Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 01:09

Tramp 2024-cü ildə seçkiyə gedəcəyinə eyham vurur


Donald Tramp, 28 fevral, 2021-ci il

Min nəfərdən çox iştirakçısı olan konfransda keçirilmiş qeyri-rəsmi sorğu 97 faizin Trampın prezident kimi işini dəstəklədiyini göstərib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifədən gedəndən bəri ilk dəfə olaraq fevralın 28-də siyasi səhnəyə qayıdıb. O, Respublikaçı Partiyasının əvəzolunmaz lideri statusunu möhkəmləndirməyə cəhd edib.

Demokrat Con Bayden yanvarın 20-də prezident vəzifəsinin icrasına başlayıb. O vaxtdan bəri ilk böyük çıxışında Tramp 2024-cü ildə prezidentliyə namizədliyini verməyin mümkünlüyünə işarə vurub, üçüncü partiya formalaşdıracağına dair şayiələri rədd edib.

“Öncə Amerikadan axırda Amerika”ya

“Düz sizin tərəfinizdə mübarizəni davam etdirəcəyəm. Yeni partiyalar yaratmırıq. Bizim Respublikaçı Partiyamız var. O, həmişəkindən güclü və birləşmiş olacaq”, – Tramp Floridanın Orlando şəhərində Mühafizəkar Siyasi Fəaliyyət Konfransında deyib.

O, 3 noyabr seçkisində məğlubiyyətini rədd edərək bir sıra məsələlərdə Baydeni sərt tənqid edib. Tramp deyib ki, ölkə “öncə Amerikadan axırda Amerika”ya çevrilib.

“Co Bayden müasir tarixdə istənilən prezidentlə müqayisədə ən fəlakətli ilk ayını yaşayıb”, – Tramp vurğulayıb.

O, digər keçmiş prezidentlərdən fərqli olaraq aydın şəkildə bildirib ki, siyasi səhnədən getmək fikri yoxdur, xələfini tənqid etməkdən də əl çəkməyəcək.

Ağ ev şərh vermir

Ağ ev isə Trampın çıxışına diqqət ayırmayacağını vurğulayıb.

“Prezident Trampın nə dediyi bizim diqqət mərkəzimizdə deyil”, – Ağ evin sözçüsü Jen Psaki ötən həftə jurnalistlərə deyib.

Trampın vəzifə müddətinin son həftələri ölkəni sarsıdan hadisələrlə yadda qalıb. Yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına zorakılıqla basqın ediblər. Həmin vaxt Konqres prezident seçkisinin nəticələrini təsdiqləyirdi. İğtişaşlar nəticəsində biri polis əməkdaşı olmaqla beş nəfər öldürülüb.

Tramp Respublikaçı partiyasının tərəfdarları arasında populyarlığını saxlasa da, partiyadakı gələcək rolu mübahisəlidir. Senatda azlığın lideri Miç Makkonel və Nümayəndələr Palatasında üçüncü sayılan respublikaçı Liz Çeyni keçmiş prezidentin partiyadakı mövqeyini zəiflətməyə çalışırlar.
Tramp isə dünənki çıxışında özünü Respublikaçı Partiyasının gələcəyi kimi təqdim etməyə çalışıb. Son seçkidə respublikaçılar təkcə Ağ evdə deyil, Konqresin hər iki palatasında mövqelərini itiriblər.

Praymeriz bu gün keçirilsəydi...

Min nəfərdən çox iştirakçısı olan konfransda keçirilmiş qeyri-rəsmi sorğu 97 faizin Trampın prezident kimi işini dəstəklədiyini göstərib.

Başqa bir sorğuya görə, 68 faiz Trampın 2024-cü ildə yenidən namizədliyini verməsini dəstəkləyir. 32 faiz buna qarşıdır, yaxud heç bir fikri yoxdur. 2024-cü ilin praymeriz seçkisi indi keçirilsəydi və Tramp namizədliyini versəydi, 55 faiz ona səs verərdi, respondentlər belə deyirlər. Ondan sonra isə 21 faizlə Floridanın qubernatoru Ron DeSantis gəlir.

AzadAvropa/AzadlıqRadiosu yazır ki, hələ tez olmasına baxmayaraq, Trampın növbəti seçkiyə getmək eyhamı 2024-cü ildə onunla yarışmaq istəyən potensial namizədlərin sayını azalda bilər.

Floridadakı Mar-a-Laqo iqamətgahında Tramp prezidentlikdən sonrakı siyasi həyatının təməlini qurur, Konqresdə onun siyasətini dəstəkləyəcək siyasətçiləri axtarır.

XS
SM
MD
LG