Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 02:41

Baş redaktorun həbsdə aclıq etdiyi bildirilir


P.Aslanov

xeberman.com saytının həbsdə olan baş redaktoru Polad Aslanovun fevralın 1-dən aclıq etdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, onun əsas tələbi məhkəmənin yekun qərarına qədər ev dustaqlığına buraxılmaqdır.

Dövlətə xəyanətdə suçlanan P.Aslanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il azadlıqdan məhrum edilib. Həmin hökmdən verilmiş şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Baş redaktor fevralın 1-də məhkəmədə aclıq aksiyasına başladığını bildirib və bu barədə ərizəsini hakimlərə təqdim edib.

Həyat yoldaşının sözlərinə görə, P.Aslanov saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə də həmin gün aclığa başlaması haqda ərizə verib: "Təcridxanada ona qarşı təzyiq yoxdur. Rəis onu aclıq fikrindən daşındırmağa çalışıb, səhhətini nəzərə almağı, apellyasiya məhkəməsinin nəticəsini gözləməyi tövsiyə edib. O isə aclığı davam etdirməkdə israrlıdır".

"İki tələbi var..."

P.Aslanovun çəkisinin hazırda 44 kiloqram olduğunu deyən həyat yoldaşı sağlıq durumundan narahat olduğunu vurğulayıb. G.Aslanova deyir ki, həm Penitensiar Xidmət, həm də Ombudsman Aparatı ilə əlaqə saxlayıb, həyat yoldaşından hər gün xəbər tuta bilməsi üçün şərait yaradılmasını istəyib. Onun istəyi nəzərə alınıb və P.Aslanova fevralın 1-dən bu yana hər gün ailəsi ilə əlaqə saxlamağa imkan verilir.

"Polad Aslanovun iki tələbi var - hələlik ev dustaqlığına buraxılmaq və məhkəmənin sonunda bəraət almaq. Deyir ki, ya təqsirimi konkret faktlarla sübut edin, ya da bəraət verin. O, həm də apellyasiya şikayətinə baxan hakimlərin dəyişməsini istəyir. Hesab edir ki, vaxtilə başqa siyasi məhbuslar haqqında ədalətsiz qərarlar vermiş tərkib onun işinə təsadüfən təyin edilməyib", - G.Aslanova belə deyir.

P.Aslanovun aclıq etməsi və hazırkı durumu haqda deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

P.Aslanov ötən il iyunun 12-də saxlanıb. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə suçlanır.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Baş redaktor ittihamı qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən DTX əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.

XS
SM
MD
LG