Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:54

Nazir Avropa diplomatlarına məlumat verib


Ceyhun Bayramov

Fevralın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqına (Aİ) üzv ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda yazılır.

Məlumata görə, C.Bayramov bölgədəki vəziyyət, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə məlumat verib:

“Bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də yeni əməkdaşlıq imkanlarından bəhs olunub”

Bildirildiyinə görə, Nazir Ceyhun Bayramov, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi barədə də ətraflı məlumat verib:

“Aİ-nin Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas təqdim edilən məlumatlara görə təşəkkür edərək, bu formatda dialoqun gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildirib. O, ikitərəfli münasibətlər, o cümlədən yeni Sazişin imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdaşlıq və yeni imkanların nəzərdən keçirilməsi, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini qeyd edib”

Şərq Tərəfdaşlığı proqramı 2009-cu ildə 6 keçmiş sovet respublikasının Avropa İttifaqı ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq indiyədək AB ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da bu sazişin nə vaxt imzalanacağı bilinmir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

Recommended

XS
SM
MD
LG