Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Prezident yenidən Şuşada olub 


Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da işğaldan azad edilən Şuşa şəhərində olublar.

AZƏRTAC-ın xəbərinə görə, onlar Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə gediblər. Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına kompleksin bərpası layihəsi ilə bağlı məlumat verib. Qeyd edilib ki, bu layihəni Heydər Əliyev Fondu həyata keçirəcək.

Prezident İ.Əliyev və ailə üzvləri daha sonra Karvansaray tarix-memarlıq kompleksinə baxıblar. Onlar habelə, "Qarabağ" mehmanxanasında aparılacaq təmir-bərpa işləri ilə də tanış oldular. Dövlət başçısı və ailə üzvləri daha sonra Şuşada Park otelin yerləşəcəyi binaya da baş çəkiblər.

Prezident, onun ailə üzvləri bundan 1 gün əvvəl isə Füzuli və Xocavənd rayonlarında olmuşdular.

Prezident və ailə üzləri bu ilin yanvarında da Şuşa şəhərinə səfər etmişdilər.

Xatırlatma


2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG