Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

'3-4 ay tez buraxmırlar ki, ailəsinin yanına gəlsin...'


Həbsxana
Həbsxana

Həbsdə olan ilahiyyatçı Ruhulla Axundzadənin oğlu Məmmədəli Axundzadənin aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınlarının sözlərinə görə, oğul Axundzadə saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində bir həftədir ki, aclıq edir.

Ailə üzvləri deyir ki, o, vaxtından əvvəl şərti azadlığa buraxılmaması, yanına aparılan sovqatın yalnız bir hissəsinin götürülməsinə etiraz olaraq bu addımı atır: "Aclıq barədə müəssisə rəhbərliyinə ərizə də yazıb. 5 ilə yaxındır həbsdədir. Cəza müddətinin başa çatmasına 3-4 ay vaxt qalıb, yenə də çıxmasına imkan verilmir. Atası da uzun illərdir həbsdədir, evdə kişi xeylağı, qazanc gətirən yoxdur. Özünün də bir azyaşlı uşağı var. Bunu da nəzərə almırlar, 3-4 ay tez buraxmırlar ki, ailəsinin yanına gəlsin".

30-yaşlı Axundzadənin yaxınları iddia edir ki, onun ehtiyacı olan ərzaq və başqa tələbat mallarının az bir hissəsini cəzaçəkmə müəssisəsində qəbul edirlər. Nəticədə o, çatışmayan qida və vasitələri müəssisənin daxilindəki mağazadan daha baha qiymətə almaq məcburiyyətində qalır. Bu da ailəyə maddi baxımdan çətinlik yaradır: "Cəzaçəkmə müəssisəsinin verdiyi yeməklərin ümidinə də qoymaq olmur. Çünki qidalanma çox zəifdir".

Penitensiar Xidmət təkzib edir

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, bütün məhkumlar üçün sovqat qəbul edilir: "Sovqatla bağlı deyilənlər həqiqəti əks etdirmir. Təkcə adını çəkdiyiniz məhkum yox, ümumiyyətlə, bütün məhkumlar üçün sovqat və banderollar qanunvericilikdə nəzərdə tutulan qaydada qəbul edilir".

Sadıqov bundan öncə də Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə saxlanılan şəxslərə verilən qidanın keyfiyyətsizliyi, müəssisələrdəki ticarət köşklərində qiymətlərin bahalığı haqda məlumatları təkzib edib. Onun sözlərinə görə, məhkumlar gündə üç dəfə kalorili yeməklə təmin olunur. Müəssisələrin daxilindəki mağazalarda da qiymətlər adi mağazalardan fərqlənmir.

İslam Partiyasının Astara rayon şöbəsinin sədri Ruhulla Axundzadə 2011-ci ilin yanvarında həbs edilib. Dövlət çevrilişinə cəhddə ittiham olunan Axundzadə 11 il azadlıqdan məhrum edilib. İddia olunur ki, onun həyətindən silah-sursat tapılıb.

Oğlu Məhəmmədəli isə 2016-cı ilin aprelindən həbsdədir. O, narkotik ittihamıyla 5 il 3 ay azadlıqdan məhrum edilib. Yaxınları isə onun 2015-ci ilin noyabrında Nardaranda 2-si polis, 4-ü yerli sakin olmaqla, 6 nəfərin öldüyü əməliyyatla bağlı paylaşımlarına görə cəzalandırıldığını deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG