Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 12:27

Füzuli rayonunda 7 nəfər saxlanıb


Füzuli rayonunun minalardan təmizlənməsi davam edir.

Füzuli rayonuna keçən 7 nəfər saxlanıb.

Bu barədə fevralın 5-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, dəfələrlə xəbərdarlıqlara baxmayaraq, hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə məlumatlar var: "... Fevralın 4-də Füzuli rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə əraziyə qanunsuz yollarla keçmiş 7 nəfər aşkar edilərək saxlanıb".

Məlumata görə, həmin şəxslər barələrində toplanmış materiallarla birlikdə Füzuli rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan 6 nəfəri barəsində 30 sutka inzibati qaydada həbs, 1 nəfər barəsində isə 150 manat cərimə tətbiq edilib.

Məsələyə, hələlik, həmin 7 şəxs və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Son günlər işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həm mülki insanlar, həm də hərbi qulluqçular arasında ölüm halları var.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona ( Füzuli rayonu daxil ) nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG