Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 11:22

Müharibədə həlak olanların yaxınları yenə yolu bağlamaq istədilər


Etiraz aksiyası. 27 yanvar 2021

İkinci Qarabağ müharibəsində həlak olanlardan 17-nin ailə üzvləri bu gün, yanvarın 27-də də yolu bağlamaqla etiraz aksiyası keçirməyə cəhd etdilər. Amma polis buna imkan vermədi. Onlar müharibədə həlak olan doğmalarının Bakı Ümumşəhər qəbiristanlığında (Qaradağ rayonu) dəfn olunmasından narazı qalıblar. Şikayətçilər vurğulayırlar ki, həmin qəbiristanlıq ucqar ərazidə yerləşir və bəzi qəbir yerlərindən su çıxır. Habelə bildirirlər ki, son aylar dəfələrlə şikayətlərini müxtəlif dövlət qurumuna çatdırıblar, amma nəticə olmayıb. İki gün əvvəl, yanvarın 25-də isə Bakıda yolları bağlayaraq bir müddət nəqliyyatın hərəkətini dayandırmışdılar. Dünən, yanvarın 26-da isə elə Ümumşəhər qəbiristanlığında toplaşaraq narazılıqlarını ifadə ediblər.

Onlar yaxınlarının nəşilərinin ya İkinci Fəxri xiyabanda, ya da Bakıda başqa bir münasib yerdə təkrar dəfn edilməsini istəyirlər.

Baş verənlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma şikayətçilərin demələrinə görə, əvvəl olduqları qəbullarda onlara müraciətlərinə baxılacağı ilə bağlı vədlər verilib.

Şikayətçilər aksiyaya cəhdin qarşısı alındıqdan sonra Yasamal rayon İcra Hakimiyyətinə yollanıblar. Onların həlak olan yaxınlarının Yasamal və Nəsimi rayonlarından xidmətə çağırıldığı bildirilir.

Yasamal rayon İcra Hakimiyyətində

Yasamal rayon İcra Hakimiyyətində şikayətçilər qəbul edilib. Amma qəbuldan çıxan bəzi şikayətçilər icra başçısı ilə görüşdən narazı qaldıqlarını söyləyiblər.

"Bizimlə ümumi söhbət oldu, tələb etdiyimiz məsələyə aydınlıq gətirilmədi. Sabah, yəni, yanvarın 28-də yenə də Yasamal rayon İcra Hakimiyyətinə gələcəyik, görək nə olur", - şikayətçilərdən biri vurğulayıb.

Başqa bir şikayətçinin deməsinə görə isə, onlara gələn həftənin üçüncü gününə (fevralın 3-ü) kimi bu məsələnin həll ediləcəyini deyiblər.

Bu açıqlamalara, hələlik, Yasamal rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG