Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Sosial evləri tikən şirkətin rəhbəri niyə həbs olunub


Yasamal Yaşayış Kompleksi
Yasamal Yaşayış Kompleksi

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan sosial evlərin bir qisminin təhvil verilməməsi ilə bağlı problemin səbəbi məlum olub. Yasamal Yaşayış Kompleksindəki binaları inşa edən "KAT Holding" MMC-nin rəhbəri Elçin Ələkbərov altı aydır ki, həbsdə imiş.

Gecikmə, əsasən, kompleksdəki 27, 28 və 29 nömrəli binalarda idi. MİDA vətəndaşların şikayətinə cavab olaraq açıqlama yaymışdı ki, "KAT Holding"lə müqavilənin şərtlərinə görə, şirkət 27 nömrəli binanı Agentliyə təhvil verməliydi. 28 və 29 nömrəli binalar isə şirkətin sərəncamında qalmalıydı. Agentlik iddia edir ki, şikayətlər də məhz şirkətin sərəncamında qalmalı olan binalarla bağlıdır.

Şərikinin şikayəti əsasında saxlanıb

"KAT Holding" MMC-nin təsisçisi E.Ələkbərovun həbsinə gəlincə, ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. E.Ələkbərovla yanaşı, "KAT Holding"in direktoru Mail İbadov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin təsisçidən fərqli olaraq, o, həbsdə deyil, istintaq dövrü üçün onun barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

E.Ələkbərov şəriki - Litva vətəndaşı Povilas Potsyusun şikayəti əsasında saxlanılıb. Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, əcnəbi işadamı şirkətə 3 milyon 260 min manatlıq köçürmədən sonra 50 faiz paya sahib olub: "Şirkətlə onun arasında notarial qaydada borc müqaviləsi bağlanıb. Şirkətin yarısına sahib olmaqla yanaşı, tikilən binalardan altı mənzil, iki qeyri-yaşayış sahəsi ona verilməliydi. Üstəlik, holdinqə daxil olan, bir neçə milyonluq zavod da onda girov olub. Razılaşma belə olub. Amma binaların tamamlanmasına çox az qalmış gəlib pulunu tələb edib. Sonra polisə şikayət edib".

"Kimin pulunu mənimsəyib?"

Litva vətəndaşının Xətai rayon Polis İdarəsinə şikayəti əsasında araşdırma aparan hüquq-mühafizə orqanları belə nəticəyə gəlib ki, borcla bağlı problem mülki məsələdir, cinayət tərkibi yoxdur. Bu əsasla da cinayət işi başlanmasının rədd olunması qərarı çıxarılıb. Amma sonradan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb və E.Ələkbərov həbs olunub. Onun özünün və yaxınlarının adına olan əmlakların üzərinə də həbs qoyulub.

"Kimin pulunu mənimsəyib, öz şirkətinin pulunu? Ortada müqavilə var. O, pul verib, müqabilində şirkətə şərik olub, 5 milyonluq zavod, bir o qədər dəyərdə də başqa əmlaklar götürüb. Görünür, mülki məsələni cinayət müstəvisinə keçirib Elçin Ələkbərovu həbs eləmək, bütün qohumlarının da əmlakını ələ keçirmək lazım imiş kimlərəsə", - yaxınları şirkət rəhbərinin həbsinin qanunsuz olduğunu iddia edir.

Onların sözlərinə görə, E.Ələkbərovun həbsi ilə əlaqədar tikinti tamamlanmadığına görə bir çox insanlar da mənzilini təhvil alıb orada yaşaya bilməyib. Bu üzdən də onlar şikayətçidir.

Prokurorluq iddialarla razılaşmır

Prokurorluq isə E.Ələkbərovun təqsirsiz olması, istintaqın qərəzli aparılması haqda iddialarla razılaşmır. Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, mənzillə təmin olunmayan bir sıra vətəndaşların və P.Potsyusun müraciətləri əsasında araşdırma aparılıb: "Müəyyən edilib ki, "KAT Holding" MMC-nin təsisçisi Elçin Ələkbərov cəmiyyətin digər vəzifəli şəxsləri ilə əlbir olub, mənzil almaq üçün ödənilmiş vəsaitlərin 1 milyon 380 min manatını hesaba mədaxil etməyib. Nəticədə sözügedən binaların inşası başa çatdırılmayıb. Bu da çoxsaylı vətəndaşların şikayətinə səbəb olub".

E.Ələkbərovun özü və ailə üzvlərinin adına olan əmlakların üzərinə həbs qoyulmasına gəlincə, prokurorluqdan bildirilib ki, bu, məhkəmə qərarı əsasında olub. Məqsəd isə gələcəkdə bu iş üzrə zərərçəkmişlərə vurulmuş maddi zərərin ödənilməsi üçün xüsusi müsadirə qərarı çıxarılarsa, onu təmin etməkdir.

Hökumət dörd il əvvəl güzəştli kateqoriyaya aid olanlar üçün əlverişli şərtlərlə güzəştli mənzil layihəsi elan edib. Amma sonradan mənzil satışından narazı qalanlar MİDA qarşısında etiraz aksiyası keçirib, satışın qeyri-şəffaf olduğunu iddia edib. Qurum isə iddialarla razılaşmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG