Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:18

Xocavənddə minaya düşən var


Ərazilərin minalardan təmizlənməsi

Martın 13-də mülki şəxs Xocavənd rayonunda minaya düşüb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, İmran Baxşaliyev Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən minaya düşüb: "Nəticədə o, çoxsaylı xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib".

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunun araşdırma apardığı bildirilir.

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, ötən il noyabrın 10-dan işğaldan azad edilən ərazilərdə minaya düşmək üzündən 15 civarında şəxs həlak olub, 70-ə yaxını isə yaralanıb. Onların arasında həm hərbi qulluqçuların, həm də mülki şəxslərin olduğu bildirilir. Azərbaycanın rəsmi qurumları son aylar işğaldan azad edilən ərazilərdəki minaların xəritələrinin onlara verilməməsindən şikayətlənirlər.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Xatırlama

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG