Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Üztanıma sistemləri etirazçıları necə tapdı – Qərb mediası


Moskvada X5 supermarketi
Moskvada X5 supermarketi

Ötən ay adı çəkilməyən hüquq-mühafizə əməkdaşı TASS dövlət xəbər agentliyinə dedi ki, nümayişlərdən öncə daimi etirazçıları müəyyənləşdirib saxlamaq üçün həmin kameralardan istifadə olunub

“Frans Pres” (AFP) agentliyi Moskvada üztanıma sistemlərinin sürətlə quraşdırıldığını yazır. Onlar hər yerdədir – şəhərdəki kameralardan tutmuş, metro stansiyalarının girişindəki ödəniş sistemlərində, supermarketlərdə və sairə.

Agentlik yazır ki, koronavirus pandemiyası başlanandan bu tədbirlərin miqyası da böyüyüb, belə ki, lokdaun zamanı rusiyalılar da təmassız ödənişlərdən istifadəyə üz tutublar.

Bəziləri bu texnologiyanı alqışlayır, insan haqları fəalları isə dövlət nəzarətinin genişlənməsindən narahatlıq bildirirlər.

Bircə düyməni bas və...

Martın 10-da ölkənin aparıcı ərzaq ticarətçisi olan X5 qrupu Moskvadakı supermarketlərində üz tanıma ilə ödəniş sisteminin quraşdırıldığını açıqlayıb. İlin sonunadək ölkə üzrə 3 min mağazada bu texnologiyanın tətbiq olunacağı bildirilib.

“Bu, müştərilər üçün rahatdır, çünki özləri ilə pulqabı gəzdirmir, yaxud telefonlarını ciblərindən çıxarmırlar. Sadəcə, bir düyməni basaraq üzləri ilə ödəniş edirlər”, – X5-in innovasiya üzrə direktoru İvan Melnik agentliyə deyib.

Texnologiyanı Visa ödəniş sistemi və Rusiyanın nəhəng Sberbank-ı ilə hazırlamış X5 istifadəçi gizliliyinin qorunacağını vəd edir.

Moskvalılardan bəziləri bu rəqəmsal inqilabı alqışlayır. “Əladı, axı 21-ci əsr texnologiya erasıdır”, – 28 yaşlı bankir Andrey Yepifanov deyib.

Visa-nın araşdırmasına görə, rusiyalıların 70 faizi bu ödəniş sistemindən istifadəni planlaşdırır.

Biometrik data yığılır

Moskvalılar metrodan istifadə zamanı da üztanıma texnologiyasından yararlana bilərlər. Bunun üçün onların bank hesabı olmalıdır. Həmin bank hesabında isə biometrik data yerləşir. “Kommersant” qəzeti hökumətin rusiyalıların biometrik datasının toplanması işini genişləndirdiyini yazır.

Qəzetin yazmasına görə, hökumət ümid edir ki, növbəti iki il ərzində biometrik datasını qeydiyyata aldırmış rusiyalıların sayını 164 mindən 70 milyona çatdıracaq.

“Biometrik datasız bəzi dövlət xidmətləri məsafədən əlçatmaz ola bilər”, – qəzet mənbəyə istinadla yazıb.

“AFP” qeyd edir ki, biometrik datanın getdikcə daha çox yığılması və Moskvada 100 min üztanıma kamerasının quraşdırılması fəalların dövlət nəzarəti sarıdan narahatlığını gücləndirir.

Pandemiyanın əvvəlində Moskvada nəzarət kameralarından lokdaun qadağalarının monitorinqi üçün istifadə olundu.

İddialar

“Roskomsvoboda” rəqəmsal hüquqları QHT-si ötən il üztanımadan geniş istifadəyə qarşı kampaniya başladıb, sistemdən sui-istifadəni, datanın sızdırılmasını, razılığın alınmamasını gündəmə gətirir.

Tanınmış müxalifətçi Alyona Popova isə iddia edir ki, şəhərin üztanıma sistemindən onu və tərəfdarlarının razılığı olmadan tanınması üçün istifadə olunub. Amma Moskvada məhkəmə onun iddiasını rədd edib.

Yanvarda və fevralın əvvəlində müxalifətçi Aleksey Navalnının saxlanmasına etiraz aksiyalarında fəallar iddia edirdilər ki, hüquq-mühafizə əməkdaşları yürüşlərə qatılanları üztanıma texnologiyası ilə izləyib.

Ötən ay adı çəkilməyən hüquq-mühafizə əməkdaşı TASS dövlət xəbər agentliyinə dedi ki, nümayişlərdən öncə daimi etirazçıları müəyyənləşdirib saxlamaq üçün həmin kameralardan istifadə olunub.

Agentlik hakimiyyətin üztanıma şəbəkəsini genişləndirdiyini, bu ayın əvvəlindən artıq bütün metro stansiyalarında üztanıma kameralarının quraşdırıldığını yazır. Metroda təhlükəsizlik xidmətinin rəhbəri isə yalnız axtarış siyahısında olanların yoxlandığını söyləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG