Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:44

Müxalifət Yerevanda çadırlar qurur


Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair baş nazir Nikol Paşinyanın təklifi Ermənistan prezidenti Armen Sarkisyanın ofisinə təqdim olunsa da, prezident qərar verməyə tələsmir

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət Yerevanın Baqramyan prospektində üç çadır qurub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, parlament binasının qarşısında da bir neçə kiçik çadırlar qurulub və müxalifət nümayəndələri gecəni burada qalmaq niyyətindədirlər.

Onlar bildirirlər ki, Paşinyanın istefası barədə tələbləri yerinə yetməyənədək buradan heç yerə getməyəcəklər.

Baqramyan prospektində etdiyi çıxışda müxalif “Vətənin xilası” hərəkatının baş nazirliyə namizədi Vazgen Manukyan Paşinyanın dialoq barədə təklifi haqqında suala cavab verərkən deyib ki, baş nazirlə hər hansı məsləhətləşmə aparılmasında məna görmür.

O bildirib ki, hər hansı dialoqun bir məsələsi ola bilər, o da Paşinyanın istefasıdır.

***

Prezident qərar verməyə tələsmir

Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair baş nazir Nikol Paşinyanın təklifi Ermənistan prezidenti Armen Sarkisyanın ofisinə təqdim olunsa da, prezident qərar verməyə tələsmir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, baş nazirin qərarına cavab vermək üçün prezidentin üç gün vaxtı var.

Ermənistan prezidenti aparatından verilən məlumatda deyilir:

“Dövlət orqanlarının normal fəaliyyət göstərməsi naminə prezident indiyədək vəzifəli şəxlərin təyinatı və ya işdən çıxarılmasına prinsipial etiraz etməyib. Lakin hərbi vəziyyətdə və məlum bəyanatdan sonra silahlı qüvvələrin baş qərargah rəisinin vəzifədən kənarlaşdırılması sadəcə növbəti kadr dəyişikliyi kimi qəbul edilə bilməz...”

Bəyanatda deyilir ki, indiki situasiyada heç kim prezidenti siyasi prosesə qatmağa çalışmamlıdır:

“Prezidentə hər hansı təzyiq yolverilməzdir. Prezident heç vaxt heç bir siyasi qüvvəni dəstəkləməyib və dəstəkləməyəcək. Öz vəzifələrini yerinə yetirən prezident müstəsna olaraq dövlətin və xalqın maraqlarından çıxış edir. Prezident Sarkisyan ölkədə sabitlik mühitinin və dözümlülüyün saxlanmasına xüsusi əhəmiyyət verir”.

Paşinyan: ‘Qasparyan getməlidir...başqa variant yoxdur...’

Ermənistanın Baş naziri Nikol Paşinyan əsgərləri “işlərini görməyə”, “hərbi çevriliş cəhdi”ndən sonra ölkəni müdafiə etməyə çağırır.

Fevralın 25-də Respublika Meydanında 20 minədək tərəfdarı qarşısında çıxış edən Paşinyan deyib ki, ermənistanlılar orduya ölkəni ələ keçirməyə imkan verməyəcək.

“Vəziyyət gərgindir və razılaşmalıyıq ki, toqquşmalara yol vermək olmaz”, – səsgücləndirici ilə danışan Paşinyan deyib:

“Ermənistan Respublikası xalqının seçkili nümayəndəsi kimi, Ermənistan Respublikasının baş naziri kimi mən Silhalı Qüvvələrin bütün əsgərlərinə, zabitlərinə və generallarına əmr edirəm: Cənablar, öz işinizlə, Ermənistan Respublikasının sərhədlərini və ərazi bütövlüyünu qorumaqla məşğul olun. Bu mənim əmrimdir və heç kəs onu pozmağa cəsarət etməməlidir”.

Baş nazir Nikol Paşinyan silahlı qüvvələr baş qərargahı rəisinin onun istefasını tələb etməsini “hərbi çevriliş cəhdi” adlandırıb.

O habelə mitinqdə etdiyi çıxışda vəziyyətin mümkün çözümü barədə danışıb. Paşinyan ona qarşı çıxan bütün qüvvələri məsləhətləşməyə çağırıb və hətta növbədənkənar seçki keçirilə biləcəyinə işarə edib.

Məxməri inqilaba son!

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Paşinyanın növbədənkənar seçkidən söz açması tərəfdarlarının narazılığına səbəb olub.

O tərəfdarlarının “Məxməri inqilaba son!” tələbinə cavab olaraq deyib:

“Biz iradəmizi, birliyimizi, qətiyyətimizi korrupsiyalı rejimə təslim etməyəcəyik. Məxmərə son qoyulacaq!”.

Daha sonra Pşainyan müxalifətə müraciətlə deyib:

“Mitinqləri davam etdirsəniz, biz də mitinqləri davam etdirəcəyik. Siyasi bəyanatların sərhədini aşsanız, biz də sizi qanunla dayandıracağıq”.

Baş nazir deyib ki, ya prezident Armen Sarkisyan silahlı qüvvələr baş qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən qovulması barədə əmri təsdiq etməli, ya da özü istefaya getməlidir:

“Silahlı Qüvvələr: əsgərlər, zabitlər, generallar, sizdən xahiş edirəm, tələb edirəm. Öz xidmətinizlə məşğul olun, bura baxmayın. Onik Qasparyan getməlidir, bu əmr icra olunmalıdır, başqa variant yoxdur. Mən gözləyirəm ki, prezident ya fərmana qol çəksin, ya da Onik Qasparyanın özü vəzifəsindən imtina etsin...”

Ölkədə simvolik rolu olan Prezident Armen Sarkisyan isə deyib ki, böhranı yoluna qoymaqdan ötrü təcili tədbirlər görür. O, tərəfləri “təmkin və sağlam məntiq göstərməyə” çağırıb.

Müxalifət tərəfdarları isə Paşinyanın istefasını tələb edirlər
Müxalifət tərəfdarları isə Paşinyanın istefasını tələb edirlər

***

Kreml Ermənistanda siyasi gərginliyin artmasından narahatlığını bildirib.

“Ermənistandakı vəziyyətin inkişafını narahatlıqla izləyirik. Təbii ki, sakitliyə çağırırıq”, – Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə deyib.

Peskov tərəfləri fikir ayrılıqlarını dinc yolla, konstitusiya çərçivəsində yoluna qoymağa çağırıb.

Ermənistanla tarixən mürəkkəb münasibətlərinə baxmayaraq, Ankara Paşinyanın demokratik yolla seçilmiş hökumətini müdafiə edib.

Xarici işlər naziri Mevlut Çavuşoğlu qonşu Ermənistanda, özünün dediyi kimi, çevriliş cəhdini “qətiyyətlə pislədiyini” bildirib.

Nikol Paşinyan tərəfdarları
Nikol Paşinyan tərəfdarları

***

Hazırda Baş nazir Nikol Paşinyan Yerevanın mərkəzində tərəfdarları ilə birlikdə yürüş keçirir. O, yerli vaxtla saat 4-də Respublika Meydanında çıxış edəcəyini deyib. Tərəfdarlarını isə müxalifət təmsilçiləri ilə qarşıdurmaya getməməyə çağırıb.

Müxalifətin “Vətənin Xilası Hərəkatı” isə Silahlı Qüvvələrin keçmiş rəhbərliyinin Paşinyan və hökumətini istefaya çağırmasını alqışlayıb. Hərəkat vətəndaşları ordu ətrafında birləşməyə, saat 3-də Yerevanda Azadlıq meydanında mitinqə çıxmağa səsləyib.

***

Ermənistan silahlı qüvvələri Baş nazir Nikol Paşinyanın və hökumətinin istefasını tələb edir. Baş nazirsə ona qarşı hərbi çevriliş cəhdindən danışır.

Bu tələb baş qərargahın rəis müavininin “qeyri-uzaqgörən səbəblərlə” işdən çıxarılmasına “qəti etiraz” olaraq qoyulub. Bunu Silahlı Qüvvələrin Baş Qərargahının İnformasiya departamentinin rəhbəri Samvel Asatryan fevralın 25-də bəyanatında deyib.

Bu addım “Ermənistan Respublikasının milli və dövlət maraqlarını nəzərə almadan atılıb. Ölkə üçün belə çətin vəziyyətdə belə bir qərar dövlətə qarşı, məsuliyyətsiz addımdır”.

“Ermənistan Respublikasının Baş naziri, hökumət daha erməni xalqı üçün belə kritik məqamda adekvat qərarlar qəbul edə bilməyəcək”, – bəyanatda deyilir.

Paşinyan isə buna cavab olaraq tərəfdarlarını Yerevanın paytaxtına çağırıb.

“Baş Qərargahın bu bəyanatını hərbi çevriliş cəhdi hesab edirəm. Tərəfdarlarımın hamısını elə indi Respublika Meydanına çağırıram. Tezliklə ictimaiyyət qarşısına canlı yayına çıxacağam”, – Paşinyan Facebook-da yazıb.

O, istefa tələblərini rədd edərək əvəzində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən kənarlaşdırıldığını elan edib.

Paşinyan ordunun onu istefaya çağıran məktubunu Baş qərargah rəisinin müavini Tiqran Xaçatryanı vəzifədən kənarlaşdırmasına “emosional reaksiya” adlandırıb.

Xaçatryanın Paşinyanın “İskander” raketləri ilə bağlı dediyini ələ salması baş naziri qəzəbləndirib. Paşinyan müsahibəsində demişdi ki, 44 günlük müharibədə atılmış İskander raketləri “tam gücü ilə partlamayıb”.

Xırdalan üzərindəki partlayışın izi ilə (Raket atılıbmı)
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Dağlıq Qarabağda 44 günlük müharibədən sonra opponentləri Paşinyanı istefaya çağırırlar. Tənqidçilər müharibənin nəticələrinə görə onu ittiham edirlər.

Azərbaycan hərbi əməliyyatlarla Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti özünə qaytarsa da, qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

***

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edənlər səhər tezdən Yerevanda itaətsizlik aksiyaları keçirir, küçələri bağlayırlar.

“Vətənin Xilası Hərəkat”ının üzvləri itaətsizlik aksiyalarının vaxtını və yerini öncədən elan etmirlər.

Daha öncə etirazçılar universitetlər üzərinə yürüşlər ediblər.

Paşinyanın "İskəndər" barədə dedikləri Rusiyada ‘fırtına’ yaradıb- Azatutyun
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Mübarizənin yeni mərhələsi

Hərəkat fevralın 20-dən etiraz aksiyalarını bərpa edib. Hərəkat liderləri etiraz və itaətsizlik aksiyalarının hər gün keçiriləcəyini bəyan ediblər. Onlar mübarizənin yeni mərhələsinin başlandığını deyirlər.

Bir neçə siyasi partiyanın birləşdiyi hərəkat Baş nazir Nikol Paşinyanın istefasına, keçmiş baş nazir və müdafiə naziri Vazgen Manukyanın müvəqqəti baş nazir təyin olunmasına çalışır. Bundan sonra müvəqqəti hökumətin formalaşdırılacağı, vaxtından əvvəl seçki keçiriləcəyi, Manukyanın seçkidə iştirak etməyəcəyi bildirilir.

Müxalifət partiyaları deyirlər ki, vaxtından əvvəl seçkini Paşinyanın, yaxud onun siyasi komandasının təşkil etməsini istəmirlər. Çünki onların fikrincə, hakimiyyət bu seçkini saxtalaşdıracaq.

Hakim partiya təmsilçiləri isə azad və ədalətli seçki təşkil edə bilməmələri haqda fikirləri rədd edirlər. Onların mövqeyinə görə, hazırda Ermənistanda vaxtından əvvəl parlament seçkisi keçirilməsi üçün ictimai tələb yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG