Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Partiyalar Ağdama gedib, amma...


Ağdam. 24 noyabr 2020
Ağdam. 24 noyabr 2020

Azərbaycanda fəaliyyət göstərən bir çox partiyaların sədrləri və rəhbər üzvləri işğaldan azad edilmiş Ağdam rayonuna səfər ediblər. Səfər martın 17-də səhər tezdən başlayıb.

Heyətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də yer alır. Səfəri Prezident Administrasiyası təşkil edib.

Ümid Partiyasının sədri İqbal Ağazadənin telefonla verdiyi xəbərə görə, o, başqa siyasətçilərlə birlikdə hazırda Ağdam bölgəsində dağıntıları müşahidə edirlər.

"Heç nə salamat qalmayıb, hər şeyi dağıdıblar", - İ.Ağazadə əlavə edib.

Bəzi müxalifət partiyaları isə bu səfərdə iştirak etmir. Müsavat Partiyasından bildirilib ki, Azərbaycan iqtidarının 50 partiyadan təşkil olunmuş dialoq formatında Müsavat Partiyası iştirak etmədiyi üçün bu təklifdən imtina edilib: "Müsavatçılar özləri Azərbaycan torpaqların istənilən bölgəsinə gedəcəklər".

AXCP-yə dəvət olmayıb

AXCP sədrinin müavini Seymur Həzinin sözlərinə görə isə, Xalq Cəbhəsi Partiyası (AXCP) Ağdam səfərinə dəvət almayıb. S.Həzi hesab edir ki, işğaldan azad olunmuş əraziyə xarici siyasətçilər və jurnalistlər getməlidir: "Yerli insanların oradakı vəziyyətdən onsuz da xəbəri var".

AXCP-nin bu açıqlamasına Prezident Administrasiyasından münasibət almaq mümkün olmayıb. Bir qayda olaraq, Azərbaycan prezidenti çıxışlarında AXCP-nin daxil olduğu Milli Şuranı sərt tənqid edir.

Azərbaycan Prezident Administrasiyası bundan öncə jurnalistlərin, bloqer və qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin işğaldan azad olunan ərazilərə səfərini təşkil etmişdi.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona (Ağdam rayonu daxil) nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG