Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:33

Qarabağ münaqişəsində yarımçıq qalan işlər – Qərb mediası


Hadrut, 25 noyabr, 2020-ci il
Hadrut, 25 noyabr, 2020-ci il

Tomas de Vaal üçtərəfli razılaşmanın regionda geosiyasi konfiqurasiyanı radikal şəkildə dəyişdiyini, Moskvaya 30 il öncə oynadığı mərkəzi rolu qaytardığını qeyd edir

2020-ci ilin noyabrında imzalanmış atəşkəs razılaşması Dağlıq Qarabağda müharibəni dayandırsa da, davamlı sülh razılaşması hələ çox uzaq görünür. Beynəlxalq oyunçular iqtisadi dəstək verməklə, dialoq və barışığı təşviq etməklə uzunmüddətli layihədə rol oynaya bilər. Bu haqda “Karnegi Avropa” fondunun aparıcı əməkdaşı Tomas de Vaal yazır.

10 noyabr sazişi ilə bitmiş 44 günük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti geri ala bildi. Amma qoşunların təmas xəttində Rusiya hərbçiləri yerləşdirildi. De Vaal üçtərəfli razılaşmanın regionda geosiyasi konfiqurasiyanı radikal şəkildə dəyişdiyini, Moskvaya 30 il öncə oynadığı mərkəzi rolu qaytardığını qeyd edir.

Koçaryan yenidən hakimiyyətə gələ bilərmi?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Atəşkəs razılaşmasının qaranlıq tərəfləri

“2021-ci ildə bütün tərəflər növbəti addımlarla bağlı həlledici qərarlar verməlidirlər. Amma hələlik, heç bir tərəfdən strateji planlama əlaməti görünmür, bircə Rusiya istisnadır”, – yazan müəllif atəşkəs sazişini geniş şərh edir. Əsirlərin mübadiləsi məsələsi hələ tam həllini tapmayıb.

Digər tərəfdən, Dağlıq Qarabağdakı erməni silahlılarının status aydın deyil. Tərəflər razılaşmnın 1-ci bəndini fərqli yozurlar. Heç Rusiya sülhməramlılarının mandatı da dəqiqləşməyib. “Həftələrlə çəkən danışıqlara baxmayaraq, Moskva və Bakı bu məsələni razılaşdırmayıblar. Rusiya hərbçilərinin sayının noyabr razılaşmasında nəzərdə tutulandan daha artıq ola bilməsi haqda da məlumatlar var”, – məqalədə deyilir.

Müəllif yazır ki, yeni sülhməramlı missiyasını əsaslandırmaq üçün Moskvaya xeyli sayda mülki əhalisi olan, yaxşı fəaliyyət göstərən ərazi lazımdır və artıq Dağlıq Qarabağa 50 mindən çox sakinin qayıtdığını bildirir.

Ağrılı məsələlər

De Vaal Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanın regiona səfərinə qəzəbli reaksiyasını yada salır. Prezident deyirdi ki, belə səfərlər təkrarlanarsa “dəmir yumruq” yenidən işə düşə bilər.

“Amma belə bir siyasət Qarabağ ermənilərini Azərbaycana yaxınlaşdırmır, Rusiyanın regiondakı nüfuzunu gücləndirir. Moskvanın Qarabağ ermənilərinə Rusiya pasportları verməyi nəzərdən keçirməsinə dair təsdiqlənməmiş məlumatlar var”, – o yazır.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə ötən ay deyirdi ki, ölkəsinin Qarabağı öz tərkibinə qatmaq fikri yoxdur.

Müəllif tərəflər arasında iki məsələnin xüsusilə ağrılı olduğunu qeyd edir. Birincisi, iki ölkə birgə sərhədi demarkasiya etməlidirlər. Azərbaycan Qazax rayonunun yeddi kəndini, Naxçıvanın Kərki kəndini geri istəsə də, Ermənistan tərəf müqavimət göstərir. Müəllif ikinci mübahisəli məsələ kimi mədəniyyət abidələrini qeyd edir. Ermənilər onlarla kilsənin onlara məxsus olduğunu iddia edir, Azərbaycan isə onları alban abidəsi hesab edir.

Sülhməramlı faktoru

Rusiya faktoruna toxunan müəllif yazır ki, beşillik missiyasının uğurlu olmasından ötrü Rusiya Ermənistan və Qarabağdakı de-fakto hakimiyyətlə sıx işləməlidir. Amma Moskva 2025-ci ildə missiyanın uzadılmasına Azərbaycanın veto qoymasını da istəməz. Buna görə Azərbaycanla münasibətləri yaxşı səviyyədə saxlamaq, Bakını əmin etmək lazımdır ki, Qarabağ daha separatçı ərazi deyil.

Prezident İlham Əliyev isə dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını qeyd edib.

Müəllifin fikrincə, Rusiyanın Ermənistan Azərbaycanın münasibətlərinin sürətlə normallaşmasını istəməsinə çox səbəb yoxdur, bu zaman sülhməramlılarının missiyası da başa çatar. Ancaq Moskva eyni zamanda nəqliyyat əlaqələrinin bərpasına sürətləndirmək üçün münasibətlərdə yetərincə sabitləşməyə çalışacaq. Bu magistral və dəmiryol xətləri Rusiyanı Gürcüstandan yan keçməklə Ermənistana, İrana və Türkiyəyə birləşdirməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG