Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

Amerika teatrı pandemiyadan sağ çıxarmı


Nyu-York teatrı
Nyu-York teatrı

"Daddy" və "Slave Play" kimi tamaşaları ilə tanınan amerikalı dramaturq Ceremi O. Harris "The Guardian"a yazdığı məqalədə Amerika teatrının düşdüyü acınacaqlı vəziyyətlə bağlı həyəcan təbili döyüb.

"Teatr industriyası, incəsənətin əksər sahələri kimi, böhran vəziyyətindədir. Pandemiya dövründə insanların adi qaydada teatra gəlməsi qeyri-mümkündür. Minlərlə teatr işçisi – dramaturqlar, aktyorlar, texniklər, menecerlər, təhlükəsizlik heyəti, köməkçilər və digərləri hazırda işsizdir. Çoxları artıq bir ildir ki, işsizdir. Ancaq teatrların yenidən normal fəaliyyəti bərpa etməsinə hələ daha altı ay var. Bu, ən optimist hesablamadır – bundan da uzun çəkə bilər", –o yazır.

Onun sözlərinə görə, hazırda ağır vəziyyətdə olan incəsənət işçilərinə yardım təşəbbüslərinin çoxu birdəfəlik və özəl xarakter daşıyır. Həm Britaniya, həm də ABŞ-da köməyin xeyli hissəsi Sem Mendes (Teatr Aktyorları Fondu vasitəsilə), Katori Hall kimi sənətkarlardan və "Netflix", "Lionsgate" və HBO kimi korporasiyalardan gəlib. Bütün səylərə baxmayaraq, bu, kifayət deyil. "Bütöv bir sahə "GoFundMe"də pul toplaya bilməz. Amma toplayır", – yazıda deyilir.

Alternativlər

Ancaq müəllif yazır ki, alternativ var. Amerika teatrı əvvəl də böhranlardan keçib. Böyük Böhran dövründə Franklin Ruzvelt xüsusi Federal Teatr Layihəsinin yaradılması haqda sərəncam verib. Məqsəd teatrı ayaqda və ağır iqtisadi çətinliklər içində olan amerikalılara açıq saxlamaq idi. Dramaturq və rejissor Holli Flanaqanın rəhbərlik etdiyi layihə insanların teatra gəlməsini subsidiyalaşdırırdı. Biletlərin 2/3-si pulsuz, qalanı son dərəcə ucuz idi.

1935-ci ildə fəaliyyətə başlayan layihə federal hökumətin teatr tədbirlərinin təşkili sahəsində ən böyük və ən iddialı təşəbbüsü idi. Konqres Kitabxanasının internet səhifəsində layihənin fəaliyyət göstərdiyi illərdə teatr fəaliyyəti ilə bağlı vizual və audio materiallarla tanış olmaq mümkündür.

Müəllif yazır ki, hətta ən yaxşı günlərdə belə teatr bir çox amerikalılar üçün əlçatan deyil. Brodvey şoularının çoxuna biletlərin qiyməti 110 dollar ətrafındadır. Bu isə orta Amerika ailəsinin aylıq büdcəsinin ciddi hissəsini təşkil edir. Müəllifin özü fəhlə ailəsində böyüdüyündən bunu xüsusilə qeyd edir. Onun sözlərinə görə, əgər Ruzveltin təşəbbüsü olan Federal Teatr Layihəsi hələ də mövcud olsaydı, bu məhdudiyyətlər olmazdı. Layihə 1939-cu ildə sona çatıb.

Canlı strim, "Zoom"da tamaşa

Harrisin sözlərinə görə, teatr əməkdaşları əllərindən gələn hər şeyi edirlər. Tamaşaları təkcə əvvəldən çəkilmiş formada deyil, həm də canlı strim edirlər, "Zoom"da tamaşa oynayırlar və s. "Teatr formatında bu eksperimentlərin bəziləri həm heyrətamiz, həm də sənət baxımından məhsuldardır. Ancaq son nəticədə teatr yaxınlıq və etimad tələb edir. Bu isə auditoriya ilə eyni havanı udanda daha asan başa gəlir. Bunu isə heç birimiz, hətta vaksinlənmiş halda belə, hələ uzun zaman edə bilməyəcəyik", - o yazır.

"Amerikalılar pandemiya bitər-bitməz kinoteatrlara, canlı konsertlərə, tamaşa və müzikllərə axışmaq istəyəcəklər. Ancaq əgər biz canlı sənət səhnəsini yerində tapmaq istəyiriksə, indi hərəkət etməliyik. Digər ölkələr bunu anlayırlar. Ötən il Almaniya koronavirusun təsirlərinə cavab olaraq incəsənət sahəsində çalışan frilanserlərə və kiçik bizneslərə 54 milyard dollar məbləğində iqtisadi yardım ayırıb. Amerikanın öz tarixi isə bizə incəsənəti qorumaq üçün nələr etdiyimizi xatırladır. Biz indi də o zamankı qədər iddialı olmalıyıq. Zəmanəmiz ən azı bunu tələb edir", – yazıda deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG