Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:54

Sarkisyan Paşinyanın fərmanını imzalamayacağını bildirib


Armen Sarkisyan
Armen Sarkisyan

Sarkisyan gərginliyin azaldılması üçün danışıqlara çağırsa da, Qasparyanın işdən çıxarılmasını təsdiqləməməklə özü də böhranı dərinləşdirmiş olub

Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, Artak Davtyanın silahlı qüvvələr baş qərargahının rəisi vəzifəsinə təyin olunmasına dair baş nazir Nikol Paşinyanın fərmanını imzalamayacaq.

Amma prezident həm də deyib ki, o bu məsələ barəsində Konstitusiya Məhkəməsinə də müraciət etməyəcək.

Beləliklə, Ermənistan qanunlarına görə Davtyan barədə fərman avtomatik qüvvəyə minməlidir.

***

Ermənistan hökuməti bildirib ki, Artak Davtyanın silahlı qüvvələr baş qərargahının rəisi təyin olunmasına prezident Armen Sarkisyanın etirazını rədd edir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə bəyanatı baş nazir Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan açıqlayıb.

Bundan sonra prezident Armen Sarkisyan ya Artak Davtyanın baş qərargah rəisi vəzifəsinə təsdiq olunmasına dair sənədi imzalamalı, ya da Konstitusiya Məhkəməsinə müraciət etməlidir.

Ermənistan qanunlarına görə prezident bu iki hərəkətdən heç birini etməsə, Davtyan avtomatik olaraq Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi hesab ediləcək.

2018-ci ilin mayından baş qərargah rəisi olmuş Davtyanı 2020-ci ilin iyununda Onik Qasparyan əvəzləyib.

Martın 10-da isə Müdafiə naziri Vaqarşak Arutyunyanın əmriylə, baş qərargah rəisinin müavini, general leytenant Stepan Qalstyan müvəqqəti olaraq baş qərargah rəisi vəzifəsini icra etməyə başlayıb.

***

Ermənistan Prezidenti Armen Sarksyan Baş nazir Nikol Paşinyanın silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə təklif etdiyi Artak Davtyanın namizədliyini rədd edib.

Prezidentin mətbuat xidməti onun qərarını martın 11-də açıqlayıb. Bir gün öncə Paşinyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən kənarlaşdırılmış sayıldığını bəyan edib. Çünki Sarkisyan onun işdən çıxarılması haqda fərmanla bağlı qanuna uyğun olaraq Konstitusiya Məhkəməsinə müraciət etməyib.

Qasparyanın işdən kənarlaşdırılmasını həm Sarkisyan, həm də ordunun baş qərargahı rədd edib. Baş qərargah mövcud siyasi böhrandan çıxmaq üçün vaxtından əvvəl seçki keçirməyə çağırır. Silahlı qüvvələr Paşinyanın istefasını tələb etsə də, baş nazir bunu silahlı çevriliş cəhdi adlandırıb.

Müxalifət Paşinyanı Azərbaycanla ötənilki müharibənin nəticələrinə görə ittiham edir. Azərbaycan 44 günlük əməliyyatlarla Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri alıb. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Qasparyan və bir qrup general fevralın 25-də Paşinyandan istefa verməyi tələb edib. Bundan sonra hökumətlə ordunun aparıcı zabitlərinin dəstəklədiyi müxalifət arasında siyasi qarşıdurma yaranıb.

Sarkisyan gərginliyin azaldılması üçün danışıqlara çağırsa da, Qasparyanın işdən çıxarılmasını təsdiqləməməklə özü də böhranı dərinləşdirmiş olub.

Böhran başlanandan həm müxalifətin, həm də Paşinyanın tərəfdarları paytaxtda yürüşlər keçiriblər.

Martın 9-da müxalifət tərəfdarları hökumətin binasını mühasirəyə alıb, polislə ara-sıra toqquşmalar yaşanıb. Martın 10-da isə parlament binasına girişi bağlayıb.

Paşinyan isə noyabrda imzalanmış atəşkəs bəyanatını müdafiə edir, Azərbaycan ordusunun Dağlıq Qarabağ regionunun bütünlükdə nəzarətə almasını önləmək üçün yeganə yol olduğunu deyib.

Baş nazirin parlamentdəki “Mənim addımım” alyansı bu il vaxtından əvvəl parlament seçkisi keçirməyi təklif edir. Amma baş nazir istefa verməkdən imtina edir.

Sarkisyan Paşinyanı və müxalifət liderlərini martın 13-də danışıqlara çağırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG