Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Türk konsulunun qatilinin azadlığa buraxılmasını pisləyirlər


Hampiq “Harri” Sasounyan
Hampiq “Harri” Sasounyan

Kaliforniyanın qubernatoru Qeyvin Nyusom onun azadlığa buraxılmasına qarşı çıxırdı. Sözçüsü “AFP”yə deyib ki, qərardan şikayət verilməyəcək

1982-ci ildə Türkiyənin Los Ancelesdəki Baş konsulunun qətlində təqsirli bilinmiş erməni şərti azadlığa buraxılacaq. ABŞ Dövlət Departamenti və Türkiyə Xarici İşlər Nazirliyi bu qərarı pisləyiblər.

Hampiq “Harri” Sasunyan Birləşmiş Ştatlara mühacirət etmiş etnik ermənidir. O, 1984-cü ildə türkiyəli diplomat Kemal Arikanın qətlində təqsirli bilinib. Diplomat Los Ancelesdə işıqforda dayanarkən avtomobilində güllələnib.

Dünyada Türkiyə maraqlarına qarşı bir neçə hücum gerçəkləşdirilmş erməni silahlı təşkilatının üzvü olan Sasunyan şərti cəza hüququ tanınmadan ömürlük həbsə məhkum edilib. Amma sonradan apelyasiya məhkəməsi qərarı dəyişib.

2002-ci ildə prokurorlar Sasunyanla razılaşma əldə ediblər. Hazırda 58 yaşı olan, Kaliforniyada həbs cəzası çəkən Sasunyan terrorçuluğu pisləməsi və təqsirini etiraf etməsi əvəzində şərti cəza hüququ əldə edib.

O, vaxtından əvvəl azadlığa buraxılması üçün bir neçə dəfə müraciət etsə də, hakim yalnız bu yaxınlarda onun müraciətini təmin edib.

Qubernator şikayət verməyəcək

Kaliforniyanın qubernatoru Qeyvin Nyusom onun azadlığa buraxılmasına qarşı çıxırdı. Sözçüsü “AFP”yə deyib ki, qərardan şikayət verilməyəcək.

“Qubernator bu işdəki faktorları diqqətlə araşdırıb və şikayət verilməyəcək”, – sözçü deyib.

Bu qərar Türkiyə Xarici İşlər Nazirliyinin kəskin reaksiyasına səbəb olub. 1970-80-ci illərdə erməni silahlılar onlarla türk diplomatını qətlə yetiriblər, 1-ci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasında öldürülmüş ermənilərin intiqamını aldıqlarını deyiblər.

“ABŞ administrasiyasının cəhdlərinə baxmayaraq qarşısını almaq mümkün olmayan bu ağır qərar dünyəvi hüquq və ədalət anlayışına ziddir”, – XİN bildirib. Qurum onu da əlavə edib ki, “erməni terrorçu təşkilatlarının” hücumları nəticəsində 31 diplomat daxil olmaqla 58 Türkiyə vətəndaşı qətlə yetirilib.

ABŞ-ın mövqeyi

Dövlət Departamenti də bəyanatında şərti azadlıq qərarından “dərindən məyus olduğunu” bildirib.

“Diplomata hücum təkcə konkret fərdə qarşı ağır hücum deyil, diplomatiyanın özünə hücumdur. Dünyada özünü işinə həsr etmiş ABŞ diplomatlarının təhlükəsizliyini təmin etməkdən ötrü Birləşmiş Ştatlar diplomatları öldürənlərə maksimum cəza verilməsini, onların şərti cəza, yaxud erkən azadlıq hüququndan məhrum olunmasını təbliğ edir”, – Dövlət katibi Entoni Blinken deyib.

1-ci Dünya müharibəsi vaxtı və ondan sonra 1.5 milyon erməninin öldürüldüyü, yaxud Anadoludan deportasiya olunduğu bildirilir. Ermənilər bunu “Böyük Cinayət” adlandırırlar.

Ermənistan daxil 30-dan çox ölkə bu qırğınları “soyqırım” kimi tanıyıb.

Osmanlı imperiyasının varisi sayılan Türkiyə isə “soyqırım” sözünü rədd edir, qətlləri “1915-ci il hadisələri” adlandırır.

Ankaranın mövqeyinə görə, 500 minədək erməni mülki çəkişmələr, xəstəlik, aclıqdan qırılıb, Osmanlı dövlətinin onları məhv etmək niyyəti olmayıb. Türkiyə həmin dövrdə Anadoluda yüzminlərlə müsəlmanın da qırıldığını bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG