Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:09

'Mən Arif Paşayevin həkimiyəm' cümləsinə görə cinayət təqibi


Həkim. Foto arxiv
Həkim. Foto arxiv

Cəbrayıldan məcburi köçkün olub, Bakıda məskunlaşmış Gülayə Hüseynova həkim səhvi nəticəsində qızının gözündəki əməliyyatın uğursuz olduğunu iddia edir. Onun sözlərinə görə, dörd ildir ki, qızının gözündə yaranmış fəsadları aradan qaldırmağa çalışırlar. Üstəlik, iki ildir ki, şikayətçi olduğu həkimin ərizəsi əsasında Hüseynovanın özü cinayət məsuliyyətinə cəlb edilib.

"6 min manat yenidən xərc çəkdik"

Hüseynovanın oğlu Qalib Məhəmmədov AzadlıqRadiosuna danışır ki, bacısının gözünü ilk dəfə 2016-cı ilin sentyabrında Hərbi Hospitalda həkim Anar Rəhimov əməliyyat edib. Paralel olaraq, başqa bir özəl klinikada da çalışan həkim Rəhimov 2016-cı ilin oktyabrında Azadə Hüseynovanın gözündə daha bir əməliyyat keçirib. Əvvəlki əməliyyatlarda Azadənin gözünə qoyulmuş silikon 2018-ci ilin avqustunda çıxarılıb. Qardaşının sözlərinə görə, əməliyyatdan yeddi-səkkiz gün sonra Azadənin gözünün qarşısında qara kölgələr dövr etməyə başlayıb: "Həkim dedi ki, torlu qişa qopub, yenidən əməliyyat edəcək. Dekabr ayına qədər bizi bəhanələrlə süründürdü. Başqa klinikaya müraciət etdik. Məlum oldu ki, həkimin səhlənkarlığı və səriştəsizliyi üzündən bacım bu duruma düşüb. Təxminən 6 min manat yenidən xərc çəkdik. Son əməliyyatda qoyulan silikonun çıxarılması üçün də yenə böyük məbləğdə vəsait lazımdır. Hələ mən bu müddətdə çəkdiyimiz mənəvi əzabdan danışmıram...".

2 min manatı qaytarıb

Məhəmmədovun sözlərinə görə, anası həkim Rəhimovun yanına gedib, onun səhvi nəticəsində maddi və mənəvi ziyana düşdüklərini bildirərək əməliyyat üçün ödədikləri pulu geri istəyib. Rəhimov ödənilmiş puldan 2 min manat qaytarıb: "Qalanını qaytarmaqdan nəinki imtina etdi, hətta bizi qovurdu. Deyirdi ki, "mən Arif Paşayevin həkimiyəm, Leyla Əliyeva mənə mükafat verib, gedin, hara istəyirsiz, şikayət eləyin". Dedim ki, mən də İlham Əliyevə səs vermişəm, o da əlini Qurana basıb, hər bir vətəndaşın prezidenti olacağına söz verib".

Həm Azadə özü, həm də anası müxtəlif dövlət orqanlarına şikayət edib, Prezident Administrasiyası və Baş Prokurorluğun qarşısında etiraz aksiyaları keçirib. Onlar başqalarının da eyni aqibəti yaşamaması üçün həkimin cəzalandırılmasını tələb ediblər. Bu aksiyalar müxtəlif media orqanlarında işıqlandırılıb, həmin materiallarda Hüseynovanın həkim barədə səsləndirdiyi fikirlər də yer alıb.

Hazırda "Bona Dea" klinikasında çalışan həkim Rəhimov iddia edir ki, Hüseynova ona böhtan atıb, şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzunu ləkələyib. Həkim Hüseynovanın CM-in 147-ci (böhtan) maddəsi ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırıb. Onun iddiasına Binəqədi rayon Məhkəməsində hakim Abbas Rzayev baxır. 64-yaşlı qadın təqsirləndirilən şəxs qismində tanınıb.

Həkim nə deyir?

Həkim şikayətində yazıb ki, "mən Arif Paşayevin həkimiyəm" deməyib. Amma Hüseynova etiraz aksiyalarındakı çıxışlarında, müsahibələrində onun adından bu fikri səsləndirib. Rəhimovun sözlərinə görə, onun səriştəsizliyinə görə hərbi hospitaldan çıxarılması haqda deyilənlər də həqiqətəuyğun deyil. O, hərbi hospitaldan öz ərizəsiylə ayrılıb.

Hüseynova isə məhkəmədə bir daha təkrarlayıb ki, həkim ona "mən Mehriban Əliyevanın atasının – Arif Paşayevin həkimiyəm, hara istəyirsən, şikayət elə..." cavabını verib.

"64-yaşlı qadını iki ildir məhkəmələrdə süründürürlər. Sanki (İraqın keçmiş diktatoru) Səddam Hüseynin məhkəməsidir. Qadının uşağına o cür zərbə vurmaqları azmış kimi, özünə də əzab verirlər", – Məhəmmədov belə deyir.

Xüsusi ittihamçı olan həkimin özü məhkəməyə gəlmir. Onun nümayəndəsi, vəkil Ramin Rzayev bildirib ki, Rəhimovun əməliyyatda səhvə yol verməsi haqda iddialar da əsassızdır: "Gülayə Hüseynovanın əməliyyatın səhv icrasıyla bağlı iddiası Nəsimi rayon Məhkəməsində araşdırılıb. 23 may 2019-cu il tarixli qətnamə ilə iddia rədd edilib".

CM-in 147-ci maddəsində 1000 manatdan 1500 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilə qədər islah işləri və ya 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG