Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Trampın impiçment mühakiməsində nələr yaşandı


Vaşinqtonda körpü üzərində plakat
Vaşinqtonda körpü üzərində plakat

Senator Ron Conson mühakiməni “çox cansıxıcı” adlandırıb, deyib ki, yaxşı olardı tərəflər arqumentlərini “bir neçə saat içində səsləndirsinlər, bununla da məsələ bitsin”

Fevralın 10-da ABŞ Senatında demokratlar keçmiş prezident Donald Trampa qarşı impiçment işini təqdim ediblər. Onlar Tramp tərəfdarlarının yanvarın 6-da Kapitoliyə basqınında keçmiş prezidentin “günahsız yoldan keçən” hesab etmədiklərini, beş nəfərin ölümüylə nəticələnmiş qiyamı “əsas qızışdıran” olduğunu deyiblər.

Mühakimədə ittiham tərəfi kimi çıxış edən Nümayəndələr Palatasından komanda dəlilləri təqdim ediblər. Buraya hücumun videoları, Trampın çıxışlarından və tvitlərindən hissələr daxildir.

“Silaha birbaşa çağırış”

İttiham tərəfinin meneceri, konqresmen Ceymi Raskin deyib ki, dəlillər Trampın sözlərinin ritorik deyil, “silaha birbaşa çağırış” olduğunu sübuta yetirir.

Demokratlar Trampı tərəfdarlarını qızışdırmaqda ittiham edirlər. Keçmiş prezident 3 noyabr seçkisinin oğurlandığını deyir, seçkini ona qazandırmaq üçün “savaşmağın” tərəfdarlarının vətənpərvərlik borcu olduğunu vurğulayırdı.

Konqresmenlər seçkidən sonra çoxsaylı tvitləri misal gətiriblər. Tvitlərin birinə tərəfdarlara deyilir ki, Vaşinqtona “şiddətli keçəcək” tədbirə gəlsinlər.

Nümayəndələr Palatasından menecerlərin sözlərinə görə, Tramp etirazçıları zorakılıqdan çəkinməyə çağırmayıb, əksinə, ritorikasını “ikiqat artırıb”, onlara deyib ki, nəticələri qəbul etməsinlər.

Bir dəfə “dinc”, 20 dəfə “savaş”

İttiham tərəfi Trampın yanvarın 6-da Ağ ev yaxınlığındakı yürüşdəki çıxışına da toxunublar. Konqresmen Madlen Din deyib ki, Tramp yürüşdə adamların Kapitoliyə yürüş edəcəyini, səslərini “dinc və vətənpərvər” şəkildə eşitdirəcəyini söyləyib. Tramp çıxışında “dinc” sözündən bircə dəfə istifadə edib, “savaş”, “savaşmaq” sözlərini isə 20 dəfə işlədib, kütləyə “can-başla vuruşmağın” gərəkdiyini söyləyib, Din belə deyib.

Demokratlar etirazçıların Nümayəndələr Palatasıın spikeri Nensi Pelosi və Vitse-prezident Mayk Pensə ölüm təhdidləri səsləndirdiyi videoları da təqdim ediblər.

Senatda yerlər iki partiya arasında bərabər bölündüyündən demokratlara azı 17 respublikaçının dəstəyi lazımdır. Prezidentin “qiyamı qızışdırmaqda” təqsirli bilinməsi üçün Senat üzvlərinin üçdə ikisi buna səs verməlidir.

Tramp təqsirli bilinsə, daha prezidentliyə namizədliyini verə bilməz. Amma bu variant real görünmür.

Respublikaçı senator Coş Holi deyib ki, ittiham tərəfinin arqumentləri “gözlənilən” idi, onda artıq açıqlanmış informasiya da vardı.

Respublikaçıların mövqeyi

Senator Ron Conson isə mühakiməni “çox cansıxıcı” adlandırıb, deyib ki, yaxşı olardı tərəflər arqumentlərini “bir neçə saat içində səsləndirsinlər, bununla da məsələ bitsin”.

Senatorlar Liza Murkovski, Mit Romni, eləcə də keçmiş prezidentə qarşı səs verəcəyini bildirmiş bir neçə senator demokratların ortaya qoyduqları dəlillərdən çox narahat olduqlarını bildiriblər.

İmpiçment qaydalarına görə, Nümayəndələr Palatasının təmsilçiləri 16 saat ərzində öz arqumentlərini təqdim edir, sonra Trampın müdafiə komandasına da 16 saat ayrılır.

Trampın vəkilləri keçmiş prezidentin ritorikasının konstitusiya ilə qorunduğunu deyəcəklər. Onların mövqeyinə görə, Kapitoliyə hücum edənlər öz kriminal davranışlarına görə məsuliyyət daşıyırlar.

Onlar impiçment mühakiməsini siyasi motivli hesab edirlər.

Kapitoliyə basqında biri polis əməkdaşı olmaqla 5 nəfər ölüb. Basqın zamanı Konqres Demokrat Co Baydenin 3 noyabr seçkisində qələbəsinin təsdiqlənməsinə baxırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG