Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Gültəkin Hacıbəyli 85 min manatı ödəməsə...


G.Hacıbəyli
G.Hacıbəyli

Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin maşını və evi əlindən alına bilər. Bunun baş verməməsi üçün o, məhkəmə qərarıyla üzərinə qoyulmuş 85 min manat ödəmək öhdəliyini 10 gün ərzində yerinə yetirməlidir. Keçmiş deputata xəbərdarlıq edilib ki, Nəsimi rayon İcra şöbəsində onun haqqında məhkəmə qərarı üzrə artıq icraat başlayıb.

"Qızı şərti cəza ilə "mükafatlandırıldı""

Söhbət G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovanın iddiası üzrə çıxarılmış məhkəmə qərarından gedir. N.Məmmədova iddia edir ki, 2003-cü ildə G.Hacıbəyli evini onun vəsaiti hesabına təmir etdirib, amma xərclənmiş pulu qaytarmayıb. Onun 85 min manatlıq iddiasını Nəsimi rayon Məhkəməsi təmin edib. Apellyasiya və kassasiya instansiya məhkəmələri də bu qərarı qüvvədə saxlayıb.

G.Hacıbəyli AzadlıqRadiosuna bildirib ki, bu qərarlardan Avropa Məhkəməsinə şikayət edib. O, iddianın yalan, məhkəmə qərarlarının da qanunsuz olduğunu, siyasi sifarişlə çıxarıldığını deyir. Keçmiş deputatın sözlərinə görə, ona qarşı baş verənlər Azərbaycan hakimiyyətinin tənqidçilərə, qarşısında sınmayanlara münasibətindən qaynaqlanır: "Hakimiyyət məni cəzalandırmaq üçün bu ailədən maşa kimi istifadə edir. Nəhayət Məmmədovanın oğlu Mahmud Mehdiyev mənim üzümə durandan sonra prokurorluğa müstəntiq göndərildi. Qızı Aynur Mehdiyeva məhkəmənin hökmüylə insan alverində təqsirli bilinsə də, cəmi 1 il şərti cəza ilə "mükafatlandırıldı". Təsadüf deyil ki, iyunun 10-da Aynur Mehdiyeva tutulur, 11-də Nəhayət Məmmədovanın mənə qarşı 50 min dollarlıq məhkəmə iddiası ortaya çıxır".

Keçmiş deputatın ittihamlarına Mehdiyevlər ailəsindən münasibət almaq mümkün olmayıb. A.Mehdiyeva barəsində məhkəmə 2014-cü ildə 8 il 6 ay həbs cəzası müəyyən etsə də, onun ilk məhkumluğunu, qadın və üç azyaşlı uşağı olmasını nəzərə alaraq, 1 il sınaq müddəti olmaqla şərti cəza təyin etdi.

"Faktları ortaya qoyduq"

G.Hacıbəyli deyir ki, məhkəmə qərarlarında onun evi təmir etdirdiyi iddia olunan vaxt artıq M.Mehdiyevlə boşanmışdı, onun həm özü, həm də ailə üzvləri ilə münasibətləri də gərgin idi. O vurğulayıb ki, belə bir vaxtda keçmiş qayınanasının onun evini təmir etdirməsi də absurddur: "Biz bu iddianın yalan olduğunu təsdiqləyən faktları ortaya qoyduq. Amma məhkəmələr sifariş gəlmişdi deyə, heç bir əsaslandırma olmadan o sübutların heç birini nəzərə almadı".

Sözügedən məhkəmə iddiasına hələ birinci instansiya məhkəməsində baxılanda G.Hacıbəylinin həm evinin, həm də avtomobilinin üzərinə həbs qoyulub. İki ildir ki, avtomobil cərimə meydançasındadır. Keçmiş deputatın sözlərinə görə, bu iki il ərzində avtomobilin dəyəri baxımsızlığa görə ikiqat aşağı düşüb: "Məqsəd mənim evimi əlimdən almaqdır. Hakimiyyət bununla həm də öz daxilində mərkəzdənqaçmaya meylli olanlara mesaj verir ki, əgər mənə qarşı çıxsanız, sizi də ev-eşiksiz qoyaram".

"Ananın siyasi fəaliyyətinə görə..."

G.Hacıbəyli əlavə edib ki, hazırda 11-ci sinifdə təhsil alan oğlunun Avropada təhsilini davam etdirməsinə də əngəl yaradılır. Atasının razılığı olmadığına görə onun ölkədən çıxışına imkan verilmir. Məhkəmələr də G.Hacıbəylinin bu məsələ ilə bağlı şikayətlərini təmin etməyib: "Məhkəmələr 2014-cü il oktyabrın 24-də icra şöbəsinə məktub yazıb, uşaqla görüşmək istəmədiyini rəsmən bildirmiş ataya görə uşağın təhsilinin qarşısını alır. Ananın siyasi fəaliyyətinə görə uşağa qarşı bu cür davranırlar. Bunun adı faşizmdir. Bu məsələ ilə əlaqədar da Avropa Məhkəməsinə müraciət etmişik".

Mahmud Mehdiyev isə iddia edir ki, oğlu ilə görüşə anası icazə vermədiyi üçün Dövlət Sərhəd Xidmətinə ərizə verib, uşağın ölkədən çıxışıyla bağlı etibarnaməni ləğv etdirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG