "Günəşin uşaqları" filmindən kadr
"Günəşin uşaqları" filmindən kadr

Məcid Məcidinin "Günəşin uşaqları" filmi Oskar mükafatına namizəddir. Film, eyni zamanda, Venesiya kinofestivalında ən yaxşı gənc aktyor oyununa görə Marçello Mastroyanni Mükafatına layiq görülüb.

Filmdə baş rolu ifa edən Ruhulla Zəmani İran-İraq müharibəsi haqda "Mehdi Bakeri" serialında rol alıb.

Əfqan mühacirlər

"Variety" saytı yazır ki, Amerika Kino Akademiyasının 93-cü mükafatlandırma mövsümündə "Xarici tammetrajlı film" nominasiyasında namizəd olan film Kanadanın "Mongrel Media" və Fransanın "Bodega Films" şirkətləri tərəfindən də satın alınıb.

Film, bundan başqa, Avropanın alman dilli hissəsində (MFA+ Film Distribution), Benilüks ölkələri (Cherry Pickers), Skandinaviya (Angel Films), İspaniya (Caramel Films), Türkiyə (Filmarti Film), Meksika (Alameda Films), İndoneziya (Falcon Pictures), Malayziya, Bruney və Vyetnam (Suraya), habelə Tayvanda (Filmware) nümayiş etdiriləcək. Daha əvvəl filmi ABŞ-ın "Strand" şirkəti də satın alıb.

"Günəşin uşaqları"nın yaradıcı heyəti uşaq aktyorları seçmək üçün 4 ay ərzində 3 mindən çox dinləmə keçirib. Uşaqların bəziləri, o cümlədən Şamilə Şirzad və qardaşı Əbülfəzl həqiqətən də fəhlədirlər və fəhlə uşaqlar üçün məktəbə gedirlər. Filmdə əfqan mühacirləri oynayan bu uşaqlar həyatda da əfqanıstanlı mühacirlərdir.

Enerji və istək

Şamilə və Əbülfəzl kimi, Ruhullanın da bundan əvvəl aktyorluq təcrübəsi olmayıb. "O tərtəmiz idi, çiy enerjiyə malik idi, özü də gözləniləndən daha çox şey verməyə qərarlı idi. Baş rolun ifaçısını seçmək ən çətin iş idi. Ancaq Ruhulla baş rolu almaq üçün digərlərindən daha çox enerji və istək nümayiş etdirdi. Eynilə filmdə oynadığı obrazın xəzinəni tapıb anasını xilas etmək istəməsi kimi", – Məcidi "Variety"yə müsahibəsində deyib.

Sözügedən seriala gəlincə, burada Ruhulla İran-İraq müharibəsində döyüşməyə gedən yeniyetmə könüllünü oynayır. O, başqa bir yeniyetmə ilə birlikdə düşmənin mühasirəsinə düşür. Serialın rejissoru Hadi Hecazifər, prodüseri isə Əbülfəzl Səfəridir.

Məcidi müsahibəsində Ruhullanın aktyor fəaliyyətini davam etdirməsinə çox sevindiyini deyib. Ruhulla filmin çəkiliş heyətinin köməyi ilə aktyorluq məktəbinə yazılıb. Dərsləri pandemiya bitəndən sonra başlayacaq.

"Günəşin uşaqları" 12-yaşlı Əli və onun üç dostu haqdadır. Onlar birtəhər dolanmaq və ailələrinə kömək etmək üçün çox işləyirlər. Qarajda xırda işlərdən yapışır, hətta tez pul əldə etmək üçün bəzi xırda cinayətlər törədirlər. Əli guya yerin altında gizlədilmiş xəzinəni tapmaqda israrlıdır. O bunun üçün dəstəsini başına yığır. Ancaq tunelə çıxış əldə etmək üçün uşaqlar əvvəlcə "Günəş məktəbi"nə yazılmalıdırlar. Bu qurum küçə uşaqlarını və fəhləlik edən uşaqlara təhsil verən xeyriyyə məktəbidir. Ən əsası, məktəb xəzinənin yerləşdiyi əraziyə yaxındır.

Əsl xəzinə

"Məncə, əsas xəzinə bu uşaqlar və onların potensialıdır. Təhsil onların qeyd-şərtsiz hüququ və gələcəklərinin açarıdır. Əlbəttə, bütün uşaqlar təbii alim deyil. Çoxları heç sinifdə oturmağı da sevmir. Ancaq bu onlara nəfəslərini dərib böyümək, özlərini və ətraflarını kəşf etmək üçün vaxt verir. Bu, bütün uşaqların ehtiyacı olan bir imkandır. Məktəblə xəzinənin bir-birinin yanında yerləşdirilməsi təhsilin əhəmiyyətini vurğulayan metafor yaradır. Öz xəzinəni tapmaq üçün özünün içini qazıb axtarmalısan", – Məcidi deyir.

Filmin prodüseri Əmir Bənan bildirib ki, filmin yaradıcı heyəti İranda fəhlə uşaqlar üçün daha çox belə məktəblərin açılması üçün təbliğat aparır.

"Bu filmin vasitəsilə biz İranda insanların …belə məktəblərin sayının arıtırlmasına yardım etməsinə nail olmaq istəyirik. Uşaqlar dünyada layiq olduqları yeri tutmalıdırlar. …Biz imkanlar və dəyişiklik yaratmaqla bağlı nikbinik", – Bənan deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG