Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Rəqabət Məcəlləsinin qəbulu bu ilin sonunadək gözlənilir (Rəsmi)


Monopoliya (karikatura)
Monopoliya (karikatura)

Martın 16-da Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsi qaldırılıb. Deputatlar artıq 17 ildir müzakirə olunan Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacibliyini növbəti dəfə vurğuladılar.

"Qiymətlər durmadan artır"

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ərzaq və qeyri-ərzaq bazarında qiymət artımı müşahidə olunur: "Qiymətlər durmadan artır. Görülən çox mühüm işlərə baxmayaq, bunun qarşısı alınmır. Hökumət bununla bağlı təkliflər hazırlamalıdır. Qiymət artımı çox ciddi problemlər yarada bilər. Bu gün bazarda inhisarçılıq və monopoliya var. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu məcəllənin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq".

Son illər strateji yol xəritələrində Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı məsələ öz əksini tapsa və 2017-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində sözügedən layihənin müzakirələri aparılsa da, sənədin qəbulu hələ də gecikir. 2004-cü ildə hazırlanan Rəqabət Məcəlləsinin vacibliyi nədədir? 2006-cı ildə prezidentin Milli Məclisə təqdim etdiyi, həmin il iki oxunuşdan keçən və 15 ildir üçüncü oxunuşa çıxarılmayan məcəllənin qəbul olunmasına nələr mane olur?

"Bu qanunun qarşısını kəsən qüvvələr vardı..."
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

"Bu sənəd beynəlxalq standartlara uyğundur"

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "Turan" agentliyinə bildirilib ki, Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi üzrə görülən işlər artıq tamamlanıb və sənəd beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb: "Bu sənəd beynəlxalq standartlar səviyyəsinə uyğundur".

Dövlət Xidmətindən vurğulanıb ki, Rəqabət Məcəlləsinin qəbulu prezident İlham Əliyevin strateji yol xəritələri çərçivəsində verilən bir tapşırıqdır və Məcəllənin layihəsi artıq aidiyyəti qurumlara təqdim olunub: "Cənab prezidentin tapşırığına uyğun olaraq, Rəqabət Məcəlləsinin qəbulu bu ilin sonunadək gözlənilir".

"Sistemin özünün işləməsində ciddi problemlər var"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna mövzu ilə bağlı bunları deyib: "Maneələr maraq qruplarına görədir və parlamentdə təmsil olunan bəzi deputatların həmin maraq qruplarına xidmət etdikləri açıq şəkildə görünür".

Amma o, Azərbaycan reallıqlarını nəzərə alaraq bunun çox köklü dəyişikliklərə səbəb olacağını düşünmür: "Çünki sistemin özünün işləməsində ciddi problemlər var. Amma, heç olmasa, Rəqabət Məcəlləsinin qəbulu iş adamlarına, kiçik və orta sahibkarlara fürsət yarada bilərdi. Yəni, rəqabətin pozulması halında, heç olmasa, əlaqədar orqanlara, sonra isə məhkəmələrə müraciət etmək olardı".

N.Cəfərli
N.Cəfərli

N.Cəfərlinin sözlərinə görə, onda elə təəssürat yaranıb ki, sanki bu məcəllə maraq qruplarında başağrısı yaratmasın deyə, qəbul olunmur: "Yəni, kiçik sahibkarlar, şirkətlər tez-tez Rəqabət Məcəlləsindən istifadə edərək dövlət orqanlarına, məhkəmələr müraciət etməsin. Ona görə də, biz Rəqabət Məcəlləsinin qəbul prosesinin uzadılmasının şahidi oluruq".

"Məhkəmə hakimiyyətində ciddi dəyişikliklər aparılmalıdır"

O hesab edir ki, Rəqabət Məcəlləsi indi qəbul olunsa belə, bu hər şeyin dərhal dəyişəcəyi anlamına gəlmir: "Rəqabət Məcəlləsi ilə rəqabətin özünün yaratdığı bir alqoritm da olmalıdır. Yəni, rəqabət mühiti olmalıdır, məhkəmə hakimiyyətində ciddi dəyişikliklər aparılmalıdır, məmurları biznesdən ayırma prosesi, heç olmasa, başlamalı və sona çatmalıdır. Bu məsələlər fonunda Rəqabət Məcəlləsi Azərbaycanda effekt verə bilər".

N.Cəfərlinin deməsinə görə, Azərbaycanda məhdud sayda elə iri şirkətlər var ki, istər ərzaq, istərsə də qeyri-ərzaq bazarlarının böyük bir hissəsinə rəsmən nəzarət edir və xırda şirkətlərin müxtəlif yollarla bazara daxil olmasına maneçilik yaradırlar: "Rəqabət Məcəlləsi bu maneçiliyə görə ən azından iddiaların qaldırılmasına şərait yaradır. Bu o demək deyil ki, maneələr dərhal aradan qaldırılacaq. Amma kiçik və orta sahibkarların bir marağı yaranacaq ki, onlar da qruplaşsınlar, qeyri-hökumət təşkilatlarının səviyyəsində birliklər yaratsınlar, məsələni gündəmə gətirsinlər".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG