Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:33

Cəbhəçi sədr polis şöbəsində olub


Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Lənkəran rayon şöbəsinin sədri Nazim Həsənov bu rayonun polis şöbəsinə aparıldığını bildirir.

Bu barədə N.Həsənov özü AzadlıqRadiosuna danışıb. Onun deməsinə görə, şöbəyə fevralın 9-u, axam saat 17 radələrində polis nəfərinin müşayiəti ilə aparılıb, iki saatdan çox orada saxlanıb, saat 20 radələrində evinə gətirilib: "Məni rəis müavini qəbul etdi. Saymazyana, məni dövlətə qarşı yazılar yazmaqda, dövləti devirmək istəyində suçladı. Mən də dedim ki, dövlət əleyhinə heç nə yazmamışam, biz hökumətə müxalifik. Əgər qanunsuz nəsə yazmışamsa, cavab verməyə də hazıram. Məni 5-10 sutka inzibati cəza ilə hədələdi. Mən də apardığımız mübarizədə geri çəkilmək niyyətində olmadığımızı söylədim. Başımı aşağı salıb "ağıllı" olmağımı istədilər. Bunun sonuncu xəbərdarlıq olduğunu dedilər".

O deyir ki, daha sonra rəis müavinin köməkçisi ilə də təqribən eyni məzmunlu söhbəti olub və bundan sonra sərbəst buraxılıb. N.Həsənov əlavə edib ki, baş verənlər ona təzyiqdir.

DİN-dən açıqlama

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan" agentliyinə deyib ki, N.Həsənovun açıqlaması əsassız və həqiqətdən uzaqdır: "Nazim Həsənovla polisdə profilaktik söhbət aparılıb və sonra sərbəst buraxılıb. Onunla bağlı polisdə hər hansı formada təhqiqat aparılmır".

Recommended

XS
SM
MD
LG