Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:13

İcra başçısının müavininin adı hallanan 6.5 milyonluq yeyinti


Gözdən əlillər üçün inşa edilmiş bina

Gözdən əlillər üçün inşa edilmiş, açılışına prezidentin də qatıldığı bina ilə bağlı korrupsiya araşdırmaları davam edir. Söhbət bu binada mənzil almaq adıyla 100 nəfərdən çox adamın aldadılıb ümumilikdə 6.5 milyon manat vəsaitin mənimsənilməsindən gedir. Pul verən adamlara növbəyə götürülmələri haqda Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamı da verilib. Həmin şəxslər də bildirir ki, məhz icra hakimiyyətinin rəsmi sənədinə güvənib pul veriblər.

Bu qalmaqalla əlaqədar "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri Səmyar Abdullayev, qurumun əməkdaşı Hikmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yomətdin Şıxəliyev cinayət məsuliyyətinə cəlb olunub. Daha bir nəfər – Məzahir Nəsirov isə beynəlxalq axtarışa verilmişdi. Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən Nəsirov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

"Hansına nə qədər verilib, özləri bilir..."

Cinayət işinin materiallarında iddia olunur ki, Nəsirov mənzil almaqdan ötrü pul vermiş vətəndaşlarla icra hakimiyyəti arasında vasitəçilik edib. Pulları icra hakimiyyətinə çatdırmaq adıyla o alıb və mənimsəyib.

Amma Nəsirov bu barədə iddiaları qəbul etmir. O bildirir ki, gözdən əlillər üçün tikilən binadan ev almaq istəyənlərin verdiyi pulların bir hissəsi Gözdən Əlillər Cəmiyyətinə, əsas hissəsi isə Nərimanov rayon İcra Hakimiyyətinə çatıb: "İcra hakimiyyəti də, öz növbəsində, nazirliyə, Bakı şəhər İcra Hakimiyyətinə verib. Hansına nə qədər verilib, özləri bilir...".

Onun sözlərinə görə, adamların aldadıldığını özü də sonradan bilib və bundan sonra ölkəni tərk edib.

"Məzahir müəllim icra hakimiyyətinin əməkdaşı olduğunu demişdi. Elə danışırdı ki, elə bil, icra başçısının müavinidir. 40 min pulu ona vermişəm. Mənə növbəyə götürülməyim haqda icra hakimiyyətinin sərəncamı verilmişdi. Buna görə də etibar etmişəm", - zərərçəkmiş Sərhəd İbayev məhkəmədə dindirilərkən belə deyib.

"O, göstəriş verib..."

İcra hakimiyyətinin hüquq şöbəsinin keçmiş müdiri Yomətdin Şıxəliyev məhkəmədə dindirilərkən bildirmişdi ki, gözdən əlilliyi olmayan, amma həmin binada mənzil almaq istəyən şəxslərin qeydiyyata salınmasını öz təşəbbüsü ilə etməyib. Onu bu işə icra başçısının birinci müavini Şahmar İbadov təhrik edib: "O, göstəriş verib, mən də hüquq şöbəsinin müdiri kimi sənədlərə imza atmışam".

İbadov icra başçısının müavini olmaqla yanaşı, həm də icra hakimiyyətində imtiyazlı ailələr üçün mənzil növbəsini müəyyənləşdirən komissiyanın sədri olub. O, məhkəmədə şahid qismində dindirilərkən bildirib ki, komissiyanın sədri olsa da, sənədləşmə məsələlərinə hüquq şöbəsi baxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi üzrə araşdırmalar davam edir. Məhkəmə prosesində o da məlum olub ki, Nərimanov rayon İcra Hakimiyyəti aldadılan vətəndaşlara pullarının qaytarılacağı barədə vəd verib. Hazırda da bu istiqamətdə danışıqlar gedir.

Məzahir Nəsirovun ittiham olunduğu 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG