Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:35

DİN Seymur Həzinin saxlanmasına münasibət bildirib 


Seymur Həzi
Seymur Həzi

Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzini polisin saxlamasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA Agentliyinə bildirib ki, AXCP üzvü bu gün "Ana harayı" abidəsini ziyarət edən zaman ona yaxınlaşaraq sual verən blogerə qarşı nalayiq ifadələr işlədib:

"Bundan sonra blogerin müraciəti əsasında Seymur Həzi polis bölməsinə aparılıb. Orada onunla profilaktik söhbət aparıldıqdan sonra izahatı alınaraq sərbəst buraxılıb".

AXCP sədri Əli Kərimli isə hadisədən sonra jurnalistlərə deyib ki, hər il ziyarətlər zamanı hakimiyyət eyni problemi yaradır.O əlavə edib ki, bununla Azərbaycan xalqının Milli Şuraya münasibəti deyişən deyil.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin sərbəst buraxıldığı bildirilir.

Bu barədə məlumatı Seymur Həzinin özü də Azadlıq Radiosuna təsdiq edib.

Onun sözlərinə görə, polis əməkdaşları onu saxlayaraq Xətai Rayonun 37-ci polis bölməsinə gətiriblər:

"Bölmədə mənə hadisə ilə bağlı izahat yazdırıldı. İzahatda mən bildirdim ki, heç kimi təhqir etməmişəm və qanunu pozmamışam".

Seymur Həzi əlavə edib ki, polislər saxlayarkən ona qarşı kobudluq ediblər:

"Mənə qarşı kobudluq etdilər”

Həzi əlavə edib ki, izahatı yazandan sonra sərbəst buraxılıb.

Seymur Həzinin dediklərinə hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl verilən xəbərlərdə Seymur Həzinin polis tərəfindən saxladığı xəbər verilmişdi.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat vermişdilər.

Yenə də Ata Abdullayev

Bu partiyadan bildirildiyinə görə, fevralın 26-da Milli Şuranın rəhbərliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən özünü jurnalist kimi təqdim edən Ata Abdullayev AXCP sədri Əli Kərimli və partiya üzvlərini təhqir etməyə cəhd edib:

"Buna etiraz edən Seymur Həzi Abdullayevə "səndən yaxşı heç kəs İlham Əliyevi təmsil edə bilməz..." deyəndən sonra polis əməkdaşları Seymur Həzini maşına otuzdurub naməlum istiqamətə apardılar".

Bu deyilənlərlə bağlı Ata Abdullayev və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Bir il əvvəl

Bundan əvvəl, ötən ilin iyunun 19-da isə özünü videobloqer kimi təqdim edən Ata Abdullayevin şikayəti əsasında "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmli məhkum edilmişdi.

Xətai Rayon Məhkəməsində çıxarılan hökmə əsasən, cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinən Təzəxan Mirələmliyə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdi.

Mirələmli də həmin il fevralın 26-da - Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Ana harayı" abidəsinin yaxınlığında Ata Abdullayevi vurmaqla xuliqanlıq etməkdə suçlanırdı.

Lakin o da, özünü təqsirli bilmirdi. Deyirdi ki, Milli Şura üzvləri abidəni ziyarət edəndə o da həmin yerdə çəkiliş aparıb.

Onun vurğulamasına görə, həmin vaxt Abdullayev çəkilişə mane olub, təhqiramiz ifadələr səsləndirib, onları təxribata çəkməyə çalışıb:

"Mən ondan bu cür hərəkətlərə son qoymasını tələb etdim".

Mirələmli həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür.

Həmin vaxt Ata Abdullayev Mirələmlinin fiziki müdaxiləsi ilə üzləşdiyini və bu məsələnin hüquq çərçivəsində həll edilməsini istədiyini söyləmişdi.

O habelə Mirələmlinin təmsil olunduğu siyasi qüvvəni "5-ci kalon" adlandırmışdı.

Xatırlatma

Siyasətçi, “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi bundan əvvəl 2014-cü il avqustun 29-da həbs edilmişdi.

Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan siyasətçi Cinayət məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

Seymur Həzi isə həbsinin səbəbini “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələri, “Azərbaycan saatı” proqramındakı çıxışlarıyla əlaqələndirirdi.

Seymur Həzi 2019-cu il avqustun 29-da - 5 illik həbs müddəti tamamlanan gün azadlığa çıxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG